İndi də AXCP-Fazil Mustafa deyişməsi
9-03-2016, 01:44

AXCP sədri Əli Kərimlinin özünü ifşa ilə nəticələnən məlum paylaşımı ətrafında söz-söhbət davam edir.
Belə ki, Milli Quruluş Partiyasının sədri Fazil Mustafanın Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərliyə dəstək olması Kərimli dəstəsinin topları onun üstünə çevirməsi ilə nəticələnib. F.Mustafa Feysbukda yazdığı statusunda bildirib ki, REAL təşkilatının təmsilçisi N.Cəfərli ilə dünyagörüşü, proseslərə baxışı fərqlidir: "Amma adam AXCP-nin hamamın yanında yaşadığına görə təmiz sayılan liderinin diletantcasına yazdığı statusa dəqiqləşdirici izahat verib, cavabında bu debil, qaragüruh sürüsü adını qoyublar ki, Natiq Cəfərli hakimiyyətə işləyir. Mən elə bilirdim ki, bunlar əsasən bizim haqqımızda belə böhtanları yaymaqla məşğuldurlar, sən demə, kim nəyəsə irad bildirirsə, o zaman dərhal hakimiyyətə işləmək versiyası gündəmə gəlir. Ara-sıra onların statuslarında İsa Qəmbərin də, Rauf Arifoğlunun da hakimiyyətə işləməsi barədə əminliklə yazılmış rəyləri oxuyuram. Ancaq ümumiləşdirmə aparanda görürsən ki, "hakimiyyətə işləmək" meyarı kimi bu cahillər bizim üçün Milli Məclisdə təmsil olunmağı əsas götürürlər. İndiyədək nə Natiq Cəfərli, nə də İsa Qəmbər, nə də Rauf Arifoğlu şəxsən Milli Məclisdə təmsil olunmayıblar. 1995-ci və 2000-ci illərdə AXCP adı ilə Milli Məclisdə təmsil olunanların hansı tamaşada hansı rol oynadığını isə bu yaxınlarda YAP təmsilçiləri yerinə və ünvanına qədər açıqladılar. Açıqlayandan sonra sözün doğrusu, bu hakimiyyətlə separat danışıqlar aparmış keçmiş cəbhəçi dostlarımıza bir az simpatiyam artdı. Adamlar o zaman YAP-ın qarşısında əsil vətənpərvər tələb qoyublar: Parlamentdə bizə yer ayırmanıza və "Müsavat"ı kənarda qoymanıza bir şərtlə razılıq veririk ki, görüş "Xankəndi" adını daşıyan restoranda keçirilsin. Yəni demək istəyiblər ki, biz hansı əyri işə qol qoysaq da, Qarabağı unuda bilmərik. Bax budur e, vətənpərvərlik nümunəsi. Mandat öz yerində, Qarabağ məsələsində bir addım da geri çəkilmə ola bilməz. Məhz "Xankəndi"ndə görüş olmalıdır... Ən maraqlısı da budur ki, "hakimiyyətə işləyən" REAL təşkilatının rəhbəri illərdir həbsdədir, hakimiyyətlə savaşan AXCP təşkilatının rəhbərinin illərdir həbs olunmama qarantiyası var... Ona görə də el arasında əbəs yerə demirlər ki, varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz. İfadəni üzrlü sayın, yerinə düşdüyünə görə yazmaq məcburiyyətində qaldım".
AXCP Gənclər Komitəsi sədri İlham Hüseynin statusa təhqiramiz şərh yazması millət vəkilini daha da hiddətləndirib və deputatın onu dostluqdan silməsi ilə nəticələnib: "İndicə AXCP Gənclər Təşkilatının üzvü kimi profilində təqdimat verən İlham Hüseyn adlı birini yazdığı sayğısız fikrə görə dostluqdan qovdum. Həqiqətən mənim üçün anlaşılmayan bir cəhət var: ağlı 1993-cü ildə qalan, vücudu 2016-cı ildə olan bu adamlar mənə dost deyillər, hətta düşmən münasibət bəslədiklərini də gizlətmirlər, ancaq hansısa formada dostluğuma daxil olurlar. Mən dost saymadığım kimsənin səhifəsində yer almağı öz şəxsiyyətimə sığışdırmaram. Şəxsiyyətinizə hörmət edirsinizsə, yalandan agent kimi dostluğumda olmanızı özünüzə necə rəva görürsünüz? Aradabir də tikanlı şərhlər yazaraq bizə qarşı olduqlarını göstərməyə çalışırlar".
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı şərh yazaraq bildirib ki, 1995-ci ildən bu günə kimi Əli Kərimlinin yürütdüyü siyasət xəyanət, nifrət, düşmənçilik, qəzəb və s. üzərində qurulub: "O, 2016-cı ildə də öz peşəsindən əl çəkmir. Necə deyərlər, qozbeli qəbir düzəldər. O düzələn deyil! Bir neçə gənci də özünə "oxşada" bilib".
Anar Hacıyev adlı şəxs isə bəzi müxalifətçilərin əsil provokasiya ustası olduqlarını qeyd edib: "Onlara tribuna versən, bəlkə də çox qısa müddətdə ölkəni Suriyaya döndərərlər. Liviyada məlum hadisələr başlayanda Əli Kərimlinin heyranlarından olan bir dostuma dedim ki Qəddafinin yerinə olsam, kütləni qızışdıran 5-10 nəfər adamı zərərsizləşdirərəm və milyonlarla insan, vətən xilas olar. Dostum o zaman mənə elə qəzəbləndi ki, hətta damarları göründü. Məlum nəticə baş verdikdə, səhvini başa düşdü. Amma artıq gec idi. Gərək səhvlərini zamanında görəsən. Bəzi siyasətçilərdə idarə etmək, öndə getmək hirsi var. Mən razıyam, bu hiss fitridir, Allah verib, bunu inkar etmək olmaz. Amma bu hissi nəzarətdə saxlamaq lazımdır ki, sonda insanları özünə kölə etməyəsən, onların taleyi ilə oynamayasan".
Millət vəkili F.Mustafa digər bir statusunda isə yanındakı uşaqları təlimatlandırıb ona qarşı replika atdıranlara, yazı yazdıranlara yazığı gəldiyini bildirərək yenə də AXCP rəhbərliyini "iynələyib": "Bunlar hələ də anlamırlar ki, 17 il öncə olduğu kimi onlarla qəzetləri və köşə yazarları ilə bir məqaləmin qarşısında duruş gətirə bilmədikləri kimi, indi də duruş gətirə bilməzlər. Mən AXCP-nin üzvü olmuşam, ancaq öz partiyamın maraqlarını heç vaxt hakimiyyətə satmamışam. Bircə faktınız varsa, ortaya qoyun. İndi də Böyük Quruluş Partiyasının başqanıyam və partiyamızın maraqları nəyi tələb edirsə onu da edirəm və məni iqtidarın maraqları qətiyyən maraqlandırmır. Bu gün partiyamızın qərarı və marağı tələb edir ki, parlamentdə təmsil olunum və bu tribunadan xalqımın mənafeyi üçün istifadə edim, bunu da etməyə çalışıram. Çox yaxşı bilirsiniz ki, istənilən demokratik seçkidə, istənilən debatda ən bərk gedəninizin dizini yerə qoymağa Allahın köməyi ilə gücüm və iradəm çatar. Ancaq şərəfdən, xəyanətdən danışan özlərini cəbhəçi adlandıran məxluqların qarşısına konkret sual qoyuram ki, bu gün dürüstlüyünü gözə soxduğunuz liderləriniz cəbhəyə də, ideallara da xəyanət edərək hakimiyyətlə sövdələşməyə gedərək parlamentdə yer qazanıblar, başqalarına çamur atmaq yerinə bunu cavablandırın, mənə cavab verirlər ki, bəs sən necə olub ki, parlamentdəsən? Bunun cavabını öz lideriniz vaxtilə televiziyada məhz belə bir suala cavab verərkən demişdi: "Nə edim ki, sizləri deyil, məni seçiblər". Bu cavabı xatırlasanız, bir daha belə suallarla kimsəyə müraciət etməzsiniz"./kaspi.az