Müstəmləkə qisasçıları – Parisi odlara qalayıb keçənlər

2-01-2022, 09:52           
Müstəmləkə qisasçıları –
Xəbər başlıqları əsasən belədir: “Fransada yeni il gecəsi avtoxuliqanlar 870-dən çox avtomobili yandırıblar”; “Yeni il gecəsi Fransada yüzlərlə avtomobil yandırılıb”.

Əslində xəbərdə “avtoxuliqanlar” və ya “xuliqanlar” sözü yerində deyil. Söhbət qəsdən və kütləvi şəkildə yanğın törədən, dinc sakinlərlə böyük maddi ziyan vuran canilərdən gedirsə, “xuliqanlıq” epiteti yumşaq çıxır.

Son illərdə bir sıra Avropa ölkələrində cinayətkarların milliyyətinə vurğu etmək yasaqlı olduğundan yanğınları hansı millətdən olan şəxslərin törətdiyi açıqlanmır, amma burada sirr-filan yoxdur.

Yanğınları ərəb mənşəli gənclər törədir və bu, artıq 10 ildən çoxdur ki, ənənə şəklini alıb.

Hələ eks-prezident Nikolya Sarkozinin daxili işlər naziri olduğu vaxtlarda tüğyan edən avtomobil yanğınlarını törədənlərə qarşı sərt tədbirlər, repressiyalar həyata keçirilsə də, növbəti ilin son gecəsi yanğınlar daha şiddətli şəkil almışdı.

Elə il olub ki, bu cür yanğınlar bütün Fransanı bürüyüb. Öncə Parisdə gecəylə od vurulan yüzlərlə avtomobilin ardınca Fransanın digər iri şəhərlərində - Lionda, Nantda, Tuluzada, Kannda, Marseldə və başqa şəhərlərdə minlərlə avtomobil yandırılıb.

Proses hələ də davam edir. Bu il də istisna olmayıb. Ancaq Fransanın Daxili İşlər Nazirliyinin rəhbərliyi bu il ona görə sevincək olub ki, əvvəlki illərlə müqayisədə yanan avtomobillərin sayı azalıb. Bu il cəmi 870 avtomobil yandırılıb.

Bu nədir? Niyə ərəb gənclər sadə vətəndaşların əmlakına kütləvi şəkildə zərər vururlar? Bu, irqi-milli ayrı-seçkiliyə etirazdan doğur, yoxsa Fransanın tarixi işğalçılıq siyasətinin gecikmiş cavabıdır?

İkisi də var. Ancaq kütləvi yanğınları törədənləri milli mənsubluğu ikinci amilin əsas olduğu ehtimalını yaradır.

Çünki Fransada qaradərili və başqa millətlərə məxsus insanlar çoxdur və onların hamısı özlərini Fransada ana vətənlərindəki kimi hiss etmirlər. Yanğınları isə əsasən Əlcəzair, Mərakeş, Tunis mənşəli gənclər törədir.

Ən qəribəsi odur ki, nəinki bu gənclərin özləri, hətta ata-anaları Əlcəzair, Mərakeş, Tunis üzü görməyiblər. Onlar başlıca olaraq vaxtilə adları çəkilən ölkələrdən Fransaya köçmüş baba-nənələrin nəvələridir.

Mərakeş Fransa müstəmləkəsi olmaqdan 1956-cı ildə, 66 il öncə qurtulub. Bundan 18 gün sonra eyni səadət Tunisə nəsib olub.

Ancaq o regionun daha böyük ölkəsi olan Əlcəzair öz müstəqilliyini həm 6 il gec, həm də daha böyük qurbanlar verərək, ciddi bir savaşdan keçərək əldə edib. Fransa dövləti Əlcəzairdə genosid aktına bərabər qətliamlar törədib və ölkə əraizsini atom poliqonuna çevirib. Bu ölkədə Fransa tərəfindən 40 nüvə silahının sınağı (hər biri Xirosimaya atılan bombadan 3 qat şiddətli) keçirib. Rəsmi Paris bu Şimali Afrika respublikasından çıxmamaq üçün əlindən gələn hər şeyi edib.

Beləliklə, tarixin səhifələrini vərəqləyəndə məlum olur ki, 60-66 il öncə və ondan daha öncələr Fransa bu ölkələrin əhalisinə zülm edib.

Ən maraqlısı odur ki, bu gün Fransada silsiləvi və kütləvi yanğınlar, müxtəlif iğtişaşlar törədən gənclər heç də zülmə məruz qalan kişi və qadınların nəvə-nəticələri deyillər. Onlar vaxtilə fransızlara işləyən, onlara tərcüməçilik, kargüzarlıq edən, hər işlərinə yarayan və axırda Fransaya köməyə məcbur olan kiçik ranqlı məmurların, cəmiyyətin “elit” təbəqəsinə daxil olan adamların nəvələridir. Onlar şəxsi planda zərər çəkməyiblər, həmişə üzdə olublar.

Prinsipcə, bu adamlar Fransaya gəlib “ağ günə çıxdıqları”na, avropalı olduqlarına görə fransızlara minnətdar olmalı, fransızdilli olduqları ilə fəxr etməli, hətta öz millətlərinə üstdən aşağı baxmalıydılar. Amma elə deyil.

Postsovet məkanındakı müstəmləkə ölkələrinin rusdilliləri ilə Fransanın müstəmləklərindən çıxmış fransızdillilərin müqayisəsi zamanı ortaya çıxır ki, birincilər Moskvaya, Kremlə hələ də sadiqdirlərsə, ikincilər Parisə, Yelisey sarayına nəinki sadiq deyillər, hətta 100 il əvvəlki işğalın, təkcə Əlcəzairdə 1,5 milyon (152 mini silahlı üsyançı olmaqlar) insanın qətlinin qisasını almaq əzmindədirlər.

60-66 il öncə Əlcəzairdən, Mərakeşdən, Tunisdən qundaqda, qucaqda çıxan adamların bu gün 60+ yaşları, yetkin övladları və yeniyetmə, gənc nəvələri var. Bu uşaqlar Fransada doğulub böyüyüblər, amma tarix kitabı oxuyublar deyə əzəli vətənlərinin başına açılan zülmləri bilirlər. Bilirlər və onu həzm etmirlər.

O zülmlər isə çox dəhşətli olub. Hətta sovet şair və yazıçıları da qətliamlara biganə qalmayıb, işgəncə ilə öldürülən insanlara, Əlcəzair xalqının azadlıq mübarizəsinə əsərlər həsr ediblər.

Bu gün Fransada yandırılan avtomobillər həmin zülmlərin törətdiyi başqa bir əsərdir.

Rusiyanın işğalından qurtulmuş postsovet ölkələrindən (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistan) çıxaraq Rusiyanın şəhərlərində yaşayan, kimsəsiz çöllərini məskunlaşdıran milyonlarla miqrantın bu gün o ölkədə özlərini sakit aparması ya ona dəlalət edir ki, ruslar fransızlar qədər zülmkar olmayıblar, ya da bu, tədrici assimlyasiya prosesinin nəticəsidir. Görünür, Rusiya öz müstəmləkələrinin miqrantlarını daha yaxşı ram edib, özününküləşdirib.

Postsovet ölkələrində yaşayan xalqların ərəblər qədər kindar olmaması amili də var. Fəqət ermənilər istisnadır. Rusiyadan sona qədər ayrılmayan, onun bir quberniyası kimi qalan Ermənistanda bu gün Rusiyaya nifrət o biri ölkələrin hamısından şiddətlidir.
Xalid KAZIMLI
musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.