GUAM canlanır? - “Onsuz da “ölü təşkilat” deyil”
10-02-2022, 00:02

Bu il GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin liderlərinin sammiti olacaq.
Bu barədə Moldovanın XİN rəhbəri Niku Popesku deyib. O bildirib ki, GUAM-ın perspektivi yaxşıdır. “Bildiyiniz kimi, bu il təşkilata sədrliyi Moldova edəcək. Biz ölkələr arasında siyasi dialoqu gücləndirmək istəyirik. Bu il GUAM-a üzv dövlətlərin dövlət və hökumət başçılarının sammiti də planlaşdırılır, bunun detalları üzərində işləyirik. Biz həmçinin sektoral əməkdaşlığı gücləndirmək istəyirik, bura nəqliyyat, enerji, ərzaqların çatdırılması və s. məsələlər daxildir. GUAM-ın praktiki tərəfləri çoxdur. Bildiyiniz kimi, bu təşkilat həmrəylik, ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı dəstəyi təşviq etmək üçün yaradılıb. Və biz indi də bu məsələlərlə bağlı koordinasiyalı əməkdaşlıq aparırıq”, - Popesku vurğulayıb.
Ümumiyyətlə, GUAM Azərbaycan üçün perspektivli təşkilatdır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, GUAM liderləri arasında sammitə ehtiyac var idi:
“Çünki çoxdandır ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova prezidentləri ayrı-ayrı görüşsələr də, bir araya gəlmirdilər. Hesab edirəm ki, ortaq layihələri müzakirə etmək olar. Bu sammit təşkilatın canlanmasında xüsusi rol oynaya bilər. Ümumiyyətlə, GUAM son illərdə daha çox iqtisadi maraqlar üzərində köklənib. İldə bir dəfə hansısa səviyyədə GUAM ölkələrinin nazirləri görüşərək, fikir mübadiləsi aparırlar. Həmçinin, bu təşkilatın baş katibi də azərbaycanlıdır”.
Politoloq qeyd edib ki, GUAM böyük ümidləri doğrultmasa da, “ölü təşkilat” deyil:
“Ona qalsa, təşkilatların böyük əksəriyəti “ölü”dür. Hazırda heç bir təşkilat çox effektiv deyil. Rusiyanın iştirakçısı olduğu Şanxay Əməkdaşlıq Təşkilatında Hindistan və Çin arasında vəziyyət gərgindir. Həmçinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da çoxlu qeyri-müəyyənlik var. Azərbaycan əsasən həm dövlətlərlə, həm də müxtəlif qurumlarla ikitərəfli əlaqələrə üstünlük verir. Lakin biz müəyyən formatlarda da iştirak edirik. Hazırda iştirak etdiyimiz ən böyük format Qoşulmama Hərəkatıdır. Həmçinin, o təşkilata sədrlik edirik. GUAM da bizim üçün faydalıdır. Yəni burada ortaq layihələr və maraqlar var. Eyni zamanda bu təşkilata üzv olan 4 ölkədə də separatizm mövcuddur. Bu ölkələrdə separatizmin mövcud olması onları bir-birinə yaxınlaşdırır. Bu ölkələr hər birinin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyirlər. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin Kiyevə çox uğurlu səfəri oldu. GUAM ölkələri arasında ortaq iqtisadi və enerji layihələri var. Düşünürəm ki, bütün ümidləri doğrultmasa da, Azərbaycanın GUAM təşkilatında fəaliyyətinə davam etməsi milli və təhlükəsizlik maraqlarımıza cavab verir”.
Elmir