“Rusiya Azərbaycanı təkləmək istəyər, amma...” - GƏLİŞMƏ

29-07-2021, 09:08           
“Rusiya Azərbaycanı təkləmək istəyər, amma...” - GƏLİŞMƏ
44 günlük II Qarabağ savaşındakı qələbəmizdən və 10 noyabr bəyanatından sonra hər kəs Azərbaycan-Türkiyə-Rusiya üçlü formatının yaradılacağını düşünürdü. Amma bu hər hansı bir bəyannamə ilə rəsmiləşdirilmədi. Buna dair mediada və sosial şəbəkələrdə müzakirələr yaranıb.

Məlum olduğu kimi, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu üç dövlət birgə çalışdı, bərabər fəaliyyət göstərdi. Hətta Ağdamdakı Monitorinq Mərkəzində də Rusiya ilə Türkiyə hərbçiləri eyni sayda və eyni səlahiyyətdə təmsil olunurlar. 15 iyunda Şuşa Bəyannaməsi imzalanarkən Ərdoğan Putinin adını çəkdi, Rusiya Prezidentinin Qarabağda sülhün yaradılması prosesində rolunun olduğunu söylədi. Müharibə zamanı və müharibə sonrası mərhələdə Rusiya Azərbaycan və Türkiyə ilə heç bir ziddiyyətə getmədi, əksinə, Azərbaycanın öz torpaqlarının əhəmiyyətli hissəsini azad etməsinə dəstək verdi. Putin ortaya birmənalı mövqe qoydu. Bütün bunlara rəğmən Moskva ittifaqlardan kənarda Azərbaycanla əməkdaşlıq edir.

Bu, Putinin öz istəyidir, seçimidir, yoxsa Türkiyə və Azərbaycanla razılaşdırılmış məsələdir?

Hazırda əsas sual budur.

Siyasi şərhçi Azər Hüseynov sualımıza belə cavab verdi: “Rusiyanın Azərbaycanla ikili ünsiyyətində iki səbəb ola bilər. Birincisi, Rusiyanın daxilindəki ”ikili qüvvələr"dir. Putin öz komandasındakı praqmatiklər və imperialistlər arasında oynamaq məcburiyyətindədir. İkincisi, üçlü formatda açıq işləməsi regionun digər oyunçusu İranı, eləcə də Rusiyada səhv axtaran Paşinyanı da qıcıqlandıra bilər. Digər tərəfdən, Amerikanın NATO üzvü ilə Rusiyanın Qafqazda üçlü formatı xoşuna gəlməz. Amma bütün bunlarla yanaşı, Rusiya elə Rusiyadır. Hələ ki bizə “bu bizim məkandır” gözü ilə baxanlar da var. Azərbaycan da bununla manevr edir. Rəsmi Bakı hər nə qədər bunu etsə də Türkiyə ilə sıx olmalıdır. Çünki Rusiya “fors majorlar” sənətkarıdır".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə düşünür ki, regionda yeni situasiya Türkiyə və Azərbaycan tərəfindən yaradılıb: “Rusiya bu ittifaq və güc mərkəzi ilə hesablaşmaq məcburiyyətində qalıb və onların yanında yer alıb. Pakistan da prosesə Azərbaycan və Türkiyə tərəfindən cəlb olunub. Pakistanın regionda fəallığı birmənalı şəkildə Ankara və Bakının istəyi ilə şərtlənir. Onun KTMT və Avrasiya İttifaqına meyllənməsi də təsadüfi deyil, yenə də əvvəl dediyimiz iki qardaş ölkənin dəstəyi ilə bağlıdır. Aydındır ki, regionda Türkiyə, Azərbaycan, Pakistandan ibarət ciddi güc mərkəzi formalaşır. Rusiyanın da onların yanında yer almaqdan başqa yolu qalmır. Şimal qonşumuzun Türkiyə ilə açıq və rəsmi ittifaqa getməməsindən narahat olmağa dəyməz. Türkiyə hələ ki NATO dövlətidir, Rusiya ilə münasibətləri müəyyən çərçivələr daxilində qurmalıdır. Əslində Türkiyə və Rusiya bölgədə razılaşdırılmış siyasət yeridir. Sadəcə bunu açıb ağartmırlar. Bu yanaşma hər iki tərəfi qane edir. Rusiyanın Azərbaycanla münasibətləri də Türkiyənin iştirakı, amma gözəgörünməzlik prinsipinə əməl etməklə davam edir. Rusiya Azərbaycanı təkləmək istəyər, amma bacarmaz. Türkiyə də, Azərbaycan da bunu gözəl başa düşür və bilirlər ki, hər ikisinin uğuru birgə hərəkətdən asılıdır. Ona görə də Rusiyanın onları təkləməsinə heç vaxt imkan verməzlər. Bütün məsələlər Azərbaycanla Türkiyə arasında razılaşdırılır, Rusiya isə onların qərarına qoşulur. Bu, bütün parametrlərdə özünü aydın şəkildə göstərir. Zəngəzurda baş verən son hadisələr ilk baxışdan nəzarətdən kənar proses kimi görünə bilər. Paşinyana elə gələ bilər ki, istədiyi hərəkətləri edir . Əslində onun hərəkətləri tələyə, qəfəsə salınmış siçanın onun ixtiyarına verilmiş məkan çərçivəsində o tərəf bu tərəfə qaçmasından başqa bir şey deyil. Heç Putin də onu qəfəsdən çıxarıb buraxmaq imkanında deyil. Hər şey nəzarətdədir, Azərbaycan və Türkiyənin cızdığı ”Yol Xəritəsi"nə uyğun davam etdirilir. Sonda sualınızın bir hissəsinə -"Rusiya Azərbaycana dəstək verdi" ifadəsinə münasibət bildirim ki, İkinci Qarabağ müharibəsində Rusiya bizə dəstək verməyib. Sadəcə, Türkiyə-Azərbaycan ittifaqının gücü ilə hesablaşaraq neytral qalıb, bir az da dəqiq desək. Ermənistana intensiv dəstək verməkdən çəkinib. Bu da bizim üçün kifayət edib. Rusiyanın bu “xidməti”ni də nəzərdə saxlamalıyıq".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.