Aşkar və gizli savaş: - hərbçi və diplomatların mübarizəsi qızışır

25-04-2022, 17:31           
Aşkar və gizli savaş: -
Rusiya Ukraynanın işğalına cəhd etdiyi bir vaxtda ABŞ nümayəndələrinin ən yüksək səviyyədə Kiyev şəhərinə səfəri baş tutub. Dünən ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin Kiyevdə olduqlarını əvvəlcə Ukrayna elan edib, daha sonra Vaşinqton məlumatı təsdiqləyib. Teref reyting.az-a istinadla xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenskinin müşaviri Oleksiy Arestoviç bazar günü gecə ABŞ-dan ən yüksək səviyyəli səfər barədə məlumat verən ilk şəxs olub.

Daha əvvəl xəbərin şərhindən imtina edən Vaşinqton, iki nazirin bazar günü Kiyevə gəldiyini və bazar ertəsi səhər saat 6:34-də Ukrayna lideri V. Zelenski ilə görüşdüyünü açıqlayıb.

Beynəlxalq xəbər agentliklərinin “son dəqiqə” kodu ilə yaydığı açıqlamada daha sonra Vaşinqton vurğulayıb ki, Blinken və Ostin hazırda Ukrayna ərazisində deyillər.

Xarici işlər naziri (dövlət katibi) Blinken və müdafiə naziri Ostin əvvəlcə Polşaya, daha sonra isə Ukraynanın paytaxtı Kiyevə uçub. Zelenski və digər yüksək vəzifəli ukraynalılarla görüşən amerikalıların səfəri barədə təhlükəsizlik səbəbindən əlavə məlumat verilməyib.

Səfərdən dərhal sonra Kiyevə yeni beynəlxalq hərbi yardım elan olunub. Müvafiq olaraq, 713 milyon dollarlıq hərbi yardımın 300 milyon dolları xarici silahların alınmasına, 165 milyon dolları isə sursata xərclənəcək.

713 milyon dollarlıq yardım paketinə ABŞ-ın 15 müttəfiqi və ya tərəfdaşı daxildir. 713 milyon dolların yarısının birbaşa Ukraynaya göndəriləcəyi bildirilir. Yeni silahlardan xüsusilə Donbass bölgəsində rus işğalçılarına qarşı istifadə ediləcəyi gözlənilir.

ABŞ fevralın 24-dən əvvəl Kiyevi tərk edən diplomatlarının bu həftə Ukraynanın paytaxtına qayıdacaqlarını da bildirir. ABŞ prezidenti C. Baydenin Ukraynaya yeni səfir təyin edəcəyi də verilən məlumatlar sırasındadır. Amerika mediası yeni səfirin təcrübəli diplomat Bridget Brink olacağını yazır.

Qeyd edək ki, Blinken və Ostinin Ukrayna səfəri ilə bağlı fotolar saatlar sonra ABŞ Dövlət Departamenti tərəfindən paylaşılıb. Ehtimal olunur ki, amerikalılar, Kiyevə gəlmələrini yüksək səviyyəli səfər başa çatana qədər məxfi qalmasını istəyiblər. Səfərə jurnalist dəvət olunmayıb və iki nazir Polşaya qayıdana qədər səfər haqda infromasiya rəsmi şəkildə təsdiqlənməyib.

Antoni Blinken Polşada keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya artıq müharibə məqsədlərinə çata bilməyib, Ukrayna uğur qazanıb.

Ostin isə “bir daha işğala cəhd etməməsi üçün” Rusiyanın zəifləməsini istədiyini bildirib. Pentaqon rəhbəri həmçinin vurğulayıb ki, Ukrayna lazımi silahları əldə edərsə, müharibədə qalib gələr:

“Rusiya artıq hərbi imkanlarının böyük hissəsini itirib və çoxsaylı əsgəri həlak olub. Biz görmək istəyirik ki, onlar öz hərbi imkanlarını çox tez təzələyə bilmirlər”.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiyanın ABŞ-a diplomatik nota göndərdiyini açıqlayıb. Antonov Vaşinqtondan Ukraynaya silah göndərilməsini dayandırmağı xahiş edib.

Onu da qeyd edək ki, Ukrayna lideri V. Zelenski şənbə günü çıxışında Blinken və Ostinin bazar günü Kiyevə gələcəyini gözlədiyini bildirib. BBC-nin Kiyevdəki digər müxbiri Anna Fosterin məlumatına görə, Zelenskinin səfəri bu şəkildə elan etməsi qeyri-adidir.

Ukraynaya ağır silah göndərmədiyi üçün tənqid olunan Almaniya isə etiraf etmək məcburiyyətində qalıb. Putinin Ukraynaya tanklarını göndərməsi ilə siyasətində ciddi dəyişiklik edən Almaniya, daha əvvəl Şərqi Avropa ölkəsinə silah göndərməkdən imtina etmişdi. Almaniya kanslerinin müavini Robert Habek Ukraynaya daha tez dəstək verməli olduqlarını bildirib: “Biz bu işi illər əvvəl dəstəkləməliydik”.

R. Habek əlavə edib ki, Berlin administrasiyası artıq Ukraynaya ağır silahlar göndərib.

Rus ordusu ötən həftənin sonu pravoslavlar tərəfindən qeyd olunan Pasxa bayramında Ukraynada hücumlarını davam etdirib. Bazar günü bir çox ukraynalı kilsələrə toplanıb. Amma cəbhə xəttində partlayışlar da davam edib. Donbassa hücum edən Rusiyaya məxsus “Su-25” döyüş təyyarələrinin görüntüləri sosial mediada paylaşılıb.

Mariupoldakı “Azovstal” Dəmir-Polad Zavodunda qalan Ukrayna silahlı qüvvələri və mülki şəxslər yeni yardım videosu yayımlayıb. Videoda dünya liderlərindən kömək üçün yalvaran qadın əks olunub.

Bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna lideri Zelenski arasında telefon danışığı olub. Ərdoğan və həmkarının çıxışında əsas gündəm Mariupoldan mümkün köçürmələr olub. Rusiya lideri Vladimir Putinin “milçəyin uçmasına da imkan yaratmayın”,- əmri verdiyi zavodun ətrafında minlərlə rus əsgəri var. Rusiya hərbçiləri humanitar dəhlizə atəş açdığından Mariupolda təxliyə əməliyyatları baş tutmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.