Öz əsğərinə hörmət etməyənlər, sonda başqasının hərbçisinə TABE OLURLAR...

6-01-2022, 13:05           
Öz əsğərinə hörmət etməyənlər, sonda başqasının hərbçisinə TABE OLURLAR...
Qazaxstanda baş verənləri hər bir azərbaycanlı kimi mən də ürək ağrısı ilə izləyirəm. Qazaxstan və onun rəhbərliyi daim Azərbaycanı bütün platformalarda dəstəkləyən mövqeyə malik olub, bunu Vətən Müharibəsi zamanı da müşahidə edirdik. Digər tərəfdən isə mən 4 illik hərbi təhsilimi Almata şəhərində yerləşən Ali Ümümqoşun Komandirlər Məktəbində almışam, orada çox sayda bir yerdə oxuduğum dostlarım yaşayır. Həm ölkəm adına, həm də öz adıma Qazaxstanda baş verənlərə biganə qala bilməzdim.

Maye qaz qiymətinin artırılmasına etiraz edən nümayişçilərin fəaliyyəti ilə silah əldə edilməsi, bank, mağaza və marketlərin qarət edilməsi, müqavimət göstərməyən hərbçilərə və polislərə işgəncə verilməsi, aeroportun dağıdılması, yaşayış binalarını atəşə tutulması arasında əlaqəni izah etmək çətindir. Hökümətin istefaya göndərilməsi, Nazarbayevin tutduğu TŞ sədri vəzifəsindən azad edilməsi və digər tələblərin yerinə yetirilməsi də nümayişçiləri sakitləşdirmədi. Əksinə tələblərin yerinə yetirilməsi nümayişçiləri yeni tələblər irəli sürməyə sövq etdi. Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi də heç bir nəticə vermədi. Əksinə həlak olan mülkilərin, hərbçilərin və polislərin sayı ilə paralel dağıntılar və qarətlər fasiləsiz artdı. Sonda isə ən təhlükəli ssenari baş tutdu. Qazaxstan Prezidenti Tokayev ölkəsində asayişi bərpa etmək üçün KTMT üzvlərindən hərbi yardım istədi. Həm də bu KTMT-yə Ermənistanın rəhbərlik etdiyi bir dövrdə baş verdi. Bu hadisə Qazaxstan tarixinə qara hərflərlə yazılacaq, çünki 28 illik müstəqilliyi dövründə ilk dəfə Qazaxstan hakimiyyəti ölkədə asayişi bərpa etməkdə aciz qaldı. Bunun günahını həm hakimiyyətdə, həm xüsusi xidmət orqanlarında, həm də hakimiyyəti bu addımı atmağa vadar edən silahlı usyançılarda axtarmaq lazımdır. Öz polisini, öz əskərini təhqir edən və alçaldan ölkələr xoşbəxt olmur. Öz vəzifəsini və verilən əmri icra edən əskərini döyən azsaylı üzdəniraqlar rus əskərinə qarşı eyni fəaliyyətləri tətbiq edəcəyinə böyük şübhə ilə yanaşıram. Öz əskərinə hörmət etməyənlərin başqasının əskərinə baş əyməli olacağını müşahidə etməyimiz gözlənilir.

Dinc etiraz günlərlə davam edə bilərdi, amma dağıtmaq və yandırmaq qazaxlara yaxşı heç nə verməyəcəyini iki gündür fasiləsiz yazırdım. Qazaxstan eyni hadisələri 1986-cı ilin dekabrında yaşamışdı. Ssenari də çox fərqli deyildi.

Qazaxstan hakimiyyət də hürkək və zəif təssürat bağışladı. Bizim əzib tapdaladığımız erməni əsgərinin Almata küçəsində asayişi bərpa etmək bəhanəsilə əlində silah sərbəst gəzməsi hamımızın qüruruna toxunacaq. Nursultanın qulağından tutub dərs dediyi Ermənistan hakimiyyəti bu gün Qazaxstana əsgəri yardımdan danışır. Qazax türklərini, türk düşmənləri qarşısında rəzil vəziyyətə qoyanlar, tarix gec ya tez hamınızı orta barmağınızdan başıaşağı asacaq.

Kənar ölkələrin hərbi qüvvələrinin rəsmi razılaşma olmadan Qazaxstana yeridilməsi isə suverenlik üçün müəyyən təhdidlər yaradır. Sonradan sənədləşdirmədə kənar qüvvələrin tələblərinin daha sərt olmayacağına kimsə zəmanət verə bilməz. Başqa sözlə desək, kənar qüvvələrin təsiri altında baş verən üsyanı yatırmaq üçün Qazaxstana daxil olan Rusiyanın Vətən sevgisi bu dəfə də başqasının sərhəddini tanımadı. Görəsən Ermənistan, Dnestryanı, Krım, Luqnsk, Donetsk, Belarus, Xankəndi və Qazaxstandan sonra hansı ərazidə “dövlət hakimiyyətinin zəifliyi və bacarıqsızlığı” ortaya çıxacaq? Belə bir fəaliyyət nəticəsində Rusiyaya borcluya çevriləcək növbəti ölkə və ya rejim kim olacaq?

Dost və qardaş Qazaxstanda baş verənlərdən dərin kədər hissi keçiririk. Orada internet kəsildiyinə görə ordakı dostlarla sabit əlaqə saxlamaq mümkün olmur. Hələ sabitlikdən danışmağa dəymir. Hesab edirəm ki, qazax dostlarımız hər şeyi dərindən ölçüb biçməli, səbr və təmkinlə addımlarını atmalıdırlar. Dağıdıcı təxribatlara uymaq şimal küləyinin təsirini daha da artırır. Hakimiyyətlər və hökümətlər gəldi gedərdir, hamısı nə vaxtsa dəyişəcək, amma Dövləti qorumaq, Dövlətə sahib çıxmaq vacibdir. Arzu edirik ki, ən qısa mümkün müddətdə qardaş Qazaxstanda asayiş qansız-qadasız bərpa olunsun.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.