Elçin Alıoğlu yazır:İrandan Ermənistana "Xudafərin" zərbəsi!

25-04-2016, 23:05           

İran İslam Respublikası 1994-cü ilin iyun ayından bəri Ermənistanın və ümumiyyətlə, dünya ermənilərinin ümid etdikləri, pənah apardıqları ölkələrdən biri olub. Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra bu konfliktin dinc danışıqlar yolu ilə çözülməsinə can atan rəsmi Tehranın vasitəçilik cəhdləri aktivdi. Fəqət, Şuşanın ermənilər tərəfindən işğalı İranın vasitəçilik missiyasını zəiflətdi: nədən ki, Azərbaycan və Ermənistan arasında Tehranda danışıqlar aparılanda Şuşa işğal olunmuş, Azərbaycanın Ali Sovetinin sabiq sədri Yaqub Məmmədov məhz Tehranda danışıqlar masası arxasında olanda ona Şuşanın ermənilərin əlinə keçdiyi xəbəri verilmişdi.

Son 22 ildə İran Azərbaycanla əlaqələri intensiv inkişaf etdirib, iki ölkə arasında çox sıx əməkdaşlıq, tərəfdaşlıq təmasları qurulub. Bu təmasları Bakı və Tehran "qardaşlıq" kimi dəyərləndirirlər.

Tehran da Bakının mövqeyinə layiqli qiymətini verib, Azərbaycanın xarici siyasətində İranın tutduğu yeri anlayıb.

İranın həyata keçirdiyi nüvə proqramı ilə bağlı Tehrana qarşı Qərbin, daha doğrusu, ABŞ-ın təzyiqlərinin hədsiz artdığı bir vaxtda, sanksiyalar və embarqo çəmbərinin daraldığı, hətta ABŞ-ın İrana qarşı hərbi müdaxiləsi ehtimalının reallıq səviyyəsi artanda rəsmi Bakı "heç bir üçüncü dövlət bizim ərazimizdən İrana zərbələr endirmək üçün istifadə edə bilməz" bəyanatı ilə çıxış etdi, İranla müvafiq anlaşma da imzalandı.

Həmin dövrdə İranla həmsərhəd, qonşu ölkələrin heç biri Qərbin təzyiqlərinə sinə gərərək İrana belə dəstək olmamışdı. Sadəcə, Azərbaycandan savayı…Və Tehran da bunu unutmayıb.

Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması prosesində vasitəçilik missiyası alınmayandan sonra ilk baxışdan kənara çəkilmiş İran son illər ərzində Azərbaycan və Ermənistanla əlaqələri normal inkişaf etdirməyə can atıb.

Məhz bu səbəbdən Tehran İrəvanla münasibətləri kəsməyib, yürütdüyü aqressiv siyasət və qonşu dövlətlərə ünvanlanmış ərazi iddialarından dolayı könüllü şəkildə özünü nəqliyyat blokadasına salan, regiondakı bütün iri iqtisadi və kommunikasiya layihələrindən kənarda qalan Ermənistan üçün xilaskara çevrilmişdi.

İran-Ermənistan yolunu ermənilər indi də "həyat yolu" adlandırır, Tehrana ümid edir, Dağlıq Qarabağ münaqişəsi məsələsində İranın İrəvana birmənalı dəstək olacağını düşünür, iranlı iş adamlarının Ermənistana kütləvi şəkildə sərmayə yatıracağını deyirlər.

Fəqət, İranın Ermənistana marağı azalıb və Tehran ermənilərdən sadəcə, xarici siyasətində konyunktur elementi kimi istifadə etməyə başlayıb. Əslində, əvvəllər də belə idi: İrandakı erməni icması rəsmi Tehran üçün xarici siyasətdə "ölkədəki dini və milli azlıqların hüquqlarının tam təminatı"nı göstərmək üçün şirma rolunu oynayıb, indi də belədir.

İranın Ermənistan iqtisadiyyatına sərmayələrinə gəldikdə isə, son 8 ildə iki ölkə arasında imzalanmış 36 anlaşmanın və 24 müqavilənin faktiki olaraq heç birinin şərtləri tam gerçəkləşməyib, heç bir anlaşma kağız üzərindəki müddəalarda göstərildiyi kimi yerinə yetirilməyib.

Dağlıq Qarabağda "dördgünlük müharibə"dən sonra münaqişənin nizamlanmasına yönəlmiş danışıqlar prosesində Rusiyanın fəallaşması, daha doğrusu, Moskvanın yeganə "moderator və vasitəçi" rolunu oynamaq fikrinə düşməsi İranı da aktivləşdirib. Görünən budur ki, İran yeni situasiyada müşahidəçi və ya seyrçi statusu ilə kifayətlənmək niyyətində deyil. Əksinə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Tehran ən fəal şəkildə iştirak etməyə can atır.

Nazirin "təsadüf" sayılmayacaq bəyanatı

"Son iki ay ərzində İran Xudafərin su elektrik stansiyasının istismara verilməsi üzrə işləri sürətləndirib və Azərbaycanla sərhəddə Araz çayı üzərində bəndin tikintisini praktik olaraq bitirib".

Bu barədə Trend-ə eksklüziv müsahibəsində İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.

Nazirin sözlərinə görə, "Xudafərin" layihəsinin reallaşdırması çox illər texniki və siyasi problemlərə görə ləngimələrlə rastlaşırdı, amma Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfərindən sonra və sazişin imzalanmasından sonra İran bu istiqamətdə işləri sürətləndirdi.

Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş 2016-cı ilin fevralında imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyevin bu ilin fevralın 23-də İrana rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalamışdılar.

Sazişdə Azərbaycan və İranın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

Sənəddə həmçinin hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcəklər.

İşğalda qalmış iki körpü

Xudafərin körpüləri Azərbaycanın şimalını və cənubunu birləşdirən, Cəbrayıl rayonunda yerləşən körpülərdir. Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.
Körpülərdən biri 15, digəri 11 aşırımlıdır.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.
Hazırda Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazisində yerləşən bu körpülərin aqibəti haqqında dəqiq məlumat yoxdur.

İndi isə…

Rəsmi Tehran Xudafərin su-elektrik stansiyasının istismara verilməsi ilə bağlı işlərin sürətləndirildiyini, Araz çayı üzərində su bəndinin inşasının praktiki olaraq başa çatdığını bəyan edib. İran bu hidroqovşağın inşasına 2007-ci ildə başlamışdı. Və indi, Xudafərin körpülərinin düşmən işğalındakı ərazidə olduğunu bir daha vurğulayan İran ilk dəfə Dağlıq Qarabağla, habelə işğal edilmiş Azərbaycan əraziləri ilə bağlı danışıqların perspektivləri barədə mövqeyini belə açıq, aydın şəkildə izhar edib.

İranlı nazirin açıqlaması heç bir halda təsadüf deyil və rəsmi Tehranın mövqeyini əks etdirir. O mövqe isə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının İran tərəfindən tanınmasının bir daha təkrarlanması ilə yanaşı, işğaldakı ərazilərimizin azad ediləcəyini İranın konkret vurğulamasıdır.

Çünki Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüləri bölgəsindəki hidroqovşaqdan İran "Azərbaycanla birlikdə istifadə etmək" niyyətini bəyan edirsə, bu, erməni işğalının davam edəcəyi bir durumda mümkün deyil. Daha sadə desək, İran rəsmiləri Cəbrayıl rayonunun yaxın vaxtlarda işğaldan azad ediləcəyinə və Xudafərin hidroqovşağının Azərbaycanla birgə istismarına başlayacaqlarını deyirlər.


İran siyasətində, ələləxüsus da diplomatiyasında hələ 16-cı əsrdə "suyu da üfürərək için" göstərişinin prinsipə çevrildiyi, rəsmi Tehranın xarici siyasətində səbəb və nəticə arasında ilk baxışdan bəzən aşkar görünməsə də, həmişə sıx bağlar olduğunu xatırlasaq, iranlı nazir Mahmud Vaezinin ölkəsinin rəhbərliyinin mövqeyini və planlarını hələlik üstüörtülü şəkildə səsləndirdiyini demək olar.

Buna M.Vaezinin açıqlamasının erməniləri təlaşa salması da dəlalət edir.

M.Vaezinin açıqlaması Ermənistan mediasında bu gün əsas müzakirə və şərh mövzularından biri olub. Bir sıra erməni jurnalistlər isə açıqlamadan bəhs edərkən "İran hələ Ermənistana belə ağır zərbə vurmamışdı" yazıblar.

Elçin Alıoğlu
Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.