Sərhədə səfər, okeanın o tayından xəbərdarlıq və atəş: - Ermənilər nəyə güvənir?

28-07-2021, 16:03           
Sərhədə səfər, okeanın o tayından xəbərdarlıq və atəş: - Ermənilər nəyə güvənir?
Son günlərdə Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyanla Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasındakı danışıqlar müzakirə mövzusudur.

Tərəflər arasında öncə telefon danışığı olsa da, iyulun 27-də onlar Moskvada görüşüblər. Lakin görüşün detalları hələ də açıqlanmayıb. Digər ciddi məqam isə müdafiə nazirləri arasındakı görüş baş tutduqdan sonra Kəlbəcər istiqamətində Azərbaycanın mövqelərinin atəşə tutulmasının daha da intensivləşməsidir.

Üstəlik onu da qeyd etmək lazımdır ki, 10 noyabr Bəyanatının və 11 yanvar razılaşmalarının pozulmasından əvvəl ABŞ-ın Yerəvandakı səfiri Kəlbəcərə gedərək son durumu müşahidə edib. O cümlədən ABŞ öz vətəndaşlarını Qarabağa getməməyə çağırıb.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Atlas Araşdırmalar Mərkəzinin siyasi analitiki, politoloq Samir Hümbətov söyləyib ki, tərəflər arasında ard-arda baş tutan görüş və danışıqlar Ermənistanda ordunun vəziyyətinin kritik durumunun göstəricisidir.

Politoloqun sözlərinə görə, İkinci Qarabağ savaşında həddən artıq əsgər itirən Ermənistan öz təmsilçisini də Rusiyaya yardım istəmək məqsədilə göndərib: “Rusiya da bu yardımı qəbul edib”.

Onun fikrincə, cəbhədə yaradılan gərginliyin arxasında böyük güclərin dayandığı şübhəsizdir:

“Sərhəddə gərginliyin artmasında həm Rusiya, həm ABŞ, həm də Fransa maraqlıdır. Amma təbii ki, daha çox Rusiya. Bununla iki ölkə arasında sülhə gedən yolu bağlamaq istəyir. Çünki regionda sülh olarsa, Rusiya bölgəni tərk etməli olacaq”.

Samir Hümbətov bildirib ki, Rusiya öz məqsədinə çatmaq üçün Ermənistan daxilində də vəziyyəti gərginləşdirməyə çalışır:

“Çox güman ki, Paşinyanın Rusiya səfərində məqsəd kabinetə kimlərin seçiləcəyi ilə bağlı siyahını dəqiqləşdirmək olub”.

Politoloqun qənaətincə, Rusiya arabir təxribatlar törədərək mümkün olduğu qədər bölgədə sülhün yaranmasına imkan verməyəcək. Onun sözlərinə görə, ABŞ-ın Yerəvandakı səfirinin cəbhəyə gəlməsi də dolayısı ilə Ermənistana dəstək xarakterli olub, münaqişəni təzədən alovlandırmaq məqsədi daşıyır:

“Həmçinin ATƏT-in Minsk qrupunun “ölmüş” fəaliyyətini “diriltmək”, öz nüfuzunu artırmaq, regionda Türkiyəni çıxışdırmaq məqsədi güdürlər. Dünya siyasətində Amerika ilə Rusiya bir-birinə tərs olsa da, Qarabağ məsələsində həm Amerikanın, həm Fransanın, həm də Rusiyanın sözləri üst-üstə düşür”.

Samir Hümbətov deyib ki, baş verən proseslərin arxasında birbaşa olaraq Rusiya, Fransa və ABŞ dayandığından, Azərbaycan- Ermənistan sərhədində gərginlik bundan sonra da artacaq:

“Lokal xarakteri toqquşmaların olması da gözlənilir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri hər zamankı kimi buna hazırlıqlı vəziyyətdədir. Əgər bu, baş versə, Ermənistan üçün heç də xoş nəticələrlə sonlanmayacaq”.

Politoloq sonda daha bir maraqlı məqama toxunub. Onun qənaətincə, Ermənistanla Rusiya vəziyyəti gərginləşdirərək Zəngəzur dəhlizi məsələsini təxirə salmaq niyyətindədirlər:

“Onlar Minsk qrupunu diriltməklə status məsələsini qaldırmaq istəyirlər. Bu hadisələr də Prezident İlham Əliyevin status məsələsi ilə bağlı çıxışından sonra artdı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.