Avropada yeni "Berlin divarı"... Polşa Belarus sərhədinə sədd çəkir - tonlarla polad, məftillər, kameralar, milyonlarla dollar...
5-01-2022, 11:32
Polşa ötən il miqrant böhranının yaşandığı Belarusla sərhəddə divar çəkəcək. Divarın tikintisi iyunda başa çatacaq.
Baki-xeber.com xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Polşa Daxili İşlər Nazirliyi və Sərhəd Mühafizəsi Polşa-Belarus sərhədində divarın tikintisinə dair saziş imzalayıb.
Polşa Sərhəd Mühafizəsinin briqada generalı Violetta Qorjovska tikintisi iyunda başa çatacaq divarın zəruri və təcili yatırım olduğunu vurğulayıb.
Qorjovska, Polşa sərhədinin gücləndirilməsi ilə yanaşı logistika baxımından da strateji bir yatırım olacağını söylədiyi divarın Belarus sərhədinin 186 kilometrlik hissəsində tikiləcəyini söyləyib.
Divarın 5,5 metr hündürlüyündə olacağı, tikintisində 50 ton poladdan istifadə ediləcəyi, məftil, ən son texnologiya və kamera sistemləri ilə təchiz ediləcəyi, həmçinin 22 qapının olacağı açıqlanıb.
Qeyd olunub ki, Polşa-Belarus sərhədində tikiləcək divarın dəyəri təxminən 130 milyon dollar olacaq.
Belarus-Polşa sərhədində, 2021-ci ilin noyabr ayında Avropaya mühacirət etmək istəyən, əsasən də İraq və Suriyadan gələn insanlar Belarus üzərindən Polşaya keçməyə cəhd edərək, sərhəd yaxınlığında meşədə qurduqları düşərgəyə toplaşıblar.
Daha sonra bu insanlar sərhəd boyu qurduqları düşərgəni tamamilə boşaldaraq Belarus hökumətinin bölgədə hazırladığı qapalı əraziyə gediblər.