Ruslar indi də Qarabağda HOQQADAN ÇIXIRLAR... -
6-01-2022, 14:19

Dünən –yanvarın 5-i gecə saatlarından Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Qarabağ torpaqlarındakı sülhməramlı(?) kontingentin məsuliyyət zonasına aid xəritəyə 44 günlük müzəffər savaşımızın nəticələrinə və 10 Noyabr bəyanatına əsasən Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətində qalan Tərtər rayonunun Suqovuşan kəndi də Madagiz adıyla daxil edilib.
TEREF.AZ-ın məlumatına görə, Moderator.az Rusiya MN-in rəsmi saytına istinadla xəbər verir ki, 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və həmin tarixdən Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmış kəndimiz sülhməramlı kontingentin xəritəsinə ermənilərin işğal dövründə də qoyduğu adla “Madagiz” adıyla daxil edilib.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Naziriyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov Moderator.az-a ətraflı açıqlama verib.
“Öncə onu bildirim ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlı kontingentinin Azərbaycan Respublikasının müvafiq ərazisinə daxil olduğu ilk günlərdən Müdafiə Nazirliyinin müvafiq qurumları həm sülhməramlı kontingent komandanlığı, eyni zamanda Rusiya Müdafiə Nazirliyinə müraciət edərək sülhməramlı kontingentin məsuliyyət zonasını əks etdirən xəritələrdə yalnız Azərbaycan Respublikasının rəsmən qəbul etdiyi və rəsmi dövlət xərətələrində əks olunan toponim və hidronimlərdən istifadə etməli olduqlarını(məsələn, “Stepanakert” əvəzinə Xankəndi, “Mardakert” əvəzinə “Ağdərə” və s.) nəzərlərinə çatdırmışıq. Və mütəmadi olaraq buna riayət etməyi onlardan tələb edirik.
Konkret olaraq sülhməramlıların 5 yanvar 2022-ci il tarixli xəritələrindəki qeyd etdiyiniz Tərtər rayonunun Suqovuşan kəndi ilə bağlı xətaya gəldikdə, əvvəla, biz dərhal bu haqda yenə də Rusiya MN-i və sülhməramlıların komandanlığını xəbərdar etdik. İkincisi də, əslində bundan öncəki 4 yanvar tarixli xəritə ilə müqayisədə sözügedən xəritədə ərazi genişlənməsi, dəyişiklik yoxdur. Yəni Suqovuşanın gerçək koordinatlarıyla sözügedən xəritədə “Madagiz” yazılmış məkanın koordinatları uyğun gəlmir. Sadəcə, yəqin ki, hansısa əməkdaşın texniki səhvi ucbatından və yaxud bilmədiyimiz digər səbəbdən 5 yanvar tarixli xəritədə “Madagiz” sözü yazılıb. Onu da vurğulamaq lazımdır ki, bəhs edilən xəritələrin təqdim edildiyi sayt birbaşa Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə məxsus sayt deyil və bilavasitə Rusiya Müdafiə Nazirliyinin saytıdır. Və belə çıxır ki, o xəritələrdəki belə xətalar birbaşa həmin qurumun əməkdaşlarının qeyri-peşəkarlıq və ya məsuliyyətsizliklərinin nəticəsidir. Bir məsələni də qeyd etmək lazımdır ki, Rusiya sülhməramlı kontingentinin istifadə etdiyi xəritə sovet dövründəki SSRİ silahlı qüvvələr baş qərargahının xəritəsinə uyğunlaşdırılıb. Yəni, sadəcə, orada onların məsuliyyət zonasına aid ərazidəki adlar böyüdülərək xəritələrə daxil edilir. Bu xəritələrin yenilənməsi isə, hesab edirəm ki, bilavasitə Rusiya MN-in müvafiq qurumunun işidir... Bütün deyilənlərə rəğmən biz öncədən də, indi də bu cür yanlışlıqlar barədə Rusiya tərəfini xəbərdar edirik və buna davam edəcəyik. Və ümid edirik ki, bundan sonra qeyd edilən yanlışlıqlar düzəldiləcək və bir daha xətalara yol verilməyəcək. Sizə və əməkdaşı olduğunuz sayt rəhbərliyinə də Azərbaycan dövlətinin suverenliyi ilə bağlı belə məsələləri diqqətdə saxlayaraq dəstək olduğunuza görə təşəkkür edirik” –deyə MN rəsmisi vurğulayıb.
Biz də polkovnik-leytenant Anar Eyvazova ətraflı açıqlamaya görə minnətdarlığımızı bildiririk.
Xatırladaq ki, Moderator.az 2020-ci ilin sentyabr ayında Tərtər rayonunun Qapanlı kəndini də Rusiya MN-in təqdim etdiyi müvafiq xəritələrə daxil etməsi, eləcə də dekabrın 24-də Kəlbəcər ərazisindən Ermənistana yanlış patrul xidməti marşrutu qeyd etməsi haqda da məlumat verib.