"Əgər oliqarxların və xalqın etirazı genişmiqyaslı olarsa, hakimiyyətin devrilməsi reallaşacaq" - Ekspert danışır

4-03-2022, 09:03           
"Əgər oliqarxların və xalqın etirazı genişmiqyaslı olarsa, hakimiyyətin devrilməsi reallaşacaq" - Ekspert danışır
Rusiyanın Ukraynaya təcavüzü genişlənir. Qərb ölkələrinin sanksiyaları ilə yanaşı, Moskvanın işğal siyasətinə rus ictimaiyyəti də etirazını bildirir. Rusiyanın bir neçə şəhərində etiraz aksiyaları polis tərəfindən sərt formada yatırılsa da, ruslar hökumətə qarşı şüarlar səsləndirməkdən çəkinmirlər. Sankt-Peterburqda küçələrə axışanlar “Biz müharibə istəmirik”, “Ukrayna bizim düşmənimiz deyil” kimi şüarlar səsləndiriblər. İştirakçılar indiki dövrdə müharibənin biabırçılıq olduğunu söyləyiblər. Polisin yüzlərlə aksiyaçını həbs etdiyi deyilir. Ekspertlərin fikrincə, müharibə uzanar, Rusiyaya qarşı sanksiyalar dərinləşərsə, “müharibəyə yox” deyənlərin sayı artacaq. Teref.az-ın məlumatına görə, Rusiyadakı etirazların miqyasını “Şərq”ə dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, 23-cü ildir Vladimir Putin hakimiyyətdədir. Partiya rəhbərinin sözlərinə görə, Kreml rəhbəri ötən illər ərzində daha çox avtoritar rejim formalaşdırmağa üstünlük verib:

“Putin ona etiraz edən kifayət qədər ciddi qüvvələri sıradan çıxarıb. Faktiki olaraq Rusiyada Putinə qarşı çıxacaq siyasi təşkilat və ya fiqur yoxdur. Ukrayna ərazisinin işğalına başlanması və ölkənin hərtərəfli sanksiyalara, təzyiqlərə məruz qalması fonunda Rusiyanın müxtəlif şəhərlərində etirazlar baş qaldırdı. Narazı kütlənin əsasını rus oliqarxları təşkil edir. Milyardlara sahib rusiyalı iş adamlarına çox ciddi ziyan dəyib. Sanksiyalardan sonra rus biznesmenlərin bir çoxunun Avropadakı əmlakı, şirkətləri müsadirə olunub, bank hesablarına həbs qoyulub. Bu da oliqarxların nəhəng bizneslərinin çöküşü deməkdir. Əgər oliqarxların etiraz aksiyası davamlı, ciddi və genişmiqyaslı olarsa, xalqın da dəstəyini qazanarsa, Putin üçün problem yaranacaq. Hətta Kreml rəhbərinin hakimiyyətdən devrilməsi də reallaşar. Nəzərə alaq ki, Rusiya ilk dəfədir ki, belə böyük ölçüdə iqtisadi təzyiqlərlə üzləşib. Rusiya neft və qazını satmaqda çətinlik çəkir, böyük şirkətlər rus bazarından çıxır, xaricdəki bank hesabları dondurulur və s. Bütün bunlar isə birbaşa Putinin həyata keçirdiyi siyasətin nəticəsi kimi dəyərləndirilir”.

A.Əlizadə vurğulayıb ki, Ukraynada ölümə göndərilən rus əsgərlərinin yaxınlarının etirazları da hökumətə qarşı yönəlir:

“Kreml xalqı aldadırdı ki, guya, Ukraynada neonasistlər rus icmasını sıxışdırır. Həmçinin, NATO Ukrayna tərəfdən Rusiyaya çox ciddi təhdid yaradır və s. Rus cəmiyyəti bunların yalan olduğunun fərqinə vardı. Əgər Qərb Rusiyanı dayandırmaqda çətinlik çəkirsə, rus xalqı özü Putinə “dur” deməlidir. Putinin apardığı siyasət sadəcə Rusiyanın deyil, özünün də sonunu gətirir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.