Rusiya mətbəxində hazırlanan və Tokayevin xeyir-duası ilə həyata keçirilən İNTİHAR...

8-01-2022, 00:09           
Rusiya mətbəxində hazırlanan və Tokayevin xeyir-duası ilə həyata keçirilən İNTİHAR...
Rusiyanın KTMT pərdəsi altında keçmiş SSRİ ərazisində jandarma rolunu oynamaq istəyi aşkardır...

Türk dünyasının ən qorxaq rəhbəri, qıpçaq çölünün dövşanı Tokayevin satqın dəvəti nəticəsində Rusiya 2021-ci il yanvarın 6-da hərbi qüvvələrini KTMT tərkibində Qazaxstana yerləşdirə bildi. Bundan 32 əvvəl, 1990-cı ilin müxtəlif aylarında SSRİ Azərbaycana, Tiflisə və Vilnüsə də qoşun yeritmişdi. 42 il əvvəl əvvəl isə, 25 dekabr 1979-cu ildə isə Sovet İttifaqı “cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək” bəhanəsilə 40-cı ümumqoşun ordusunun hissələrini Əfqanıstana yeritmişdi. Diqqət etsək görərik ki, həm ssenarilər eynidir, həm də onlar eyni mətbəxdə hazırlanır.

Baltikyanı ölkələr Rusiyanın ətrafı üçün gec-tez təhlükə törədəcəyini vaxtında proqnozlaşdırıb, Qərbə inteqrasiya edə bildilər. Ardınca Gürcüstan, Ukrayna müəyyən itkilərlə getdi, tərəddüd edən Ermənistan isə start xəttindədir. İmkanı olan kimi o da Rusiyaya arxa çevirəcək. Belarus da ayaqlanmışdı, hələlik alınmadı.
Qazaxstan isə Orta Asiyanın ən zəngin, dünyanın 9-cu böyük ərazisinə malik ölkə kimi daim Rusiyanın hədəfində olub. N.Nazarbayevin təcrübəsi sayəsində 29 il ərazi bütövlüyünü qoruyan Qazaxstanın indiki rəhbərliyinin xalqına, qonşularına, türk həmrəyliyinə və Türk Dövlətlər Təşkilatına xəyanəti nəticəsində qardaş ölkə hazırda rus-erməni əsgərlərinin işğalına məruz qalıb. Qazaxstanın süverenliyi və müstəqiliyi tam təhlükədədir.

Rusiyanın son illərdə KTMT pərdəsi altında keçmiş SSRİ respublikaları ərazisində jandarma rolunu oynamaq istəyi aşkardır. TDT-nin yaranmasından və genişlənməsindən narahat olan Rusiyanın problemlər yaradacağı şübhə doğurmurdu. Amma bütün bu problemlərə baxmayaraq, qazax xalqı bu böhrandan üzü ağ çıxacaq. Tokayev kimi xalqına atəş açmağı əmr edənlərin aqibəti Nikolae Çauşeskunun taleyindən fərqli olmayacaq. TDT isə həm yaşayacaq, həm inkişaf edəcək, həm də genişlənəcək. Bu prosesi nə Rusiya, nə də onun KTMT adlı dəyənəyi dayandıra bilməyəcək. Türk Dövlətlər Təşkilatının Qazaxıstan məsələsi ilə bağlı müəyyən adekvat addımlar atacağı da ehtimal olunur.

Rusiyanın Ukraynada, Gürcüstanda, Qarabağda və Dnestryanı bölgəsindəki sülhməramlı fəaliyyətini nəzərə alsaq, Qazaxstanda da bunun neqativ nəticələrini ehtimal etmək mümkündür. 3000 nəfərə qədər qüvvə ilə dünyaynın 9-cu böyük ərazisinə malik Qazaxstanı nəzarətdə saxlamaq mümkün deyil. Xalqa söykənməyən Tokayevin hakimiyyətini qorumaq üçün başqa dövlətləri, xüsusilə “Qazaxstanda Xocalı faciəsini törədəcəyik” ifadəsinin trendə çevrildiyi Ermənistanı ölkəsinə dəvət etməsi, şərəfsizliyin son həddidir. Rusların gəlişi qazaxları daha da hiddətləndirib, bunun isə əvəzini Tokayev mütləq ödəyəcək.

Rusiyanın cənub sərhədləri ilə bağlı planları barədə iki il bundan öncə ABŞ-ın “Rand” tədqiqat mərkəzinin hazırladığı hesabatda Rusiyanın Qazaxıstan üzərində nəzarəti ələ keçirməsi ssenarisi təhlil olunub. Rusiya özünün cənubi-şərq sərhədlərini gücləndirmək, eyni zamanda Qazaxstan kimi zəngin ölkəyə nəzarət etmək və Çinlə sərhədlərini möhkəmlətmək üçün Almataya 14 min əsgər gətirəcəyi bu təhlildə yazılırdı.

KTMT-nin Qazaxıstana qoşun yeritməsi isə təşkilatın Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə tamamilə ziddir. KTMT üzv ölkələri xarici düşməndən qorumaq üçün nəzərdə tutulub. Yalnız Tokayev kimi qorxaq birisi ölkə daxilində maye qazın qiymətinin artırılmasına etiraz edən seçicilərini “xarici silahlı qüvvə” kimi təqdim edə bilərdi. Məəqsəd isə hakimiyyətini qorumaqdan ibarət idi. Digər tərəfdən isə Qazaxstan parlamenti və KTMT üzvü olan ölkələrin parlamentləri bu məsələni parlamentdə müzakirə etməli idilər. Tokayevin qorxaqlığı ucbatından faktiki olaraq Qazaxıstan işğal altındadır. Qazax xalqı ilə yaxından tanış olan birisi kimi əminəm ki, Qazaxıstan xalqı bu işğala səssiz qalmayacaq, satqınları isə bağışlamayacaq.

Hazırda bu işğala haqq qazandırmaq üçün Kreml Milonov, Zatulin və Jirnovski kimi təlxəkləri işə salıb. Sıralarına rus kilsəsinin nümayəndələrini də əlavə ediblər. Kreml açıq - aşkar deyə bilmədiklərini türk əleyhdarı olan bu təbliğatçıların dili ilə deyir. Keşiş Qazaxstanın Rusiyaya aid olduğunu, Zatulin Ermənistanın dünyadan böyük olduğunu iddia edir. Jirinovskiyə isə Azərbaycan Prezidentinə hücum etməsə, maaş verilmir. Milonovun isə sanki göbəyi (yaxşı ki, göbəyi) Xankəndində kəsilib. Başqa sözlə düsək, artıq rus təbliğat maşını Qazaxstanın işğalına haqq qazandırmağa başlayıb. Qazaxıstan hadisələrinin müəllifi nə türk dünyasıdır, nə də qazax xalqıdır. Bu Rusiya mətbəxində əvvəlcədən hazırlanan və Tokayevin xeyir-duası ilə həyata keçirilən faciəli bir ssenaridir. Yəqin ki, sonuncu da deyil.

Azərbaycan yaxın günlərdə 20 yanvar hadisələrinin ildönümünü qeyd edəcək. 32 il əvvəl təxminən eyni ssenari ilə SSRİ qoşunlarının Bakıya yeridilməsi ilə başımıza gətirilən faciəni unutmalı deyilik. Hər bir vətəndaş, hər bir asayiş keşikçisi ayıq sayıq olmalıdır. Azərbaycan müstəqil siyasəti və Müharibədəki qələbəsi ilə bir çox qüvvələrin maraq dairəsində olduğunu daim yadda saxlamalıyıq.

Ədalət Verdiyev,
hərbi ekspert, Xüsusi olaraq Moderator.az üçün












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.