İrana “diplomatik sillə”: - “Azərbaycan müdaxiləyə imkan verməyəcək”

8-10-2021, 18:34           
İrana “diplomatik sillə”: -
İranın ali rəhbəri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib. Bununla bağlı “Azad İran” “Telegram” kanalı İran mediasına istinadən xəbər yayıb.

İranın hərbi gücünün yüksək olduğunu iddia edən Hüseyn Əliyi deyib ki, İsrail ABŞ-ın bölgədəki məğlubiyyətindən sonra onun yerini doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır:

“İran buna imkan verməyəcək. Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”.
O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib:

“Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.

Mövzu barədə “Sherg.az”a danışan siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycanın İranı parçalamaq kimi bir marağı yoxdur.Politoloqun fikrincə, İranın ali rəhbərinin nümayəndəsi anlamalıdır ki, Azərbaycan qəbul etdiyi qanuna əsasən, başqa dövlətin ərazilərimizə müdaxilə etməsinə imkan verməyəcək:

“Deməli, bu adamların ümumiyyətlə, qanundan xəbəri yoxdur. Azərbaycanla ABŞ-ın hərbi sahədə hansısa əməkdaşlığı yoxdur və biz NATO-nun üzvü deyilik. Yalnız Türkiyə və Pakistanla hərbi əməkdaşlığımız var. Bunlar Azərbaycanın dövlət maraqlarına uyğun olaraq həyata keçirdiyi siyasətdir. Öz aləmlərində Azərbaycan və Türkiyəni təhdid edirlər, ancaq o qədər düşüncəsizdirlər ki, birdən-birdə guya 4 dövlətə meydan oxuyurlar. Azərbaycan-İsrail münasibətlərini yanlış təbliğ edirlər. Lakin bu gün İran parlamentində yəhudi kökənli şəxslər var. Bundan başqa indiyə qədər İran müsəlmançılıqdan danışır, amma Fələstin dövlətinin yaradılmaması ilə İsrailə çox yaxşı xidmət ediblər. Siyasi cəhətdən dəyərləndirsək, İran İsrailə gizli xidmət göstərir. Bunun başqa adı yoxdur.

Rəsmi Tehran elə düşünməsin ki, Azərbaycan şiə dövləti hesab olunur. Birincisi, cəmiyyətimizdə dini ayrı-seçkilik yoxdur. İkincisi, bizi şiə dövləti kimi nəzarətə götürəcəklərini düşünürlərsə, yanılırlar. Azərbaycan 21-ci əsr, İran isə 7-8-ci əsr səviyyəsindədir”.

Professorun sözlərinə görə, İran İslam dinini hörmətdən salıb və bu dini dünyaya terrorist kimi tanıdıb:

“İndi isə gəlib bizi təhdid edirlər. Əfqanıstan İranın başının bəlasıdır, Amerika heç nəyi uduzmayıb və böyük bir oyunçudur. İran elə düşünür ki, Amerika məğlub olduğu üçün, növbə Türkiyə və Pakistandadır. Görün, nə qədər geri qalıblar ki, hələ feodal təfəkkürü ilə düşünürlər. Ona görə də Xameneinin nümayəndəsi feodalizm dövründə idarəetmə metodu olan “silləni” gündəmə gətirib. “Sillə” diplomatiyası ilə danışan adamla diplomatik dildə əlaqə qurmaq qeyri-mümkündür. İran artıq bütün hədləri aşıb. Ancaq Azərbaycan İranın fundamental İslam əsasında irəli sürmək istədiyi bütün siyasətinə bələddir. Ona görə də özlərini yormasınlar, çünki nə Azərbaycana, nə Türkiyəyə, nə də Pakistana nəsə olacaq. Əfqanıstana gəlincə, bu ölkə Amerikanın hazırladığı yeni siyasi çevriliş yoludur. Bu da ilk öncə İranın başına bəla olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.