Öz konstitusiyasını unudan İran: Biz müsəlman deyilik?

8-10-2021, 07:18           
Öz konstitusiyasını unudan İran:
Bizim hər şeydən xəbərimiz var. İranın ölkəmizə qarşı zaman-zaman sərgilədiyi ikili münasibətlərdən də xəbərdarıq. 1-ci Qarabağ müharibəsi zamanı tanklarına tökmək üçün ermənilərə yanacaq, bizə qaloş göndərməyindən də. Ermənistan üçün nəfəsliyə çevrilməyindən də. Atəşkəs dövründə işğal edilən rayon və kəndlərimizi necə talamağından da. İctimai obyektlərin, yaşayış binalarının, mədəni abidələrin sökülüb, hara daşındığından da. Qarabağda yetişdirilən terrorçulardan, narkotik plantasiyalarından da.

Ondan da xəbərimiz var ki, İran Konstitusiyasının 152-ci maddəsinə əsasən, bütün müsəlmanların hüquqlarının müdafiəsi ölkənin xarici siyasətinin əsas prinsiplərindəndir. Əsas Qanunun 154-cü maddəsi isə dünyanın istənilən yerində məzlumların dəstəklənməsini nəzərdə tutur. Ancaq bu maddələr nə Azərbaycan torpaqları işğala məruz qalanda da, nə də işğaldan azad ediləndə nədənsə İranın yadına düşmədi. Qarabağı islam torpağı hesab etdiyini deyən İran illər uzunu bütün insani hisslərdən kənar, vəhşiliyə və barbarlığa adət etmiş Ermənistanın bu torpaqları murdarlamasına göz yumdu. Əslində göz də yummadı, ermənilərə çox şeydə şəriklik etdi.

Bizim xəbərdar olduğumuz bütün bu məyusedici məqamlardan dünyanın da xəbəri var. Məsələn, Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da İranın özünü Azərbaycana münasibətdə konstruktiv aparmadığını deyir.

“Əvvəla, biz Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il ərzində qaçaqmalçılığı görmüşük. On illərlə davam edən bu qaçaqmalçılıq zamanı İrandan yüklər Qarabağdakı separatçı rejim istiqamətində göndərilməyə davam edib. Azərbaycan torpaqlarını işğaldan azad edəndən və orada hüquqi prosedurları həyata keçirəndən sonra İran yük avtomobillərinin Azərbaycanın gömrük rüsumlarına cəlb edilməsi əvvəl Ermənistanın, daha sonra isə İranın kəskin etirazına səbəb olub. Düşünürəm ki, bu gün Ermənistan elitası İran kartını oynayır ki, Bakı və Tehran bir-biri ilə toqquşsun, iki ölkə arasında münasibətlər çətinləşsin. Bütün hallarda düşünürəm ki, İran rəhbərliyində ağıllı məntiq emosiyalar üzərində üstünlük təşkil edəcək. İran anlamalıdır ki. Azərbaycanla konfrantasiya ona tamamilə heç bir divident gətirməyəcək. İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi təxribat xarakteri daşıyır. Azərbaycanın həmin əraziləri Ermənistanın işğalı altında olanda, İranın heç vaxt Azərbaycanla sərhəddə təlim keçirdiyini görməmişdik. Azərbaycan işğal altındakı ərazilərini azad edən kimi İran silaha əl atmağa cəhd etdi. Bu, bir daha göstərir ki, həmin təlimlər təxribat xarakteri daşıyır”.

Bəs rəsmi Tehran bütün bunları niyə edir?

Deputat Sahib Aliyevin sözlərinə görə İrandakı bəlli çevrələr Azərbaycanı özləri üçün təhdid hesab edirlər. Bu səbəbdən güclü Azərbaycanı görmək istəmədiklərini anlamaq mümkündür. İranın öz Konstitusiyasının uyğun bəndlərini pozduğuna gəlincə....

“Bir dövlət ki, öz adında olan İslam adına əməl etmir, həmin dövlətdən konstitusiyaya əməl etməsini gözləmək sadəlövhlük olardı. Əgər İran öz adında olan islam adına hörmət etsə idi, işğal altında olan 63 məscidin yerlə yeksan edildiyini, digər 2-də donuz, mal-qara saxlanıldığını bildiyi halda Ermənistana o cür dəstək göstərməzdi”.

Sahib Aliyev son günlər baş verənlərin fonunda İran Xarici İşlər Nazirinin Rusiyaya səfərinə də diqqət çəkdi.

“Bu səfərdən rəsmi Tehranın böyük gözləntiləri vardı. Ancaq gözləntilər özünü doğrultmadı. Ümumiyyətlə İran XİN başçısının Moskvada özünü aparması, Lavrovun onu yerində oturtması deməyə əsas verir ki, bu rejim qədim dövlətçilik ənənəsi olan İranı gülünc vəziyyətə salıb”.

Yaxşı, bizim İrana yamanlığımız dəyibmi?

Siyasi şərhçi Tural İsmayılov Azərbaycanın İranla bağlı mövqeyinin açıq və birmənalı olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycan bu günə qədər Türkiyə və Pakistanla müxtəlif hərbi təlimlər keçirib, ancaq bu təlimlərin heç biri İranla sərhəddə olmayıb. Üstəlik, bu günə qədər Azərbaycan İrana qarşı heç bir birləşmədə yer almayıb, öz ərazisindən qonşumuza qarşı kimlərinsə istifadəsinə icazə verməyib.

“İranın hətta öz Konstitusiyasının müsəlmanlarla bağlı bəndlərini pozaraq hansısa İran Əyalət mollalarının Azərbaycan haqqında əsassız fikirlər səsləndirməsi, İran Xarici İşlər Nazirinin həddini aşan fikirlər səsləndirməsi fonunda İran Azərbaycan əlaqələrinin gələcəyi də təhdid altına düşür. İranın Ermənistanla Azərbaycanı tərəzinin eyni gözünə qoyub dəyərləndirməsi İranın özünün səsləndirdiyi İslam həmrəyliyi və müsəlman qardaşlığı tezislərinin əksinədir. Moskvada İran XİN-nin səsləndirdiyi dırnaqarası bəyanatların və açıqlamaların isə heç bir əsası yoxdur”.

Bir suala da cavab tapmağımız lazımdı.

Görəsən İran Konstitusiyasının iki bəndinin pozulması normal şərtlər altında necə cəzalandırılır? Yəqin ki, İran cəza üsulları ilə dəyərləndirmiş olsaq, ən yüngül halda şallaq cəzası düşünmək olar. O zaman Xocalıda günahsız müsəlman körpələrin qətlinə, 60-dan çox məscidin dağıdılıb, donuz yuvasına çevrilməsinə, Gəncə, Bərdə kimi iri şəhərlərin terrora məruz qalmasına göz yuman, günahkar Ermənistanı tam gücü ilə müdafiə edən İran özünə neçə şallaq cəzası təyin etməlidir ki, az da olsa, günahını yusun?

Xələf Xələfov













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.