Qazaxıstanda nə baş verir? - Yoxsulların üsyanı, yoxsa...?

5-01-2022, 18:54           
Qazaxıstanda nə baş verir? -
Qazaxıstanda yanvarın 4-dən başlanan etirazlar sosial tələblərlə bağlı olsa da, dərhal siyasi müstəviyə transfer etdi.

Aksiyaların qısa müddətdə bütün ölkəyə yayılması daha çox onun siyasi xarakter alması ilə izah oluna bilər. Qeyd edək ki, maye qazın 1 litrinin yeni tarifləri Prezident Tokayevin müdaxiləsindən sonra 120 təngədən 50 təngəyə endirilib. Ancaq etirazçılar geri çəkilmək istəmir və hakimiyyət orqanlarının istefasını tələb edir. Spontan şəkildə baş verən sosial partlayış Qazaxıstan rəhbərliyi üçün ciddi siyasi problemə çevirilib. Etirazçılar bildirir ki, sakinlərin əksəriyyəti son aylar gəlirlərinin azalması ilə üzləşib və qiymət artımı onların ciblərinə ağır zərbə vuracaq. Xüsusilə də koronavirus pandemiyası fonunda son illər Qazaxıstanda iqtisadi problemlər yoxsulluqla parallel qiymət artımına da təsir göstərib. 2021-ci ilin noyabr ayında ərzaq inflyasiyası 10,9 faiz təşkil edib. Keçən il koronavirus pandemiyası və iqtisadi böhran fonunda Qazaxıstan Milli Fonddan altı trilyon tenge çıxarıb və respublika büdcəsinə köçürüb. Bu il 4,5 trilyon tenge çıxarılıb.

2021-ci ilin birinci yarısında vəsaitlərin çıxarılmasının həcmi fonda daxilolmaların həcmini üstələyib. Yaxın vaxtlarda Milli Fonddan vəsaitlərin çıxarılmasını davam etdirmək nəzərdə tutulub. Neftin bahalaşması Qazaxıstanın dövlət gəlirlərinin artması üçün müsbət stimul yaratsa da, istehlak məsullarının qiymət artımı əhalinin güzəranına mənfi təsir göstərir. Lakin vilayət və şəhər rəhbərləri olan akimlərin, parlament deputatlarının bu problemlərə reaksiya verməməsi narazığılın siyasi şəkil almasına ciddi təsir göstərib. Aksiyaçılar onlara “oyuncaq deputat”ların və saxta seçilmiş akimlərin lazım olmadığını bəyan edərək istefa şüarları səsləndirməyə başlayıb. Bu isə hakimiyyət orqanlarına etimadın zəifləməsindən xəbər verir.

TEREF.AZ xəbər verir ki, Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru, politoloq Dosım Satpayev Azadlıq Radiosunun Qazaxıstan bürosuna verdiyi müsahibədə baş verən hadisələrin ciddi iqtisadi və siyasi əsaslarının olduğunu bildirib. Ekspert hesab edir ki, xalqın Qazaxıstan hakimiyyətinə inamı itib. Məsələn, fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbulu ilə bağlı son 5-6 ildə dəfələrlə səsləndirilsə də elitaya bağlı olan maliyyə qrupları və banklar üçün çətinlik yaradacağını düşünərək buna məhəl qoymayıb.

Ancaq indi elə bir vəziyyət yaranıb ki, fiziki şəxslərin müflisləşməməsi məsələsi həllini tapmadan hazırda əsas problemlərdən birinə çevrilmiş çoxlu sayda qazaxıstanlının kredit borcu problemi aradan qalxmayacaq.

Satpayevin fikrincə, hazırda Qazaxıstanda yoxsulluğun artması müşahidə olunur. Kasım Jomard Tokayevin rəhbərlik etdiyi hökumət isə bu problemi həll etmək iqtidarında deyil. “Bir çox qazaxıstanlı yoxsulluğa yaxın vəziyyətdədir. Hakimiyyətin baxışına görə, 40 min təngədən az alan adam kasıbdır. Dünya Bankının nöqteyi-nəzərindən kasıblara ayda 70 min təngədən az pul alanlar daxildir”.

Politoloq bildirib ki, Qazaxıstanda sosial etirazların yaranmasının səbəblərindən biri əhalinin gəlirlərinin regionlar üzrə qeyri-bərabər bölünməsidir. Belə ki, Qazaxıstanın neft və təbii qaz hasil edilən qərb bölgələrində orta aylıq əməkhaqqı şimal və cənub əraziləri ilə müqayisədə daha yüksəkdir.

“Üstəlik, hamı neft sənayesində işləmir, çoxları az maaşlı sahələrdə çalışır. Lakin ölkədə baş verən kütləvi korrupsiya halları və paytaxt Astanaya xərclənən vəsaitlə müqayisədə Qazaxıstanın digər bölgələri kasıb təsir bağışlayır. Eyni zamanda, Qazaxıstanın qərbinin özü də mədəni-sosial inkişaf baxımından o qədər də inkişaf etməyib. Bəli, insanlar işləyir, pul qazanır. Məsələn, Almatıda, hətta Astanada olduğu kimi mədəniyyət, təhsil və əyləncə mərkəzlərinə çıxış imkanları eyni səviyyədə deyil”.

Ekspertin fikrincə, Qazaxıstanda insan inkişafı indeksinin göstəriciləri normalara cavab vermir. Bu isə yerli əhalidə müəyyən dərəcədə etiraz yaradır. “Qərb bölgələri bütün ölkəni qidalandırır, eyni zamanda, insan mərkəzli infrastruktur baxımından paytaxtdan çox az vəsait alır”, - deyə Dosım Satpayev qeyd edib.

Onun fikrincə, Qazaxıstanda sosial-iqtisadi etirazların spontan şəkildə baş verməsi və idarəolunmaz hala gəlməsi ölkədə diktaturanın alternative siyasi institutları sıradan çıxartması ilə bağlıdır.

“Hakimiyyət 30 il ərzində Qazaxıstanda vasitəçilərin və mediatorların məsuliyyətini üzərinə götürə biləcək hər cür müstəqil siyasi institutları məhv edib. Bu qurumlar etirazçılarla danışacaq nüfuzlu insanlar yetişdirə bilərdi. İndi də görürük ki, Manqistau vilayətinin akimi Noqayev xalqın qarşısına çıxsa da çox az adam onu dinlədi. Çünki bütövlükdə hakimiyyətə etibar qalmayıb.

Belə böhranlı vəziyyətlər yarananda biz daim bu haqda danışırıq: hakimiyyətin yaratdığı və fəal şəkildə təbliğ etdiyi siyasi institutlar haradadır? Nur Otan haradadır? Məsləhətlər haradadır? Keçən il keçirilən seçkilərdə qondarma seçilmiş akimlər haradadır?

Onlar mövcud deyil, çünki bütün bu oyunçular sünidir və əvvəlcədən heç bir problemin həllinə yönəlməyib. Bu isə aysberqin yalnız görünən tərəfidir və daha dərinə nəzər salsaq, istər vəziyyətin təhlili, istərsə də monitorinq və proqnozlaşdırma baxımından dövlət idarəçiliyi sisteminin səmərəliliyinin mütləq çatışmazlığının şahidi olarıq. Mənə elə gəlir ki, bir çox insanlar şüurun keçidini yaşayıblar. Birincisi, ənənəvi olaraq apolitik olanlar anlamağa başladılar ki, siyasi dəyişikliklər olmadan onların problemləri həll olunmayacaq. İkincisi, insanlar hakimiyyətdən qorxmağı dayandırdılar. Anlamağa başladılar ki, bütün dünya irəliləyir, Qazaxıstan isə böyük potensialı və resursları ilə nədənsə vaxt ötürür. Əslində, bütün bu etirazlar gələcək qorxusu, övladları üçün qorxu, hazırkı vəziyyətdən narazılıq, yerinə yetirilməyən vədlərdən məyusluq kimi çoxsaylı amillərlə bağlıdır. İnsanlar 30 il əvvəl vəd edilənləri gözləməkdən yorulublar. Yadımdadır, 90-cı illərdə Nazarbayev deyirdi ki, Qazaxıstan ikinci Bəhreynə çevriləcək, hamı varlı yaşayacaq, amma bu baş vermədi”.

Politoloq hesab edir ki, Prezident Tokayev ölkəni böhrandan çıxartmaq üçün kifayət qədər səlahiyyətlərə malik deyil:

“Hazırda hakimiyyətin yeni texnologiyaları yoxdur, böhran vəziyyəti uzunmüddətli olarsa, digər bölgələrə yayılarsa, necə davranacaqlarını bilmirlər. Hakimiyyətin yalnız bir yolu var - güclü təzyiq göstərmək. Tokayevin problemi onun yarı prezident olmasıdır. Bəli, onun səlahiyyətləri var, əlbəttə, “Nur Otan”a rəhbərlik edib. Amma onun əlində olan bütün dövlət aparatı anti-böhran qərarlarının verilməsində tamamilə acizdir. İndi isə Tokayev üçün bu, onun bütün prezidentlik karyerasında ən vacib məqamdır. Onun gələcəyi bundan asılı olacaq. Çünki Qazaxıstanda onun məsələn, birinci prezidentdən daha yaxşı olduğuna inanan əhalinin əhəmiyyətsiz hissəsi hələ də var. Əgər bu böhranlı vəziyyətin həllində müsbət heç nə baş verməsə, o zaman hələ də müəyyən ümidlər bəsləyən qazaxıstanlılar da onlara qoşulacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.