Sərkisyanın 5 rayon şərtinə Bakının imtina səbəbi

2-05-2016, 11:18           

Ermənistan Prezidenti Serj Sərkisyan niyə 5 ildən sonra, məhz aprelin 24-də “Blumberq”ə verdiyi müsahibədə Dağlıq Qarabağ ətrafındakı, Laçın və Kəlbəcər istisna olmaqla, 5 rayonu qaytarmağa hazır olduğunu, ancaq 2011-ci ildə bu təklifdən rəsmi Bakının imtina etdiyini dilə gətirdi? Niyə həmin müsahibənin ertəsi günündən başlayaraq, iki gün ərzində Ermənistan silahlı qüvvələri öz vəhşi, terrorçu simasını göstərdi? Cəbhə bölgəsində - Ağdam və Tərtərdə 130-dan artıq ev, məktəb dağıldı, iki mülki şəxs öldü, 8 mülki adam yaralandı, heyvan-qara atəşə tutuldu? Ermənilərin bütün dünyanın gözü qarşısında bu qədər vəhşilik nümayiş etdirməsinin səbəbi nə idi?

Axar.az xəbər verir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında olan və Ermənistanın özünün belə iddia etmədiyi, sadəcə, “təhlükəsiz zona” olaraq işğalda saxladığını bildirdiyi Laçın (qismən), Kəlbəcər, Zəngilan, Ağdam, Füzuli, Qubadlı və Cəbrayıl rayonları hər zaman olduğu kimi, bu gün də Dağlıq Qarabağın əvəzinə “təklif edilir”. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi də məhz sözügedən rayonlara aiddir. Qətnamələrdə Dağlıq Qarabağ ətrafında işğalda saxlanılan 7 rayonun qeyd-şərtsiz (!) azad edilməsi əsas olaraq göstərilib.

Dördgünlük müharibə zamanı da bütün dünyanın Azərbaycanı müdafiə etməsinin səbəbi o idi ki, Azərbaycan erməni təxribatına cavab olaraq, hərbi əməliyyatları Dağlıq Qarabağın ərazisində deyil, Dağlıq Qarabağa aid olmayan, amma Ermənistanın bütün beynəlxalq hüquqa tüpürərək işğalda saxladığı Azərbaycan ərazisində apardı.

Hazırda Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ərazisinə qətiyyən aid olmayan torpaqlardadırlar və təsadüfü deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev “erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun” deyə bəyan edir və bu bəyanat bütövlükdə beynəlxalq hüquqa, prinsiplərə söykənir.

Problem ondadır ki, istər Madrid, istərsə də Kazan sənədlərində Ermənistanın işğalda saxladığı 7 rayondan çıxarılması “şərtlər” daxilində nəzərdə tutulur. Hətta Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ arasında “koridor” olaraq ümumiyyətlə ilkin şərtlərə aid edilmir.

Ermənistanda isə mövqe tamamilə başqadır: erməni rəsmilər bütün ritorikalarında Dağlıq Qarabağ ətrafı işğaldakı torpaqlardan danışarkən, “güzəşt” sözünü dilə gətirirlər və bu “güzəşt” anlayışına da Laçın və Kəlbəcər daxil edilmir.

Məsələ orasındadır ki, Dağlıq Qarabağın birbaşa Azərbaycanın digər rayonları ilə əhatə olunması və başqa heç bir sərhədinin olmaması ən böyük fakt kimi ortadadır. Bu vəziyyətdən “çıxış” üçün Ermənistan, o cümlədən ATƏT-in Minsk Qrupu Laçın rayonunun işğalını ikinci mərhələyə saxlamaqda israr edir.

Azərbaycanın işğalda olan 7 rayonu niyə iki mərhələdə azad olunmalı və bu “mərhələlər” danışıqlarda alver predmeti kimi istifadə edilməlidir?

Azərbaycanın mövqeyi də məhz bu faktın üzərində fokuslanıb: Ermənistan ordusu Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çəkilməlidir və yalnız bundan sonra Dağlı Qarabağın statusu məsələsi müzakirə oluna bilər.

Hazırda Ermənistan rəsmiləri, o cümlədə politoloqları Azərbaycanın işğalda saxladıqları Dağlıq Qarabağdan əlavə 7 rayonunun qaytarılması məsələsində hər vəchlə “5 rayon” (Kəlbəcər və Laçını istisna edirlər) “güzəştini” irəli atırlar. Hətta Ermənistan Prezidenti Serj Sərkisyan 5 rayonu qaytarmağa hazır olduğunu, ancaq rəsmi Bakının bu şərtlər daxilində 5 rayonun boşaldılması təklifindən imtina etdiyini açıqladı. Bu açıqlamanın ardınca isə Serj Sərkisyanı “torpaq itirməkdə” ittiham edən yalançı politoloqlar üzə çıxdı - guya Sərkisyan “böyük güzəştə” gedir və bu, Ermənistana xəyanətdir.

Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinə yaxın olan politoloqlar və media qurumları tərəfindən düşünülərək gündəmə gətirilir. Hətta hakimiyyət mediasında “5 rayonu qaytarmağı etiraf edən” Sərkisyan “xain”, “güllələnməli şəxs” olaraq təqdim edilir. Ermənistan kimi qeyri-demokratik bir ölkədə Sərkisyanı “güllələməyə qalxan” “cəsarətli” yazarlar, müəlliflər, politoloqların bir mərkəzdən idarə olunduğu şübhəsizdir. “Blumberq”ə aprelin 24-də verilən müsahibəni hələ də müzakirə edib, Sərkisyana lənətlər yağdıran “qəhrəmanlar ordusu” əslində Ermənistan hakimiyyətinin siyasətini ifadə edirlər. Məqsəd 5 rayonun qaytarılmasının “böyük güzəşt” olduğu təəssüratını yaratmaqdır.

Əlbəttə ki, rəsmi Bakı işğaldakı rayonlardan bir neçəsini “şərtlərlə qaytaran” həll paketindən imtina edəcəkdi. BMT TŞ-nın 4 qətnaməsi, üstəlik, AŞPA-nın mövqeyi ortadadır, Azərbaycanın 5 deyil, 7 rayonu qeyd-şərtsiz boşaldılmalıdır və bu işğalda saxlanılan rayonlar Dağlıq Qarabağın statusu məsələsində Azərbaycana təzyiq kimi istifadə edilə bilməz.

Yalnız 7 rayonun qaytarılmasından sonra acı reallıq üzə çıxacaq: bəlli olacaq ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla və ümumiyyətlə, heç bir ölkə ilə birbaşa sərhədi yoxdur. Serj Sərkisyan bu reallığı bildiyi üçün “5 rayonun qaytarılmasına” hazır olduğu məsələsini Dördgünlük müharibədən sonra gündəmə gətirdi. Azərbaycan buna razı olacağı təqdirdə Dağlıq Qarabağın Ermənistanla quru əlaqəsini təmin edən Sərkisyan “sülh naminə inanılmaz güzəştə gedən şəxs” kimi dünya birliyinin dəstəyini qazanacağına və Laçın və Kəlbəcərlə birlikdə, Dağlıq Qarabağı daha bir müddətə, həm də uzun müddətə işğalda saxlaya biləcəyinə uğursuz cəhd etmişdi.

Lavrovun bu yöndə təkliflərini də Azərbaycan təbii ki, qəbul etməyəcəkdi. Ona görə də Dördgünlük müharibənin acınacaqlı məğlubiyyətini “5 rayon şərti” ilə diplomatik cinahda da çıxa bilməyən Sərkisyan 25-26 aprel tarixlərində Azərbaycan mülki əhalisinə qarşı hücuma başladı. Məqsəd bəlli idi: cəbhəyanı ərazidə yaşayanların köçünə nail olmaq və Azərbaycanda siyasi stabilliyə zərbə vurmaq.

Ordusuna güvənən mülki əhali isə evlərinin dağılmasına baxmayaraq, yurdundan bir addım da kənara qoymadı. Nəticədə Sərkisyan Azərbaycana mülki əhalini vuran atəş nöqtələrini susdurmaq və sözügedən mövqeləri zərərsizləşdirmək üçün növbəti fürsəti verdi. Üstəlik, Dördgünlük müharibə Azərbaycana hərbi-psixoloji üstünlük qazandırmışdısa, Ermənistanın 25-26 aprel vəhşiliyi Bakıya növbəti siyasi və diplomatik hücum imkanı yaratdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.