İqlim böhranı ilə mübarizə necə baltalanır? -

3-11-2021, 11:45           
İqlim böhranı ilə mübarizə necə baltalanır? -
Atmosferə karbon buraxan ölkələr arasında ilk sıralarda olan Amerika, iqlim dəyişikliyi ilə mübarizənin əngəllənməsi yolları baxımından çox zəngin tarixə malikdir...

Abdulla Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 noyabr 2021-ci il

İqlim dəyişikliyi ilə mübarizə çoxdan gecikmiş bir döyüşdür. Gecikmənin səbəblərindən biri də “siyasət”dir. Ölkələri idarə edən elitalar “qlobal istiləşmə”yə reallıq kimi yox, nəzəriyyə və ya ehtimal kimi baxıblar. Əksər siyasətçiləri gələcəyin fəlakətləri maraqlandırmır. Dövlət xadimindən uzaq olan siyasətçilər üçün “keçmiş” də, “gələcək” də yad ölkələrdir.

İqlim dəyişikliyi ilə mübarizənin qarşısındakı ən böyük maneələrdən biri isə odur ki, bu mübarizə konkret siyasətə çevrilərsə, gəlirlərini itirəcək fosil yanacaq şirkətləridir. Hələ 1970-ci illərdə böyük neft şirkətləri qalıq yanacaq istehlakının ekoloji fəlakətlərə səbəb olacağını bilirdilər. Lakin neft şirkətləri bu elmi faktı ört-basdır edib ictimaiyyətdən gizlədiblər. Bununla da qalmayıb, onlar iqlim dəyişikliyi ilə bağlı elmi tapıntıları şübhə altına almağa çalışıblar.

ABŞ prezidenti Co Bayden ABŞ-ı yenidən “Paris İqlim Müqaviləsi”nə daxil etsə də, Konqresdə iqlim dəyişikliyi ilə mübarizə üçün qanunları hələ də qəbul etməyib. Dünya liderlərini bu mübarizəyə qoşulmağa çağıran Bayden Qlazqoda keçirilən İqlim Sammitinə zəif formada qatılıb. İş o yerə çatıb ki, Ağ Evin İqlim üzrə xüsusi nümayəndəsi Con Kerri Baydenin yuxarıda qeyd olunan qanunları qəbul etmədən Qlazqo Sammitinə qatılmasının ABŞ-ın Paris razılaşmasından çıxmasına təsir edəcəyini bildirib. Bayden isə Kerrinin şərhini şişirdilmiş hesab edir.

Atmosferə karbon buraxan ölkələr arasında ilk sıralarda olan Amerika, iqlim dəyişikliyi ilə mübarizənin əngəllənməsi yolları baxımından çox zəngin tarixə malikdir. Amerikanın ən böyük neft şirkətlərinin iqlim dəyişikliyi ilə mübarizəni sarsıtmaq üçün qarayaxma kampaniyaları aparması ilə bağlı iddialar ABŞ Konqresi tərəfindən araşdırılır.

Amerika neft şirkətlərinin qarayaxma kampaniyalarında öz rollarını gizlətmələrinə dair təəccüblü sübutlar var. Bununla belə, bu şirkətlər karbon emissiyalarını azaltmağı və iqlim islahatlarını dəstəkləməyi öhdələrinə götürüblər. Nəticələrə görə, bu şirkətlər öhdəlik götürdükləri məbləğin yarısından azını xərcləyiblər. Bu şirkətlər alternativ enerji əleyhinə reklamların nəşrinə öz töhfələrini veriblər. Onların lobbi fəaliyyətlərinin əksəriyyəti şirkətlərinə vergi güzəştləri verməkdən ibarətdir.

16 sentyabr 2021-ci ildə ABŞ Nümayəndələr Palatasının Nəzarət və İslahat Komitəsi ən yaxşı qalıq yanacaq şirkətlərinin rəhbərlərinə məktublar göndərib. Məktublarda bu təşkilatların iqlim böhranı ilə mübarizənin təhrif edilməsində, ictimaiyyəti böhtan və çaşdırmaq rolları barədə məlumat və sənədlər tələb olunub. Lakin bu qurumlar komitənin tələblərinə adekvat reaksiya verməyiblər. Oktyabrın 28-də Nəzarət və İslahat Komitəsində keçirilən dinləmədə “ExxonMobil”, “BP”, “Chevron“, “Shell”, Amerika Neft İnstitutu (API) və ABŞ Ticarət Palatasının yüksək vəzifəli şəxsləri açıqlama verib. Qalıq yanacaqlardan yaranan iqlim dəyişikliyinin bəşəriyyət üçün ciddi təhlükə olduğuna dair fikirlərə etiraz etməyən menecerlər qarayaxma kampaniyalarında öz rollarını da üzərlərinə götürmürlər.

2002-ci ildə “Exxon”un rəhbəri qeyd edib ki, elm qalıq yanacaqlar və qlobal istiləşmə arasında əlaqə yarada bilməz. Məhkəmə prosesində ifadə verən “Exxon” rəhbəri bu ifadənin elmi cəhətdən yanlış olduğunu etiraf edib. Məlum olub ki, “Exxon” şirkəti öz alimlərinin iqlim böhranı ilə bağlı fikirlərinə zidd hərəkətlər edib. “Exxon” icraçısı isə bu uyğunsuzluğa görə üzr istəməkdən imtina edir. Digər tərəfdən, bu idarəçilər iqlim dəyişikliyi ilə mübarizəyə mane olan münasibəti dayandıracaqları barədə hər hansı öhdəlik götürməkdən çəkinirlər.

Parlamentin Nəzarət və İslahatlar Komitəsinə çağırılan şirkətlər dünyanın ən böyük neft şirkətləridir. Bildirilir ki, Amerika Neft İnstitutu ilə əməkdaşlıq edən bu 4 şirkət son 10 ildə yalnız lobbiçilik fəaliyyətinə təxminən yarım milyard dollar xərcləyib. Komitə bu qurumların bir çox ictimaiyyətlə əlaqələr şirkətlərinə, sosial media reklamlarına, qarayaxma kampaniyalarında iştirak edən kölgə qruplarına etdikləri ödənişləri də araşdırıb. Şirkətlərdən tələb olunan daxili yazışmalara çatmaq üçün komitə məhkəmə yolu ilə çağırış vərəqəsi alacaqdı.

Xatırlatmalıyıq ki, qalıq yanacaq sənayesinin iqlim dəyişikliyi ilə mübarizəni sarsıtmaq səyləri Amerika tarixindəki ən mühüm ört-basdır prosesi kimi şərh edilib.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.