Rusları hansı ölkədə donuz sayırlar... və ya İkiüzlü Yanusa rəhmət oxutdurmaq

5-01-2022, 16:43           
Rusları hansı ölkədə donuz sayırlar...
Hər Yeni ildə bir-birimizə yeni xoşbəxtliklər, yaxşılığa doğru dəyişikliklər arzulayırıq. Biz keçmişdən daha mehriban və tolerant olmaq istəyirik. Və buna ürəkdən inanırıq, çünki inam, ümid və sevgi insan inkişafının aparıcı qüvvəsidir. Daha doğrusu, bütün bəşəriyyətin inkişafının da.

Mən də səmimi qəlbdən inanırdım və ümid edirdim ki, siyasət dəhlizlərində ilişib qalan, çoxluğun küçə təlxəyinə bənzətdiyi bəzi adamlar Azərbaycana münasibətdə mövqelərini dəyişəcəklər. Amma inam öz yerində, reallıq isə, təəssüf ki, acıdır. Müəyyən tip insanlar heç vaxt dəyişmirlər.

Söhbət Rusiya siyasi arenasının ən mübahisəli siması, LDPR-in daimi lideri Vladimir Jirinovskidən gedir. Bu siyasi təlxəyin, məncə, xüsusi təqdimata ehtiyacı yoxdur, o cümlədən Azərbaycan ictimaiyyəti onu yaxşı tanıyır.

Biz dəfələrlə şahidi olmuşuq ki, Rusiya siyasətinin bu “oleq popovları” Azərbaycan və azərbaycanlılar haqqında necə təhqiramiz tonlarda danışırlar. Yalan, sinizm və təhqirin sıx qarışığından ibarət jirinovskivari qarşıqdan həmişə pis iyi gəlirdi. “Vay aşpaz” dəfələrlə yalana yaxalansa, burnu öz “bişirdiyinə” soxulsa belə, lakin bu fakt “ldp-çi” lideri heç də utandırmayıb.

Burada bəzi nümunələri xatırlayaq. Bir neçə il əvvəl Jirinovski Dövlət Dumasındakı çıxışında “azərbaycanlılar adlı millət yoxdur” demişdi.

Bundan başqa, Jirinovski Qarabağ problemi ilə bağlı açıq ermənipərəst mövqe tutaraq, “Dağlıq Qarabağ erməni torpağıdır, azərbaycanlılar isə işğalçıdır” iddiası ilə də fərqlənib.

Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbəsindən bir neçə ay sonra isə ermənilərin məğlubiyyətini şəxsi kədəri hesab edən narahat Jirinovski ötən ilin avqustunda yenidən Azərbaycana toxundu.

“Komsomolskaya Pravda” radiosunun efirində siyasətçi “Cənubi Qafqaz Moskvanın təsir zonasıdır” deyib. O, Rusiya hərbçilərinin Dağlıq Qarabağ bölgəsində tam təhlükəsiz şəraitdə olması üçün Bakıya təziq etməyi təklif edib.

Siyasi təlxək, həmçinin "Rusiya imperiyasının və Sovet İttifaqının bütün ərazilərinə qayıtmağın" zəruriliyini söyləyib. Bundan əlavə, o, dövlətimizin başçısına qarşı da hörmətsiz ifadələr işlədib.

Rusiya Liberal Demokrat Partiyasının liderinin axmaqlığına Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan rus səfir cavab verməli olub və səfirliyə qovluğunda etiraz notası ilə qayıtmağa məcbur olub.

Lakin hüquqşünas oğlunu kobudluq və hiylə ilə yanaşı, ikiüzlülük kimi bir xasiyyət də bəzəyir. Bu yaxınlarda bu “həqiqətçi” Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik məktubunda xüsusilə qeyd edilirdi: “...Siz gözəl ölkənin müdrik rəhbərisiniz, respublikanın transformasiyası prosesinə mühüm töhfə vermiş və bu gün də ən mühüm dövlət proqramlarının icrasını davam etdirirsiniz. Əminəm ki, əldə olunan nəticələrlə fəxr edirsiniz, lakin siz həmişə daha çoxuna can atmalısınız. Ümidvaram ki, Sizin rəhbərliyiniz altında dövlətlərimiz arasında münasibətlər qarşılıqlı faydalı və hörmətli olacaq”.

Bu sözləri yadda saxlayın. İndi isə keçək Vladimir Volfoviçin “ukraina.ru” saytında dərc olunmuş təzə müsahibəsinə. Kiçik bir parça:

“Bu gün postsovet məkanındakı vəziyyət məni o qədər də razı salmır. Mən ən çox rus xalqının sıxışdırılmasından qəzəblənirəm. Biz hər zaman güzəştə gedirik, hər zaman yaxın xaricdəki respublikalar üçün nəsə veririk, edirik, amma ruslara layiqli münasibət görmürük. Ruslar qovulur. Onlara qarşı gizli mübarizə aparılır. Ukraynada əhalinin yarısı rusdur, onlar əzilir. Orta Asiyada rusların sayı sovet vaxtı ilə müqayisədə bir neçə dəfə azalıb. Baltikyanı ölkələrdə ruslara qarşı bir növ fanatik faşist nifrəti var. Azərbaycanda isə ruslara ümumiyyətlə, “donuz” deyirlər”.

Qədim Roma mifologiyasında belə bir tanrı var – İkiüzlü Yanus. Belə ki, sifətlərin sayına görə Jirinovski Yanusun özünü də ötüb.

Rusların Azərbaycanda “donuz” adlandırıldıqları barədə çox təfərrüata girməyəcəyik, cəmi iki müqayisəli misal bəs edir:

Birincisi, hazırda Azərbaycanda yüz mindən çox rus yaşayır, Jirinovskinin sevdiyi Ermənistanda isə onların sayı cəmi 10 minə yaxındır;

İkincisi, Azərbaycanda bütün ölkə üzrə 300-dən çox orta, 18 ali və 38 orta ixtisas təhsili müəssisəsində tədris rus dilində aparılır. Ermənistanda isə 1993-cü ildən rus dilində təhsil alan dövlət məktəbləri fəaliyyətini birdəfəlik dayandırıb.

Bundan əlavə, LDPR liderinin Ermənistanda vaxtaşırı alovlanan anti-Rusiya etirazlarını xatırlaması yaxşı olardı. Bu əhval-ruhiyyə xüsusilə 44 günlük müharibə zamanı və ondan sonra - ermənilərin rusları xəyanətə görə ittiham etdiyi zaman özünü qabarıq şəkildə büruzə verdi.

İndi rusları hansı ölkədə “donuz” sayırlar, cənab Jirinovski? Deyilənləri Vladimir Volfoviçin alkoqollu içkilərin müşayiəti ilə davam edən bayramın ayağına yazmaq olar, amma dilimiz dönmür. Axı insanın təbiəti dəyişmir.

Yenə də bu yeni ildə Rusiya Liberal Demokrat Partiyasının liderinə bir az da olsa vicdan arzulamaq istəyirik. Baxmayaraq ki, bu halda arzu olunan və reallıq təkcə Evklidin deyil, həm də Lobaçevskinin həndəsəsində kəsişməyən paralellərdir...

Müəllif: Fed Bakinski //ayna.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.