ERMƏNİSTANDA “KÖHNƏ KLAN”LA PAŞİNYAN TƏRƏFDARLARI ARASINDA SAVAŞ AÇIQ MÜSTƏVİYƏ KEÇİR… - Müxliflərin həbsinə etiraz artır

9-02-2022, 00:05           
ERMƏNİSTANDA “KÖHNƏ KLAN”LA PAŞİNYAN TƏRƏFDARLARI ARASINDA SAVAŞ AÇIQ MÜSTƏVİYƏ KEÇİR… -
Dünyanın diqqəti Ukrayna-Rusiya gərginliyinə yönəlmişkən, Ermənistanda köhnə klan və yeni hakimiyyət arasında "yorğan davası" gedir. Başqa sözlə, “köhnə klan”ın kadrları Nikol Paşinyanın "torunda çabalayır".

Belə ki, Ermənistan baş naziri başlatdığı köhnə klanın sıxışdırılması və cilovlanması hərəkatını uğurla aparmaqdadır. “Köhnə klan”ın "şil-küt" edilən "əzalarının xırçıltısı" çoxdan eşidilməkdədir. Paşinyan onların nümayəndələrini nəinki hakimiyyətin əsas aparatından, habelə bölgələrdən də kənarlaşdırmaqdadır.

Bu gün parlamentdəki müxalifətçi “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan parlamentdə müxalifətçilərin həbsi ilə bağlı çıxış edib. O qeyd edib ki, demokratik dəyərləri təbliğ edən, amma beynəlxalq ictimaiyyətin gözü qarşısında açıq-aşkar diktaturaya can atan Ermənistan iqtidarı hakimlərin qanunsuz tələblərinə əməl etməyən icma rəhbərlərini, Ağsaqqallar Şurasının üzvlərini, hakimiyyətin çoxsaylı tənqidçilərini qanunsuz həbs edir.

“Dünən, yeni hüquqi zəmin olmadığı halda, Kacaran icmasının rəhbəri Manvel Paramazyan yenidən həbs olundu, biz hakimiyyətin hazırkı merlərə və icma başçılarına qarşı açıq-aşkar qanunsuz hərəkətlərini pisləyirik”, - deyə Seyran Ohanyan bildirib.

O qeyd edib ki, hazırda “Apellyasiya Cinayət Məhkəməsi” siyasi məhbus, Gorus şəhərinin meri Aruş Aruşanyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxır. Seyran Ohanyan bildirib ki, iki müxalifət fraksiyasının deputatları Aruş Aruşanyanı dəstəkləmək üçün məhkəməyə müraciət edəcəklər. “Biz soydaşlarımızı hüquqi və demokratik Ermənistan naminə bu mübarizədə iştirak etməyə çağırırıq”, - deyə Ohanyan bildirib.

Qeyd etmək yerinə düşər ki, bənzər bəyanat “köhnə klan”ın "bərk qoz"larından Robert Koçaryandan da gəlib. "Ermənistanın və Artsaxın qarşısında duran son dərəcə çətin çağırışlar qarşısında indiki hakimiyyət bütün resurslarını müxalifəti təqib etmək, işgəncə vermək, nəyin bahasına olursa-olsun həbs etmək və onun nümayəndələrini həbsdə saxlamaq üçün bütün imkanlarını cəmləyib", deyə Robert Köçəryan açıqlamasında bildirib.

O, əlavə edib ki, Aruş Aruşanyan, Manvel Paramazyan, Narek Mantaşyan və Qarnik İsaqulyan sırf siyasi baxışlarına görə həbs ediliblər: “Bu gün hakimin ədalətli olduğuna görə həbs olunmasına daha təəccüblənmirik. Bu, hüquqi rüsvayçılığın yeni səviyyəsidir. Bu, məhkəmənin müstəqilliyini məhv etmək üçün xüsusi bir aksiya və həbslərlə yeni qorxu dalğasıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.