ABŞ Ukraynadakı səfirliyinin təxliyəsini izah edib, ATƏT missiyasının əməkdaşları qərargahı tərk edirlər

14-02-2022, 10:43           
ABŞ Ukraynadakı səfirliyinin təxliyəsini izah edib, ATƏT missiyasının əməkdaşları qərargahı tərk edirlər
Şəklin alt yazısı,Xerson şəhəri yaxınlığında Ukrayna milli qvardiyasının təlimləri
ABŞ dövlət katibi Antony Blinken Rusiyanın hərbi müdaxiləsi təhlükəsi səbəbindən Ukraynadakı səfirliyin təxliyəsini düzgün addım sayır. Medianın bildirdiyinə görə, ATƏT-in Donbassdakı missiyasının üzvləri də qərargahı tərk etməyə başlayıblar.

Hərbi hücum riski "kifayət qədər yüksəkdir və təhlükə kifayət qədər yaxındır, odur ki, ABŞ səfirliyinin boşaldılması düşünülmüş bir qərardır", Blinken izah edib.

Ötən gün Ukrayna prezidenti Vladimir Zelenski hamını sakitliyə çağırıb və əlavə edib ki, camaat arasında vahimə ən böyük düşmənə çevrilə bilər.

ABŞ-dan nümunə götürərək ondan çox ölkə öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

Ukrayna ilə sərhəd boyu 100 minə yaxın əsgər toplamış Moskva hərbi hücum planlarını nəzərdən keçirdiyini inkar edir.

ATƏT "dislokasiyanı dəyişir"

Jurnalistlər bildirirlər ki, ATƏT-in Donbasdakı missiyasının amerikalı əməkdaşları da bazar günü regionu tərk etməyə başlayıb.

Səhər saatlarında çamadanlarla yüklənmiş ATƏT loqotipi olan bir neçə zirehli maşın təşkilatın qərargahını tərk edib. Avtomobillərin hara getdiyi məlum deyil; ATƏT hələlik bu məsələni şərh etməyib.

ATƏT-in bəzi əməkdaşlarının Ukraynanın şərqini tərk etməsi barədə məlumatı Rusiya XİN rəsmisi Mariya Zaxarova təsdiqləyib.

"Bu qərarlar bizi ciddi narahat etməyə bilməz", - Rusiya xarici işlər nazirliyinin saytındakı şərhdə deyilir.

"Süni şəkildə artırılan gərginlik şəraitində missiyanın öz mandatına tam uyğun olaraq monitorinq fəaliyyəti həmişəkindən daha çox tələb olunandır", - Zaxarova vurğulayıb.

ATƏT-in xüsusi missiyası ölkənin şərqində Ukrayna hərbçiləri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında silahlı qarşıdurma başlayandan sonra yerləşdirilib.

ATƏT-dən bildirildiyinə görə, missiyanın müşahidə apardığı ərazini Rusiya ciddi şəkildə məhdudlaşdırıb və "müşahidəçilərə yalnız durbin və kameralardan istifadənin qadağan olunduğu xüsusi ayrılmış dar zonalarda işləməyə icazə verib".

Nəticədə, ATƏT müşahidəçilərinin qərargahı yalnız separatçıların nəzarətində olan Donetsk və Horlivkada qalıb.

ABŞ-ın NATO-dakı nümayəndəsi Julianne Smith bazar günü bir daha bəyan edib ki, Washington-un məlumatına görə, Rusiyanın Ukraynaya qarşı hücumu ən yaxın vaxtda başlaya bilər: "ABŞ-da belə bir hiss var ki, vəziyyət indi çox narahatedicidir, çox təhlükəlidir və biz hesab edirik ki, yaxın günlərdə nəsə baş verə bilər".

"Onların [Rusiyanın] sərhəddə 100 mindən çox əsgəri var, onlar Belarusa on minlərlə hərbçi yerləşdirib. Onlarda hücuma başlamaq üçün lazım olan hər şey var, hücum yaxın zamanlarda baş verə bilər. Putinin nə qərara gəldiyi barədə məlumatımız yoxdur, lakin müttəfiqlərimizi, ABŞ vətəndaşlarını və Ukraynanı xəbərdar etmək istəyirik ki, bir neçə günə hücum başlaya bilər", - o deyib.

Kremlin xarici siyasət üzrə baş müşaviri Yuri Uşakov bir gün əvvəl deyib ki, "müdaxilə mövzusu ətrafında gərginliyin artırılması koordinasiyalı şəkildə həyata keçirilib və isteriya kulminasiya nöqtəsinə çatıb".

Şənbə günü gərginliyi diplomatiya yolu ilə azaltmaq səyləri davam etdirilib. Rusiya prezidenti Vladimir Putinlə söhbətində ABŞ prezidenti Joe Biden bir daha xəbərdarlıq edib ki, hücum edəcəyi təqdirdə Rusiyaya bu "çox baha başa gələcək".

Eyni zamanda Britaniyanın müdafiə naziri Ben Wallas Qərb ölkələrinin diplomatik səylərini nasist Almaniyasını sülhə dəvət etmək siyasəti ilə müqayisə edib.

"Münhen ab-havası qoxusu gəlir", - Wallas Sunday Times nəşrinə bildirib.

Wallas həmçinin Ukraynaya Rusiyanın hücum ehtimalının çox yüksək olduğunu qeyd edib və hər an baş verə biləcəyini bildirib.

ABŞ Vövlət katibi Antony Blinken Rusiyanın hərbi müdaxilə təhlükəsi səbəbindən Ukrayna səfirliyinin təxliyəsini düzgün addım sayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.