Putin “Qarabağ problemi bitib” dedi! - “Bu, rusların Azərbaycanda qalması üçündür”
9-02-2022, 16:42

Rusiya prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətdən danışıb. Öz çıxışında Qarabağdakı sülhməramlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirən Rusiya dövlət başçısı bildirib ki, Minsk qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar. Bununla da V.Putin ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri olan Fransaya, eləcə də Amerikaya bildirmiş oldu ki, Qarabağda bir vasitəçi var, ola bilər, o da Rusiyadır. Putinin "Minsk qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar" sözləri isə tamamilə Prezident İlham Əliyevin fikirləridir desək yanılmarıq.
44 günlük müharibə ilə 30 illik işğala son qoyulduğu üçün hər hansı bir münaqişənin söhbət mövzusu olmadığını az qala hər çıxışında qeyd edən Azərbaycan Prezidenti, bununla da Minsk Qrupunun "münaqişənin həlli" ilə bağlı regionda hər hansı bir məsələdə iştirakının da artıq mümkünsüz olduğu, geridə qalan illər ərzində "missiyalarının" öhdəsindən gələ bilmədikləri barədə dediklərinin təsdiqi idi. Putin bu açıqlaması ilə 10 noyabr üçtərəfli bəyanatından sonra Minsk Qrupunun fəaliyyətinin formal xarakter daşıdığını işarə edib. Kreml sahibi eyni zamanda Qərbə bir daha xatılratmış oldu ki, artıq "Qarabağ münaqişəsi", "Dağlıq Qarabağ problemi" deyilən bir şey qalmayıb, ona görə Minsk Qrupu reg ionda iştirak etmək istəyirsə, burada yalnız humanitar və sosial-iqtisadi problemlərin həlli istiqamətində fəaliyyətdən söhbət gedə bilər. Teref.az-ın məlumatına görə, Vladimir Putinin Qarabağ haqqında çıxışını “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, bu hələ sülhməramlıların ölkədən çıxarılacağına işarə deyil:
“Rusiya hərbçilərinin Azərbaycandan çıxması ilə bağlı 10 noyabr bəyannaməsində xüsusi maddə var ki, sülhməramlılar 5 il müddətində burada qalacaqlar. 5 il sonrakı müddətdə əgər tərəflər qoşunların çıxmasını istəyərlərsə, yaxud iki tərəfdən biri Qarabağda qalmasına etiraz edərsə, o halda sülhməramlılar çıxa bilər. Hesab etmirəm ki, V.Putin sülhməramlıların Azərbaycandan çıxacağına işarə verib. Əksinə, bu, Rusiya hərbçilərinin Azərbaycanda qalması üçün bir mesajdır. Gələcəkdə ola bilsin ki, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq istiqamətində hansısa razılaşma olsun, yaxud Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olsun”.
Politoloq Rusiya Prezidentinin ATƏT-in Minsk qrupu ilə bağlı söylədiklərinə əlavə olaraq bildirib ki, həmin qrup 30 ildə heç bir işlə məşğul olmayıb:
“Yalnız yersiz, yetərsiz və qabiliyyətsiz fəaliyyəti ilə yadda qalıb. Arada bir bəyanat verməklə özlərinin ezamiyyət haqlarını və planlaşdırılmış fəaliyyəti nümayiş etdirməyə çalışıblar. Onlar boş maliyyə vəsaitinin xərclənməsi ilə məşğul olublar. ATƏT üzvləri isə bu təkilatın yaşaması üçün üzvlük haqqı verib. Deməli, Minsk qrupu dövlətlərin verdiyi üzvlük haqqını boş-boşuna xərcləyib. Amma heç bir önəmli işlə də məşğul olmayıb. O işi, yəni, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını Azərbaycan tərəfi həyata keçirib. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib. Bunu nə Rusiya, nə Fransa, nə Türkiyə, nə də digər dövlətlər inkar edə bilər. Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri beynəlxalq normalar çərçivəsində Azərbaycanın addımını müdafiə ediblər”.
S.Soltan hesab edir ki, Rusiya özünü münaqişələri həll edən ölkə kimi göstərmək istəyir:
“V.Putinin bu bəyanatı heç şübhəsiz ki, həm də beynəlxalq səviyyədə ona qarşı təzyiqləri azaltmaq üçün özünə güc toplamaq anlamına gəlir. Putin göstərmək istəyir ki, Rusiya nəinki, münaqişə yaradan tərəfdir, əksinə münaqişənin həllinə tərəfdaş olan ölkədir. Ona görə də Qarabağ münaqişəsinin bitdiyi ilə bağlı bəyanat verir. Hesab etmirəm ki, Putin yeni nəsə demək istəyib. Sadəcə olaraq, indiki vəiyyətdə onun verdiyi bütün bəyənatlar öz ölkəsinin və hakimiyyətinin müdafiəsi üçündür”.