İranın sərhəddə güc göstərişi: - “Daxildəki gərginliyi azalda bilmir, əvəzində…”
13-10-2022, 19:48

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) yaxın günlərdə ölkənin şimalında, Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirməyi planlaşdırır.
Bu barədə SEPAH-ın Quru Qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur məlumat verib. Onun sözlərinə görə, təlimə regional Aşura qərargahı komandanlıq edəcək. General həmçinin, hərbi təlimin təqvimə uyğun olaraq döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirildiyini deyib.
İndiki vəziyyətdə İran tərəfi bu addımı ilə güc göstərməyə çalışır? TEREF.AZ_ın məlumatına görə, "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya bildirib ki, SEPAH-ın bu açıqlaması Azərbaycana qarşı əzələ nümayişi kimi qiymətləndirilə bilər:
“Bunun da bir neçə səbəbi var. Görünən odur ki, İran tərəfi son dövrlərdə Ermənistan və Azərbaycan arasında razılaşmaların əldə edilməsindən ciddi narahatdır. Artıq Armen Qriqoryan da yaxın zamanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlama verib. Ümumiyyətlə, Ermənistan tərəfindən də bu tip açıqlamalar ard-arda gəlməkdədir. Bu isə İranda narahatlıq yaradır, çünki rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasını istəmir. Yəni onların əsas narazılığı budur və bu dəhlizi özlərinə təhdid kimi qiymətləndirirlər. Lakin Zəngəzur dəhlizi onsuz da açılacaq və bunun başqa variantı yoxdur”.
Politoloq əlavə edib ki, son zamanlar İsrail və Azərbaycan arasındakı münasibətlərin daha da yaxşılaşması İranı narahat edir:
“İsrailin və Türkiyənin müdafiə nazirlərinin ölkəmizə səfəri də İranı narahat edən məsələdir. Buna görə də İran sərhədlərimizdə təlimlər keçirməklə guya biz qarşı güc nümayiş etdirdiyini zənn edir. Amma bu, mənasız və absurd bir addımdır. Nəzərə almaq lazımdır ki, İran öz daxilindəki prosesləri sakitləşdirə bilmir və xarici həmlələri ilə əhalini manipulyasiya etməyə çalışır. Rəsmi Tehran təkcə ABŞ-ın deyil, digər dövlətlərin də onlara düşmən olduğunu göstərmək üçün absurd iddialarla çıxış edir. Yəni İran tərəfi həm də əhalinin diqqətini başqa yerə cəmləmək üçün belə addımlar atır”.