İran əvvəl özünü başqa cür aparırdı, indi isə... - Fyodorova
8-10-2021, 13:23

İran özünü destruktiv aparırmı? Düşünürəm ki, İran rəsmilərinin səsləndirdiyi sərt bəyanatlar, ilk növbədə, daxili auditoriyaya hesablanıb. Çünki hamı yaxşı başa düşür ki, münaqişə heç kimə lazım deyil. İran, sadəcə, münaqişə aparacaq halda deyil. Bu İranın bölünməsinə gətirib çıxara bilər.
Axar.az xəbər verir ki, bu fikirləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Orta Şərq Mərkəzinin eksperti İrina Fyodorova bölüşüb.
“İlin əvvəlində İranın əvvəlki hakimiyyəti özünü bir qədər fərqli aparırdı. Xarici işlər naziri Cavad Zərif Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından sonra regionun bütün əsas ölkələrinə “bəzi məqamları dəqiqləşdirmək” üçün səfər etdi. Nəqliyyat-iqtisadi əlaqələrin açılması əsasında çoxtərəfli əməkdaşlıq meydanı ideyası müzakirə olundu. Deyilirdi ki, əməkdaşlıq hamı üçün vacibdir. Əlbəttə ki, Azərbaycanla İran arasındakı münaqişə regionda qarşılıqlı əlaqələrin qurulmasını əngəlləyəcək. Lakin nəticədə, qarşılıqlı fəaliyyətin çoxtərəfli formatı önə keçirəcək. Çünki İranın başqa variantı yoxdur. Bu, yeganə variantdır ki, qarşılıqlı anlaşmaya gətirib çıxara bilər. Bu münaqişənin uzunmüddətli və tutarlı nəticələri olmayacaq. Tərəflər razılığa gələcək”, - deyə rusiyalı ekspert qeyd edib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Tehrana yeni hakimiyyət gələndə onların həm Ermənistanla, həm də İran daxilində güclü erməni diasporu ilə ciddi əlaqələri olub. Aydındır ki, Ermənistan İranı öz maraqları üçün istifadə etməyə çalışır.