Rusiyadan daha bir qadağa: - “Azərbaycana siyasi təzyiq edir”

29-07-2021, 15:41           
Rusiyadan daha bir qadağa: -
Rusiya zaman-zaman Azərbaycana qarşı müəyyən təzyiq rıçaqlarından istifadəyə səy göstərir.

Bu dəfə isə Rusiya təzyiq vasitəsi kimi kartof ixracından istifadə etməyə çalışır. Belə ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə videoformatda keçirilən görüşün yekunları üzrə yaydığı məlumatda bununla bağlı xəbərdarlıq yer alıb. Məlumatda xüsusi olaraq qeyd olunub ki, Rusiya Federasiyasına göndərilən məhsullara nəzarət gücləndirilməsə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan kartof ixracına qadağa qoya bilər.

“Rosselxoznadzor” Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartofların aşkarlandığını bildirib. “Rusiya tərəfi xəbərdarlıq edib ki, bu hal təkrarlanarsa, Azərbaycandan kartof ixracına müvəqqəti məhdudiyyətlər tətbiq etməli olacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundən əvvəl Rusiya Azərbaycandan pomidor idxalına qadağa qoymuşdu.

"Fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır",-deyə pomidor idxalına qadağa tətbiq olunmuşdu. Xatırladaq ki, hazırda 152 Azərbaycan müəssisəsi Rusiyaya pomidor ixrac etmək hüququna malikdir. “Rosselxoznadzor”un kartofla bağlı qadağa məlumatında həmçinin qeyd olunub ki, tərkibində zərərli maddələr olan pomidor ixrac edildiyi halda həmin müəssisənin icazəsi birdəfəlik ləğv olunacaq. Nəzərə alsaq ki, Azərbaycan MDB ölkələri arasında ən çox mal və məhsul ixrac etdiyi ölkə məhz Rusiyadır,şimal qonşumuz bu qadağalardan bir növ təzyiq mexanizmi kimi istifadə edir.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiya bu cür qadağalarla siyasi, iqtisadi təzyiqlər edir:

“Əslində, Rusiya ilk dəfə deyil ki, belə addım atır. Bu, tək Azərbaycanla bağlı deyil, Rusiyanın hər hansı sərhədyanı ölkələrlə siyasi, iqtisadi maraqları toqquşarsa, Rusiya hər zaman bu “sərhəd kartı”nda istifadə edir. Azərbaycanla bağlı keçən ildən pomidor, alma, ərik, indi isə kartofla bağlı belə qərarın verilməsi cəhdi daha çox təzyiq vasitəsi kimi qiymətləndirilməlidir. Rusiya tərəfi yaxşı başa düşür ki, Azərbaycan bu bazardan çox asılıdır.

Təəssüf ki, biz çoxşaxəli ixrac modelinə keçə bilmədik. Kənd təsərrüfatı məhsullarının böyük hissəsi Rusiyaya ixrac olunur. Ona görə də Rusiya bu bazar üstünlüyündən istifadə etməyə çalışır. Azərbaycana müxtəlif məsələlərlə bağlı təzyiqlər göstərmək üçün məhsulların sərhəddən buraxılması məsələsində problemlər yaradır. Elə onun nəticəsidir ki, uzun illərdir Azərbaycanın ixracında daha çox gəlir gətirən pomidor keçən ildən başlanan problemlərə görə xeyli azalıb. Bu da Azərbaycandakı fermerlərə çox böyük ziyan vurub.
Rusiya da başa düşür ki, narazılıq yaradır, ölkədə on minlərlə insan Rusiya bazarı üçün çalışır. Sərhəddə yaranan problemlər isə narazılığa səbəb olur deyə hökumət tez addımlar atmağa çalışır ki, bu narazılıq da aradan qalxsın. Ona görə də Rusiya bundan istifadə edir”.

Ekspert əlavə edib ki, Azərbaycan fermerləri də artıq beynəlxalq standartlara uyğun məhsul istehsalına, qablaşdırmaya, hazır məhsul ixracına daha çox diqqət ayırmalıdır:

“Rusiya bazarından asılılığın azaldılması üçün də bu vacibdir. Çünki biz Avorpa və digər bazarlara çıxmağa cəhd etsək, onsuz da müxtəlif sertifikatlar, qablaşdırmalar və analizlərin müsbət cavablarını istəyəcəklər. Ona görə də biz bunu öyrənməliyik. Demək olar ki, hər il bu problem baş verir, amma Azərbaycan tərəfindən sertifaklaşdırma, qablaşdırma ilə bağlı irəliləyiş olmur. Bu problemi də həll etməliyik ki, Rusiya bazarından asılılığımızı azalda bilək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.