Mehriban Əliyeva Almaniya səfiri ilə görüşdü - FOTO
15-03-2016, 01:08
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel ilə görüşüb.
Miq.az Heydər Əliyev Fondunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan ilə Almaniya arasında mövcud əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva münasibətlərimizin inkişafında Haydrun Tempelin xidmətlərini xüsusi qeyd edib. "Siz səfir olaraq ölkəmiz haqqında dolğun məlumatlar çatdırırsınız”, - deyən Mehriban Əliyeva bildirib ki, bu, ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin inkişafına önəmli töhfədir.
Mehriban Əliyeva Azərbaycanın Avropanın aparıcı ölkələrindən biri olan Almaniya ilə əlaqələrin inkişafında maraqlı olduğunu və ölkələrimiz arasındakı əməkdaşlıq qarşılıqlı maraq əsasında qurulduğunu bildirib. Ölkələrimizin humanitar sahədə də münasibətlərinin inkişafı üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Mehriban Əliyeva Heydər Əliyev Fondunun bu sahədə daha çox iş görməyə hazır olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun Almaniyada bir sıra layihələr həyata keçirdiyini xatırladan Azərbaycanın birinci xanımı bu layihələrin böyük maraqla qarşılandığını, humanitar sahədə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı ilə görüşdən şərəf duyduğunu deyən səfir Haydrun Tempel ölkələrimiz arasında münasibətlərə verilən yüksək dəyərə görə Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. Səfir Azərbaycan ilə Almaniya arasında gözəl münasibətlərin qurulduğunu qeyd edib, Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətinin ölkəmizin hüdudlarından kənarda da yaxşı tanındığını vurğulayıb.
Görüşdə təhsil və mədəniyyət sahələri ilə bağlı layihələr müzakirə edilib.