Kreml bu istiqamətdə hücum hazırlayır
8-03-2016, 09:57
“Qazprom”la savaşın ilk mərhələsi qələbə ilə başa çatıb.
Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında Mərkəzi Bankın eks-rəhbəri Roman Qoçiridze söyləyib. Onun sözlərinə görə, Moskva növbəti hücumu “Kavkasus onlayn”ın “Vimpelkom” tərəfindən alınmasıyla edəcək:
“Bu insanlar ölkə üçün təhlükə yaradıblar. Onlar mənasız danışıqlar üçün böyük pullar xərcləyib, ölkə daxilindəki insanları həyəcanlanmağa məcbur ediblər. Hökumət Gürcüstanın beynəlxalq imicinə ziyan vurub. İndi arxayınlaşmaq lazım deyil. Rusiyanın yeni strategiyası çoxlu böyük və kiçik gərginlik nöqtələri yaratmaqdır. Bir azdan “Kavkasus onlayn”ın alınması üçün “Vimpelkom” şirkəti hücuma keçəcək. Ən pisi odur ki, biz bu mübarizədə yalnız indiki hökumətə güvənirik”.
Qeyd edək ki, “Kavkasus onlayn” şirkətinin səhmləri bir müddət öncə satışa çıxarılıb. Hazırda kompaniya uğrunda iki şirkət - “Maqtikom” və “Vimpelkom” mübarizə aparır. “Maqtikom” Gürcüstan-ABŞ şirkəti hesab edilir. “Vimpelkom” isə Rusiyanın “Bilayn” şirkətinin törəməsidir.
“Kavkasus Onlayn” şirkəti Gürcüstanın internet tranzitinin 61%-nə nəzarət edir. O, həmçinin, Qara dənizin dibi ilə Gürcüstana Avropadan gələn 1200 kilometrlik internet xəttinin sahibidir. Məhz bu kabel vasitəsilə Ermənistanın 85%-i, Gürcüstanın 55%-i, Azərbaycanın isə 50%-i internetlə təmin edilir.
Gürcüstan üçün önəmli məqamlardan biri də ölkənin enerji bazarının diversifikasiyası idi. Buna görə Tiflis “Qazprom”la danışıqlara başlamışdı. Ölkənin qaza olan tələbatını ödəyən SOCAR-la yenidən razılaşan Gürcüstan məhz bundan sonra Rusiyadan əlavə qaz alınması fikrindən imtina etdi. Gürcüstanın enerji bazarı uğrunda savaşdan qalib çıxan SOCAR Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bir məntəqənin yenidən “Qazprom”un nəzarətindən yayınmasına şərait yaratdı.