Çovdarov yenə kəşfiyyatdadır? - Zahid Orucdan açıqlama
21-05-2016, 13:25
Xəbər verdiyimiz kimi, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhətində problem yaranıb.
A.Çovdarov həkim komissiyası tərəfindən müayinə olunub və onun ürəyində ciddi problem aşkarlanıb. Məlumata görə, A.Çovdarov tibbi müayinədən keçiriləndən sonra təcili 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb. Hazırda o, tibb məntəqəsində həkim nəzarətində saxlanılır.
A.Çovdarov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib. A.Çovdarovun xəstə adı ilə ona veriləcək cəzadan azad ediləcəyi haqda məlumatlar dolaşmaqdadır.
Məsələ ilə bağlıAzNews.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, Akif Çovdarovun haqsızlığa məruz qoyduğu insanların ah-naləsi onu fiziki cəhətdən sağlam olmağa qoymaz: "Hazırki durumda biz onunda qeyri-bərabər durumdayıq. Lakin ədalət onu tələb edir ki, belələrinin əməllərindən ziyan çəkən yüzlərlə insanın haqqından və mənafeyindən də çıxış edək.
Əvvəla, mən həkim olmadığımdan onun indiki vəziyyətdə diaqnozunun nə olduğunu deyə bilmərəm. Lakin onu bilirəm ki, karyeralarının birdən-birə kəskin dəyişmələri o adamlarda fiziki cəhətdən problemlər yarada bilir. Ancaq bu, siyasi xəstəlikdir, hansısa bir kəşfiyyat metodudur, yoxsa onun durumudur, bunu müvafiq qurumlar müəyyənləşdirməlidir. Hər bir halda kiminsə səhhəti onu məsuliyyətdən yayındırmır. Cəzaçəkmə müəssisələrinə, yaxud da istintaq altında olan şəxslərin vəziyyəti ilə də bağlı müvafiq prosedurlar var. Həmin müalicələr əsasında o şəxs tam normal vəziyyətə gətirilir ki, cəzasını çəkmək gücündə olsun”.
Deputat Akif Çovdarovun "MTN işi”ndə əsas şəxslərdən biri olduğunu vurğulayıb:"Bütün məsələlər sanki ötürücü kimi onun üzərindən keçib. Ona görə də düşünmürəm ki, Çovdarovun zərərsizləşdirilməsi və ya ortadan çıxarılması planı ola və o da bunun xəstəliyi adı altında baş tuta”.