Deputat: “İyunda uğurlu addımların şahidi olacağıq”
20-05-2016, 07:58
“Vyanada keçirilən görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesini həyata keçirən ATƏT-in Minsk qrupunun və onların təmsil olunduğu ölkələrin siyasi dairələrinin təşəbbüsü ilə baş tutdu. Bu da onu göstərir ki, Azərbaycanın aprelin əvvəllərində əldə etdiyi hərbi uğurlar sözügedən dövlətləri narahat etməyə başlayıb”. Bu fikirləri millət vəkili Çingiz Qənizadə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu narahatçılıq Azərbaycanın xeyrinədir: “Onlar artıq Azərbaycanın hərbi gücünü, lazım gəlsə, atəşə atəşlə deyil, hücumla cavab vermək imkanına malik olduğunu gördülər. Ermənistan prezidenti görüşdən sonra İrəvana qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində etiraf etdi ki, aprelin əvvəllərində Azərbaycan ordusu böyük bir ərazini işğaldan azad edib. Lakin o, bu dəfə də xalqına yalan danışaraq bunun 2000 hektar deyil, 800 hektar ərazidən ibarət olduğunu söylədi. O ki qaldı Vyana görüşünə, bəzi detallar konfidensial xarakter daşıdığı üçün açıqlana bilməz. Lakin indiyədək Azərbaycan Prezidentinin Dağlıq Qarabağ məsələsində mövqeyi bizə deməyə əsas ver ki, ermənilər problemin sülh yolu ilə həllinə məcbur ediləcək. Bütün hallarda qəbul ediləcək qərar dövlətimizin milli maraqlarına xidmət edəcək. Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır. Bu da sevindirici haldır”.
İyun ayında baş tutacaq görüş haqqında fikirlərini bildirən Ç. Qənizadə söyləyib ki, bu müddət ərzində ermənilərin daha dərindən düşünə bilərlər: “Artıq həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib və bu vəziyyəti uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişəni istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Bu baxımdan hesab edirəm ki, iyun ayında münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində atılacaq uğurlu addımların şahidi olacağıq”.
//SİA