Cənub-Qərb və Şimal-Qərb nəqliyyat dəhlizləri

9-09-2022, 09:04           
Cənub-Qərb və Şimal-Qərb nəqliyyat dəhlizləri
Cənub-Qərb Nəqliyyat Dəhlizinin yaranma tarixi 2016-cı ilin əvvəlinə təsadüf edir. Bu dəhliz Fars Körfəzi/Hindistan – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa (və ya Türkiyə – Avropa) marşrutu üzrə fəaliyyət göstərir. Dəhliz “Azərbaycan Dəmir Yolları QSC”-nin (ADY) təşəbbüsü ilə yaradılmışdır. Marşrutun təqdimatı 12 yanvar 2016–cı il tarixində Bakıda keçirilmiş və elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukraynanın dəmir yolları və dəniz limanlarının nümayəndələri arasında müzakirələr aparılmış və dəhlizin inkişaf etdirilməsinə dair Protokol imzalanmışdır. Bu sənədə əsasən, Cənub-Qərb dəhlizi tam olaraq “Fars Körfəzi-İran-Astara-Xəzər dənizi-Qara Dəniz-Avropa” adlandırılır.

Tədbirdə eyni zamanda tərəflər arasında Mumbay-Bəndər Abbas-Qəzvin-Astara(İran)-Astara-(Azərbaycan)-Poti/Batumi marşrutu üzrə yükdaşımaların sonradan Ukrayna (Odessa – İliçevsk), Rumıniya (Konstansa) və Bolqarıstan (Burqas) limanlarına qədər uzadılması perspektivləri müzakirə olunmuş və istiqamətlər üzrə ilkin tariflər müəyyənləşdirilmişdir.

Cənub-Qərb dəhlizinin digər alternativ marşrutlarla müqayisədə (xüsusilə də, Süveyş kanalından keçən dəniz yolu ilə) əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının təxminən üç dəfə az olmasıdır. Əgər İran körfəzi və Hindistandan Avropaya dəniz yolu ilə daşıma təqribən 35-37 gün çəkirsə, Cənub-Qərb dəhlizi marşrutunda bu müddətin perspektivdə 10-12 gün təşkil edəcəyi nəzərdə tutulur. Bundan başqa, bu dəhliz yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə həyata keçirilməsi üçün yeni imkanlar yaradacaqdır.

Cənub-Qərb dəhlizinin yaradılması Avropa İttifaqı ölkələri ilə Ukrayna, Hindistan, İran və digər Fars Körfəzi ölkələri arasındakı ticarət dövriyyəsinin müəyyən hissəsinin bu dəhlizə cəlb edilməsinə hesablanıb. Bu dəhlizinin inkişafı İranın xarici ticarət dövriyyəsinin artırılmasına imkan yaradır. İranın Fars körfəzində yerləşən Bəndər-Abbas limanından başqa, Oman körfəzi sahilində yerləşən yeni Çabahar limanının tam gücü ilə istismara verilməsi Cənub-Qərb dəhlizinə əlavə yüklərin cəlb edilməsi üçün imkanlar yaradacaqdır.

Azərbaycanın “ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə də yükdaşımalara başlamışdır. Şimal-Cənub dəhlizinin tamamlanması üçün, eləcə də Cənub-Qərb dəhlizinin potensialından tam istifadə edilməsi üçün çatışmayan hissə Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolu xətləridir. Bu xətlərin tez bir zamanda inşası Azərbaycan üzərindən keçəcək Cənub-Qərb dəhlizinə Hindistanın daha əlverişli şərtlərlə cəlb edilməsi baxımından əhəmiyyətlidir. 2022-ci ildə Cənub-Qərb dəhlizi ilə 272 TEU konteyner daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır. 2021-ci ildə bu rəqəm 278 TEU olmuşdu.



Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılması isə Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə mümkün olmuşdur. Bu dəhliz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma həcmlərinin qarşılanmasına hesablanıb. O cümlədən, Şimal-Qərb nəqliyyat dəhlizi Rusiyanın istehsal etdiyi kömür və taxıl yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınmasına şərait yaradır.

Şimal-Qərb dəhlizi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2022-ci ilin ilk 7 ayında 3 482 TEU konteyner yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103% daha çoxdur. Ötən il bu rəqəm müvafiq olaraq 1 714 TEU olub.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.