Ermənistan Rusiyadan imdad dilədi: iki səfərin pərdəarxası - NƏ BAŞ VERİR?

29-07-2021, 10:26           
Ermənistan Rusiyadan imdad dilədi:
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Arşak Karapetyan arasında Moskvada görüş olub. Bu barədə “İnterfaks”a hərbi-diplomatik mənbələr məlumat verib. Görüşün detalları açıqlanmır.

Xatırladaq ki, görüşdən bir gün əvvəl də Karapetyanla Şoyqu arasında telefon danışığı olub. Bunun ardınca telefon danışığı qaneedici olmadığı üçün erməni müdafiə nazirinin birinci müavini Moskvaya vaxt itirmədən üz tutub.

Heç şübhəsiz ki, Azərbaycan tərəfi bu təmasları izləyir. Belə görüşlərdə bizi narahat edə bilən nəsə ola bilərmi? Bəlkə Rusiya Ermənistanın hərbi və siyasi rəhbərliyini ağıllı olmağa dəvət edir?

Siyasi şərhçi Əhəd Məmmədli bu səfərlərdən çıxardığı nəticələri belə şərh etdi: “Fikrimcə, bu, Ermənistanın istəyi ilə baş verir. Son günlərdə sərhəddə atışmalar baş verir. Azərbaycan Ordusu irəliləməkdədir. Doğrudur, bu qeyri-rəsmi məlumatdır, amma real da görünür. Yayılan informasiyalarda ermənilərin ara-sıra etiraflarına rast gəlirik. Son olaraq, üç hərbçilərinin itkisini açıqladılar. Erməni müdafiə nazirinin səfərindən sonra Şoyqu açıqlama verdi ki, təmas xəttində atəşkəs əldə olundu. Ermənilər bir daha ruslardan xahiş etdilər ki, Azərbaycan irəliləməsin.

Amma atəşkəsi də daim pozan ermənilərdir. Deyilir ki, bunlar Paşinyanın iradəsindən kənar baş verir. Bir versiya da var ki, bunları erməni baş nazir xarici havadarlarının tapşırığı ilə edir. Düşünürəm ki, Paşinyan bu yolla Azərbaycanın irəliləməsinin fonunda erməniləri sülhə məcbur etmək istəyir. Bununla Rusiyanın Ermənistana təsirlərinin azalmasına çalışır. Bunu Paşinyandan onu hakimiyyətə gətirən Qərbdəki himayədarları tələb edirlər”.

Politoloq Asif Nərimanlının qənaətincə isə Karapetyanın Moskvada Şoyqu ilə görüşü, ardınca birinci müavininin Rusiyaya yollanmasının iki mümkün səbəbi görünür: “Birincisi, Rusiyanın Ermənistan ordusunda baş verənləri anlamaq istəyidir. Karapetyan Vaqraşak Arutyunyanı əvəz etdi. Arutyunyan Rusiyanın əsas adamlarından biri idi və hələ Tovuz döyüşlərindən sonra Paşinyan onu özünə müşavir təyin etmişdi. Məqsəd Rusiya ilə əlaqələri gücləndirmək idi. Müharibədən sonra isə Paşinyan Vaqraşak Arutyunanı müdafiə naziri təyin etdi. Əslində Paşinyanın dövründə Rusiya-Ermənistan əlaqələri diplomatik kanallardan çox, hərbi kanallarla qurulur və Arutyunyan bu əlaqələrdə əsas fiqur idi. Arutyunyanın postundan getməsindən sonra gözlənilən idi ki, o, Təhlükəsizlik Şurasının katibi təyin edilsin, lakin hələ ki bu təyinat baş tutmayıb. Görünür, Moskvada əlaqələrin qırıldığını müşahidə edirlər, yaxud qırılma riskini görürlər və Karapetyanın Şoyqu ilə görüşü Rusiyanın hərbi kanallarla əlaqələrin davam etdirilməsi məqsədi daşıyır. İkincisi sərhədlə bağlıdır. Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində Rusiya hərbçilərinin yerləşdirilməsi gündəmdədir. Paşinyan hələ seçkidən öncə təklif edirdi ki, bu əraziyə - Zod yatağından Xəzinəvar kəndinə qədər olan xətt üzrə Rusiya hərbçiləri, yaxud ”beynəlxalq müşahidəçilər" yerləşdirilsin, delimitasiya prosesi bundan sonra həyata keçirilsin. Məlumatlar var idi ki, Vaqraşak Arutyunyanla Şoyqu Rusiya hərbçilərinin bu bölgəyə yerləşdirilməsi üzərində işləyir. Lakin Arutyunyan postudan uzaqlaşdırıldı və ardınca Kəlbəcər istiqamətində erməni təxribatı intensivləşdi. Ermənistanın məqsədi sərhədlərin delimitasiyası prosesində və gündəmdə olan sərhəd müqaviləsində Moskvanın dəstəyini əldə etməkdir. Dövlət sərhədində təxribat hücumları ilə KTMT və Rusiyanın öhdəliyini gündəmə gətirir, həm də bilir ki, Rusiya bu məsələdə indiyə qədər olduğu kimi, bundan sonra da neytral qalacaq. Məhz bu neytral qalmağının əvəzinə sərhədlərin müəyyənləşməsi məsələsində rusların Ermənistana dəstək verməsinə nail olmağa çalışır. Karapetyanın Moskvada olduğu vaxt Kəlbəcər istiqamətində təxribat hücumlarının güclənməsi də buna hesablanıb. Paşinyan əvvəldən irəli sürdüyü təklifin qəbul edilməsinə çalışır, yəni tərəflər əvvəlki mövqelərinə çəkilir, bölgəyə Rusiya hərbçiləri yerləşdirilir və bundan sonra delimitasiyası prosesi yerinə yetirilir. Karapetyan-Şoyqu görüşündə bu məsələnin müzakirə edildiyi istisna deyil. Baş verən toqquşmalardan sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edildi. Gözləniləndir ki, bölgəyə Rusiya hərbçilərinin yerləşdirilməsi prosesi başlanılsın, ardınca delimitasiya məsələləri icra olunsun. Fikrimcə, proseslərin inkişafı bizim maraqlarımız kontekstində cərəyan edir. Çünki Rusiya hərbçiləri Azərbaycan ərazisində yox, Ermənistan ərazisində sərhəd boyunca yerləşdiriləcək və ardınca həyata keçiriləcək delimitasiya prosesinin yekununda Moskvanın vasitəçiliyi ilə sərhəd müqaviləsi imzalanacaq. Sərhəd müqaviləsinin imzalanması Azərbaycan və Ermənistanın dövlət sərhədlərini qarşılıqlı tanıması və İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanınması deməkdir. Ermənistanın təxribatlarının arxasında proseslərin bu istiqamətdə inkişafının qarşısını almaq hesablanıb. Lakin İlham Əliyev-Putin görüşü və bu məsələlərdə Moskva ilə Bakının mövqelərinin üst-üstə düşməsi İrəvanın istədiyinə nail ola bilməyəcəyini deməyə əsas verir".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.