“Şimal axını - 2” böhranı - Qərb alternativlər axtarır

8-02-2022, 12:25           
“Şimal axını - 2” böhranı - Qərb alternativlər axtarır
Proseslər göstərir ki, Rusiya ilə Ukrayna arasındakı gərginliyin mənbəyi məhz Qərbdir. Söhbət nədən gedir? Əgər “Şimal axını 2” layihəsi işə salınacaqsa, Avropanın Rusiya qazından asılılığı bir neçə dəfə artmış olacaq.
Rusiya Ukraynaya təcavüz edəcəyi təqdirdə, ABŞ Rusiya qazını Avropaya göndərəcək əsas boru kəmərinin - “Şimal axını 2” layihəsinin açılışını dayandıracağını bəyan edir.
Bəs “Şimal axını – 2” layihəsi nə deməkdir?
Bu layihə Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyaya qaz ixracını iki dəfə artırmaq üçün nəzərdə tutulub. İllik gücü 55 milyard kubmetr olan qaz xəttinin inşasına milyardlarla sərmayə qoyulub. Eyni zamanda, sərmayəçilər içərisində Avropa şirkətləri də var.
Deməli, Rusiya Almaniyaya daha çox qaz tədarük etməklə Avropa ölkələrinin Moskvadan asılılığını artırmaq niyyətindədir. Bunun üçün Moskva tərəfindən Qərb ölkələrinə, eləcə də ABŞ-a yönələn “ən optimal təhdid nöqtəsi” Ukrayna ilə yaradılan gərginlik ola bilərdi. Bu o deməkdir ki, əgər qaz kəmərinə mane olsanız, Ukraynaya hücum edəcəm. Rus əsgərlərinin və hərbi texnikalarının Ukrayna sərhədlərində yerləşdirilməsi də Rusiyanın niyyətinin nə qədər ciddi olduğunu göstərmək üçün atılan addımdır. Əslində isə imitasiyadır.
Bəs ABŞ?
ABŞ Avropanın Rusiya qazından asılı olmasını istəmir və Vaşinqton üçün “Şimal axını - 2” layihəsinin işə salınmasına mane olmaq üçün “ən optimal bəhanə” olaraq Ukraynanı seçib. Halbuki başqa seçim də yox idi.
Bu da o deməkdir ki, əslində ABŞ Rusiyanın Ukraynaya təcavüz etməsini istəyir. ABŞ üçün başqa yol yoxdur. Rusiya Ukraynaya hücum etməsə, ABŞ qaz kəmərinin qarşısını almaqda çətinlik çəkəcək. Ancaq Ukraynaya hücum olsa, qaz kəmərinin taleyi birdəfəlik bloklanacaq. Təsadüfi deyil ki, ABŞ Ukraynaya hərbi yardımlar etməklə, Rusiyanı müharibəyə təhrik edir.
Artıq Avropa alternativ enerji layihələri (oxu - ölkələri) axtarır.
Avropa İttifaqı Şurasının prezidenti Şarlı Mişel “Ukraynaya qarşı təhlükə Avropaya qarşı təhlükədir” demişdi.
Diqqəti başqa bir məqama çəkək:
Təsadüfi deyil ki, fevral ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısı keçirildi. Bu toplantı həm də Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın əhəmiyyətli rolunun ifadəsi idi. Elə həmin gün Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirmiş oldu. Avropa İttifaqının Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğu qeyd olundu.
Ardınca nə baş verdi?
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Bütün bunlar həm də Fransa-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addımlar idi.
Türkiyə prezidenti Ərdoğanın Ukraynaya səfəri Fransa prezdentinin Rusiyaya səfəri ilə eyni konteksdə təhlil olunmalıdır. Hazırda Rusiya-Türkiyə araaında ciddi yaxınlaşma mövcuddur.
Fevralın 7-də Moskvada Putin Makronu qəbul etdi. Həmçinin, Co Baydenlə Almaniyanın kansleri Olaf Şolzla görüşdü. Hər iki görüş saatlarla davam etdi.
Ərdoğanın Ukraynaya səfəri Rusiyanın həqiqi məqsədlərinin daha etibarlı şəkildə Zelenskiyə çatdırılması demək idi.
Fransa prezidentinin Rusiyaya səfəri də ABŞ-ın Rusiyadakı mövqeyinin ifadəsi baxımından çox mühümdür.
Rusiya ilə gərginlik münasibətlər sferasında ABŞ Almaniyadan daha çox, Fransaya etibar edir. Çünki “Şimal axını - 2” layihəsinin əsas generatoru məhz Almaniya olub. Almaniya hesab edir ki, bu layihə özünün müstəqil enerji siyasəti üçün əhəmiyyətlidir. Ancaq bu gün situasiya dəyişib. Artıq Almaniya bu layihəyə yenidən baxmaq üçün iradə nümayiş etdirib.

Heç şübhəsiz, ABŞ NATO-nu genişləndirmək niyyətindədir, bu prosesə keçmiş sovet ölkələrinin “cəlbetmə” əməliyyatları Rusiyanı narahat edir. Rusiya keçmiş sovet ölkələrinin, xüsusilə də, slavyan xalqlarının və Ukrayna xalqının taleyini Moskvadan kənarda görmək istəmir.

Müəllif: Samir Feyruzov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.