Google Belarus İstintaq Komitəsinin "YouTube" kanalını həmişəlik bloklayıb
3-11-2021, 11:07

Belarusun rəsmi şəxsləri və təşkilatlarına qarşı sanksiyalar tətbiq edildiyi üçün Belarus İstintaq Komitəsinin rəsmi "Google" hesabı və "YouTube" kanalı bloklanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "BelTa" dövlət agentliyi İstintaq Komitəsinin rəsmi nümayəndəsi Yuliya Qonçarovaya istinadən məlumat yayıb.
"Google hesabı ixrac məhdudiyyəti və sanksiyalar siyasətimizə uyğun olaraq deaktiv edilib və onu bərpa etmək mümkün deyil", - deyə "Google"un açıqlamasında bildirilir. Kanalı açmağa çalışdığınız zaman hesabın "qaydalarını pozduğunuza görə "YouTube" şəbəkəsi bloklanıb", - mesajı görünür.
"Rəsmi hesabla birlikdə idarənin 23 mindən çox abunəçisi olan YouTube kanalı bloklanıb. Ancaq departamentin rəsmi resursları, o cümlədən sk.gov.by saytı hər zamankı kimi işləməyə davam edir", - deyə Qonçarova bildirib.
Avqustun 9-da ABŞ Belarus hakimiyyətinin “demokratiya və insan haqlarını boğmağa” yönəlmiş hərəkətləri ilə əlaqədar Belarusa qarşı yeni sanksiyaları təsdiqləyib.
Yeni sanksiyalar, xüsusən də Belarus İstintaq Komitəsi, Belarus Milli Olimpiya Komitəsi (MOK), Belaruskali, Belneftegaz, Belkaztrans və Rusiyanın Smolensk şəhərində qeydiyyatdan keçmiş "Yeni Neft Şirkəti Vostok"a şamil edilib. Ümumilikdə siyahıya 23 nəfər və 21 şirkət daxildir.