Azərbaycan vətəndaşlarına kütləvi deportasiya təhlükəsi...
8-03-2016, 09:59
“Maddi çətinliklər və işsizlik üzündən Dağıstana satmaq üçün əzaq dalıyca gedirdim. On günlük fasilədən sonra eyni səbəbdən Rusiya ərazisinə təkrar dönmək istəyəndə Azərbaycan sərhəd keçid postundan bildirildi ki, Rusiyadan iki illik deportasiya olunmuşam”.
Bu fikirləri Seyidli Nazir adlı Azərbaycan vətəndaşı Bizimyol.info-ya müraciətində bildirilib.
Qeyd edək ki, o nə sərhəd keçid məntəqəsində, nə də Azərbaycanın digər aidiyyatı orqanlarında vəziyyətinə dair məlumat əldə edə bilməyib. Çünki deportasiya qərarı Azərbaycana deyil, Rusiya tərəfinə aiddir. Azərbaycan sadəcə verilən qərara uyğun olaraq vətəndaşa bu barədə məlumat çatırıb və ölkədən Rusiya ərazisinə gedişinə icazə verilmədiyini bildirib. Həmsöhbətimiz deyir ki, o, bu problemlə üzləşən yeganə Azərbaycan vətəndaşı olmayıb. Eyni vaxtda xeyli adama iki və ya üç il müddətinə Rusiyadan deportasiya olunduğu bildirilib. Həmsöhbətimiz eyni zamanda qeyd edib ki, Rusiya-Azərbaycan sərhəd keçid məntəqəsində vətəndaşlar saatlarla gözləməli olur, incidilir, müxtəlif problemlərlə üzləşirlər. Hələliksə məsələyə rəsmi açıqlaması olan yeganə qurum Dövlət Gömrük Komitəsidir.
Belə ki, Dövlət Sərhəd Xidmətindən heç bir açıqlama verilməsə də Gömrük Komitəsi sərhəddəki vəziyyətin özünə aid hissəsinə aydınlıq gətirib. Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, gömrük-keçid məntəqələrinin əsas təyinatı sərhədkeçmə prosesində insanların rahat, təhlükəsiz və sürətli keçidini təmin etməkdən ibarətdir: "Lakin, bu məntəqələrdən keçən vətəndaşların sayı bəzən normadan 2-3 dəfə çox olur. Belə ki, xarici ölkələrə mütəmadi olaraq səyahət edən bir qrup şəxs əksər hallarda gömrük sərhədini kommersiya məqsədilə tez-tez keçirlər. Əsasən xırda ticarətlə məşğul olan bu şəxslərin kommersiya məqsədilə gətirdikləri malları özlərinin şəxsi istehlak məhsulları kimi təqdim edərək, gömrük vergi və rüsumlarından yayındırmaqla keçirməyə çalışmaları gömrük-keçid məntəqələrində gərgin iş rejiminə, yoxlamalara, əlavə vaxt sərf olunmasına və nəticədə də bəzən nisbi sıxlıqların yaranmasına səbəb olur. Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər".