Belarus işğal oluna bilərmi?

9-02-2022, 11:18           
Belarus işğal oluna bilərmi?
“Qərb ekspertləri əmindirlər ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya yaratdığı təhdid dalğasında daha bir ölkəni – Belarusu işğal etməyə hazırlaşır”. Almaniyanın “Bild” qəzeti belə yazır.

Qəzet mövzu ilə əlaqədar Svetlana Tixanovskayanı da danışdırıb.

Svetlana Tixanovskaya 2020-ci il avqustun 9-u Belarusda keçirilən prezident seçkisində dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olub. Seçkinin rəsmi yekununda Lukaşenko 80,1 faiz səslə qalib elan edilib, Tixanovskayanın 10,1 faiz səs yığdığı bəyan olunub.

İctimaiyyət seçkinin rəsmi nəticələrini qəbul etmədiyi üçün ölkədə davamlı etiraz aksiyaları keçirilib və hakimiyyət repressiyalar aparıb. Seçkinin nəticələrini tanımaqdan imtina edən Svetlana Tixanovskaya ölkədən çıxarılıb, Litvada məskunlaşıb.

Bir sıra Qərb dövlətləri Aleksandr Lukaşenkonun legitimliyini tanımır, Svetlana Tixanovskayanı 2020-ci il seçkisinin həqiqi qalibi, xalqın seçdiyi prezident kimi qəbul edir.

Novator.az saytı xəbər verir ki, “Bild”in materialında da Svetlana Tixanovskaya “mühacirətdə olan prezident” kimi təqdim olunub.

Belarusun işğal edilməsi ehtimalına münasibət bildirən Svetlana Tixanovskaya “Bild”ə deyib ki, total işğaldan danışmaq hələ tezdir, amma narahatlığa əsas var: “Ərazimizdə minlərlə əsgər, hərbi texnika cəmlənib və biz bilmirik sabah onlar nə edəcəklər”.

Tixanovskaya qorxur ki, Putin Belarusdan Qərblə çirkli sövdələşməyə girmək üçün yararlansın, Ukrayna ilə sərhəddə gərginliyi müəyyən qədər azaltmaqla, qoşunları qismən geri çəkməklə əvəzində Belarusu özünə tam tabe etdirməyə Qərbdən razılıq alsın: “Əslində bütün diqqətin Ukraynaya yönəlməsi Belarusa böyük təhlükə yaradır. Qorxuram ki, Belarus Qərblə Rusiya arasındakı böhranda alver obyektinə çevrilsin. Bu, qəbuledilməzdir. Belaruslar heç vaxt öz müstəqilliklərindən imtina etməyəcəklər. Rusiya ilə sövdələşmələr bizim suverenliyimiz hesabına başa gəlməməlidir”.

“Bild” vəziyyətin təhlükəli həddə çatdığını vurğulayır: birgə hərbi təlim adı altında Putin Belarusa, bu ölkənin Ukrayna ilə sərhədinə 5000-dən artıq əsgər göndərib. Yaxın zamanda onların sayının bir neçə dəfə çoxalacağı gözlənir.

Bundan başqa, qısamənzilli raketlər, zenit silahları, tanklar və digər avadanlıqlarla birlikdə minlərlə rus hərbçi Belarusun Polşa və Litva ilə sərhədində də yerləşdirilib. Həmçinin ərazilyə xüsusi təyinatlı bölmələr göndərilib.

Tixanovskaya Qərbə xəbərdarlıq edir ki, Putinin hiyləsinə uymasın: “Diqqət yetirməli olduğumuz əsas tarix 20 fevraldır. Həmin gün Belarusda təlimlərin başa çatacağı iddia olunur. Əgər fevralın 20-dən sonra Rusiya qoşunlarını çıxarmasa, biz bunu suverenliyimizə qəsd kimi dəyərləndirməli və ən qəti cavabı tələb etməliyik”.

Tixanovskaya əmindir ki, Belarus xalqı buna dözməyəcək.

“Bild”in məlumatına qeyd olunur ki, Belarus diktatoru Aleksandr Lukaşenko 2020-ci ildəki saxta seçkidən sonra Kremldən tamamilə asılı vəziyyətə düşüb. Putin həmin vaxt Lukaşenko əleyhinə nümayişləri nəzarətdə saxlamaq üçün Belarusa qoşun və xüsusi təyinatlılar göndərib: “O zamandan bəri Putin qonşu diktatoru Rusiya ilə müqaviləni dəstəkləməyə daha çox təhrik edir. Rusiya və Belarusun ittifaq dövləti yaratması haqda həmin köhnə müqavilə Putinin sələfi Boris Yeltsinin dövründə imzalanıb. Putin bu qondarma müqaviləyə əməl olunmasına çalışır və Lukaşenkonu Belarusu faktiki olaraq Rusiya imperiyasına daxil etməyə məcbur edir”.

Lukaşenko Rusiyanın müdaxilə niyyətini öz xalqına başqa formada təqdim edir və iddia edir ki, Rusiya əsgərləri Belarusu heç bir şəkildə təhlükə törətmir: “Ölkəmiz hücuma məruz qalarsa, yüz minlərlə rus əsgər yüz minlərlə belaruslu ilə birlikdə müqəddəs torpağımızı müdafiə etmək üçün burada olacaq”.

Tixanovskaya isə Ukrayna və Belarus ətrafındakı böhrana böyük təhlükə kimi baxır: “Düşünürəm ki, Avropanın gələcəyinə təsir edəcək çox təhlükəli bir tarixi andayıq. Təhlükəni aradan qaldırmaq üçün əlimizdən gələni etməliyik”.

Tixanovskayanın fikrincə, Lukaşenko daxili siyasi problemləri Ukrayna böhranı arxasında gizlətməyə çalışır: “Ölkədə problemlərin niyə həll olunmadığını izah etmək üçün ona xarici düşmən lazımdır. Lukaşenkonun siyasi rəqibləri həbsdədir və o, deyə bilməz ki, problemləri müxalifət nümayəndələri yaradırlar. Ona görə də Lukaşenko günahı Ukrayna ilə NATO-nun üzərinə yıxır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.