“AXC-nin varisiyiksə, o zaman 18 Oktyabrı - Müstəqilliyin Bərpası Günü elan olunması məntiqə uyğundur”
8-10-2021, 20:12

“İyirminci əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etməsinə baxmayaraq, ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay olub. Ötən əsrin sonunda 1991-ci ildə Azərbaycan ikinci dəfə yenidən müstəqilliyini əldə etdikdən sonra müstəqilliyin qorunub saxlanılması heç də asan olmayib.
Ötən əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin tərkibindəki respublikalarda milli özünüdərk proseslərinin sürətləndirilməsinin qarşısını almaq üçün Moskva respublikalarda mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi “parçala, hökm sür” siyasətinə üstünlük verərək milli zəmində münaqişələri qızışdırıb xalqlar arasında qanlı nifaq salmağa başladı. Kreml üçün mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün erməni millətçilərinin əli ilə uydurma “Dağlıq Qarabağ problemini” qızışdırdı. Düzdür, Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər. Ermənilər Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə aksiyalara başladı. 1987-ci ilin sonları və 1988-ci ilin əvvəlindən etibarən İrəvanda, Xankəndində erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başlanıldı. İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda öz dədə-baba yurdunda yaşayan Azərbaycan türkləri oldular. Aksiyaların keçirilməsi ilə paralel olaraq hakimiyyət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilməyə başlandı. Bu proses təkcə Ermənistan ərazisində deyil, Azərbaycanın ermənilərin kompakt məskunlaşdığı Qarabağda da baş verdi. O zaman hər iki respublika SSRİ-nin tərkibində olsa da, Moskva ermənilərin bu vəhşiliyinə laqeyd yanaşıb, əksinə onlara hərəkətlərinə haqq qazandırdılar. Bu da haqlı olaraq Azərbaycan vətəndaşlarının haqlı narazılığına səbəb oldu. Azərbaycanda insanlar baş verənlərə etirazını bildirərək meydanlara çıxdı. Bu proses nəticə etibarı ilə milli-azadlıq mübarizəsinə çevrildi. Müstəqillik uğrunda mübarizə 1991-ci ilin oktyabrında Azərbaycanın yenidən müstəqilliyinin bərpası ilə nəticələndi”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Sabir Hacıyev deyib.
Onun sözlərinə görə, 1991-ci ilin oktyabrın 18-də Milli Məclis Azərbaycanın müstəqillik haqqında aktı qəbul edib, özünü 1918-1920-ci illərdə mövcud olan AXC-nin varisi elan edərək, o dövrün bütün dövlət atributlarını qəbul etdi. “Artıq Azərbaycanın müstəqilliyinin yenidən bərpasından 30 il bir müddət keçir və bu müddət ərzində dövlətimiz inkişaf edib, dünyanın güclü, qüdrətli ölkələrindən birinə çevrilib. Bu gün 90-cı illərin əvvəlindəki Azərbaycanla, 30 il sonrakı Azərbaycanı heç cür müqayisə etmək mümkün deyil. Bu ötən müddətdə Azərbaycan sürətlə inkişaf edərək, dünya birliyinə inteqrasiya olunaraq, ən nüfuzlu ölkələrdən birinə çevrilib. Azərbaycan bu müddət ərzində dünyanın ən güclü ordulaırndan birini formalaşdıraraq qarşısında duran bir nömərli Qarabağ problemini həll edərək ərazi bütövlüyünü təmin edib. Qarabağ problemini tarixin arxivinə göndərib”- deputat qeyd edib.
O əlavə edib ki, Azərbaycan bir il öncə ermənilər üzərində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən sonra yeni bir inkişaf mərəhələsinə qədəm qoyub: “Azərbaycan yeni bir inkişaf mərhələsini yaşamaqdadır. Qələbədən sonra Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edir. Mövcud mərhələ eyni zamanda “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını yenidən baxmağı zəruri edir.
Azərbaycan özünü 1918-1920-ci illrədə mövcud olan AXC-nin varisi hesab etdiyindən 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə uyğunsuzluq təşkil edir və həmin uyğunsuzluğun aradan qaldırılmasına zərurət yaranıb. O baxımdan da mövcud qanunda nəzərdə tutulan “müstəqilik aktı”nın “müstəqilliyin bərpası” ilə əvəz olunması hüquqi cəhətdən daha məntiqə uyğundur. Bir daha qeyd edirəm ki, Azərbaycan özünün AXC-nin varisi hesab edərək həmin dövlətin bütün atributlarını, rəmzlərini, dövlət qurumlarının yaranması tarixini götürüb tətbiq edirsə, 18 Oktyabrın Azərbaycanın Müstəqilliyinin Bərpası, 28 mayın isə Müstəqillik Günü kimi qəbul ediməsi hüququ cəhətdən daha məntiqə uyğundur”.