Mollalar təzə "tarix yazır" - Tomris Kiri öldürmədi, fars-türk ziddiyyəti olmayıb...

19-05-2023, 11:04           
Mollalar təzə "tarix yazır" -
Hafiz Cabbarov: “Bir çox tarixi mənbələrdə də təsdiq olunduğu kimi, Azərbaycanın Araz çayı sahillərindəki torpaqlarında məskunlaşan saklara hücum edən II Kir bu döyüşdə cəzalandırılır”

Fars molla rejiminin yürütdüyü məkrli siyasət, riyakar və ikiüzlü mövqe bütün dünyaya məlumdur. Tehran rejimi bütün gücü ilə çalışır ki, Şimali Azərbaycanı özünün bir “parçası” kimi qələmə versin. Amma ortaya atdığı heç bir “tarixi mənbə” mollakratiyanın və onun əlaltılarının xeyrinə işləmir.

Azərbaycan türklərinə fars şovinstlərinin bəslədiyi kin, nifrət özünü o şəkildə göstərir ki, onlar bizim xalqımızı hər cür inkar etməyə cəhdlər edirlər. Çox təəssüf ki, molla rejiminin anti-Azərbaycan siyasətini Şimali Azərbaycandan qaçıb mollaların əbasının altına sığınmış bəzi kəslər həyata keçirir. Öz millətinə, tarixinə düşmən olub başqasına yaltaqlananlar isə heç zaman uğur qazana bilmir.

Son zamanlar molla rejiminin əlaltıları orta məktəblərimiz üçün yazılan Azərbaycan tarixi dərsliklərimizi təftiş etməyə başlayıblar, onların ağlınca bizim tarixçilər tariximizi səhv yazırlar. Guya yazılanlar gerçək deyil. Tarix dərsliklərimizin milli ideologiya əsasında Azərbaycanın dövlət maraqlarına uyğun yazılması molla rejiminin muzdlu yotuberlərini yaman qəzəbləndirib. Mələfəbaşlar Azərbaycan tarixi dərsliyini hədəfə alırlar, Tomris haqda, azərbaycanlılar barədə həqiqətə uyğun olmayan fikirlər bildirirlər. Guya farslarla türklər arasında heç zaman müharibə baş verməyib, Kiri Tomris öldürməyib. Guya Tomrislə bağlı əhvalatlar uydurmadır. Hətta daha irəliyə gedərək tarixi mənbələrdə Araz adlı çay olmadığını və onun adının "Araks" olduğunu deyirlər. Bir sözlə, Azərbaycan tarixi dərsliyinin milli ideologiya əsasında yazılması mollaları, Tehran rejimini ciddi narahat edir. Onu da deyək ki, elə Firdovsinin “Şahnamə”si İran-Turan müharibəsindən bəs edir. “Farslarla türklər arasında müharibə olmayıb” deyənlər heç olmasa o əsəri oxusunlar və fars babalarının işğalçılığını, türklərin işğalçıya qarşı mübarizəsini əxz etsinlər. Türklər işğalçı olmayıb və heç kəsin heç nəyinə tamah salmayıb. Fars şahları, hökmdarları hər zaman türk torpaqlarına göz dikib və cəzalarını da alıblar.

Tomris anamızın da II Kiri məhv etdiyi məlumdur, bu barədə tarixi ədəbiyyatda kifayət qədər yazılıb.

Böyük Səməd Vurğun “Yandırılmış kitablar” əsərində bu anı belə təsvir edib:

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Fars şovnistlərinə bu net cavabı S.Vurğun 1947-ci ilin yanvarın 20-də yazdığı bu şeirlə verib.

Molla əlaltıları heç olmasa bir az gözlərini açıb kitab oxuyaydılar...

“Bu kimi dairələrin məqsədi “sülhpərvər” libasına bürünüb bizim tariximizə ləkə atmaqdır”
Azərbaycan tarixi dərsliyinin həmmüəlliflərindən biri Hafiz Cabbarov “Bakı-Xəbər”ə bildirdi ki, bu gün sülhdən danışan bəzi kəsimlər əslində tariximizi qaralamaqla məşğuldur: “Bu kimi dairələrin məqsədi “sülhpərvər” libasına bürünüb bizim tariximizə ləkə atmaqdır. Əlbəttə, bizim dərsliklərimizin də, xalqımızın məqsədi də bütün qonşu və qonşu olmayan, bizdən uzaqlarda yaşayan xalqlarla dostluq əlaqələri saxlamaqdır. Məlumdur ki, tarix heç də yalnız dostluq əlaqələrindən ibarət olmur. Tarixin ən müxtəlif dövrlərində ölkəmizdə xarici hücumlar da olub. Bu xarici hücumlar, təbii ki, dostluq mahiyyəti daşımadığı üçün biz də onları dostcasına qarşılamamışıq. O ki, qaldı Tomris məsələsinə, Tomrisin tarixi mənbələrdə şəxsiyyəti, yaşadığı məkanla bağlı iki fikir var. Tomrislə bağlı danışılanda burada Araks çayının adını çəkilir. Bu da onunla bağlıdır ki, yunanlarda Araz çayının adının tələffüz forması Araksdır. Amma Araz çayı nəzərdə tutulur. Buna görə də Tomrisin indiki Azərbaycan ərazisində olması bir çox tarixçilər tərəfindən qəbul olunub. Amma digər versiyaya görə isə, o, Mərkəzi Asiyada (Amudərya, Sırdərya ətrafında) olub. Nəticədə Mərkəzi Asiya da, Azərbaycan ərazisi də türk torpağıdır, türklərin yaşadığı, formalaşdığı ən qədim ərazilərdən biridir. Burada kimliyini bilmədiyimiz iddiaçı İskitdən danışarkən özü özünü təkzib edir, gah onların fars olduğunu iddia edir, gah da Mərkəzi Asiya türkləri ilə eyni məişəti, adət-ənənəni bölüşdüyünü deyir.

Biz V sinif şagirdlərinə ilkin dövrdə tarixi biliklər deyil, tarixi rəvayətlər, əfsanələr təqdim edir, tarix elmində onların yaş səviyyəsinə uyğun məlumatlar veririk. Tarixi əfsanələr heç də kənara atılacaq, elmi əsası olmayan bir mənbə deyil. Hamı bilir ki, əfsanələr xalqın qədim tarixə söykənən yaddaşını da əks etdirir. Təbii ki, mənbələrdə və əfsanələrdə olan məlumatlar bir-birini tamamlayır. Hətta bir çox mənbələrdə Tomrisin qədim türk-Sak hökmdarı Alp-Ər Tonqanın-Əfrasiyabın nəvəsi olması haqda da məlumat var. Yeri gəlmişlən, Alp Ər Tonqanın da Azərbaycanda olması, hətta Azərbaycan adının onunla bağlı olması ehtimalı var. Türk tarixçisi Mahmud Kaşğarlı bu barədə bir tarixi məlumatı paylaşmışdı. Sakların türk olduğunu həm yazılı, həm arxeoloji mənbələr, həm də onların məişəti, adət-ənənələri isbatlayır. Onların döyüş qaydaları, atlıların olması tamamilə qədim türk döyüş ənələrinə əsaslanır. Bu da onların türk olduğunu sübut edən amillərdən biridir. Onlar əgər İrandilli olsaydı, onların döyüş tərzləri, məişəti, adət-ənənələri tamamilə fərqli olardı. Azərbaycan tarixi dərsliyində hər hansı bir xalqa qarşı düşmənçilik yoxdur, əksinə, xalqımızın işğalçı düşmənlərimizə müqavimət göstərməsi verilib. Amma nədənsə, Azərbaycan tarixinə, Azərbaycan xalqına qarşı əsassız iddia irəli sürən tanımadığımız müəllif o məsələni görməzdən gəlir ki, Tomris Kirə bu işğaldan vaz keçib geri qayıtmağı təklif edir, bu da onun sülhpərvər olduğunu göstərir. Təbii ki, işğalçı Kir bu təklifi qəbul etmir və nəticədə Tomris tərəfindən cəzalandırılır. Həmçinin Tomrisinin adının mənşəyi də dərslikdə izah olunub ki, bu, dəmir deməkdir”.

H.Cabbarov qeyd edir ki, dünyada Saklarla bağlı iki fikir var, bəziləri onları İrandilli, bəziləri isə türkdilli hesab edir. H.Cabbarovun sözlərinə görə, amma dərindən təhilil etdikdə onların türk olması ehtimalı təsdilənib. Onun bildirdiyinə görə, dünyanın mötəbər mənbələri, o cümlədən, yunan müəllifləri və bizans tarixçiləri də ilk dəfə Göy türklərlə, qlıpçaqlarla qarşılaşarkən onların İskitlərlə eyni adət-ənənələrə, geyimə, məişətə malik olduqlarını görərək onları da İskitlər, saklar adlandırıblar. Onların da türk olması heç mübahisə predmeti deyil.

Türk-fars müharibəsinə gəlincə, müsahibmiz vurğuladı ki, bütün bu məsələlər barədə məlumatlar mövcuddur. İranın mövqeyini təmsil edən “sülhpərvər” şəxs isə bütün mənalarda qərəzli davranır: “Qərəzli davranırlar və məsələyə qərəzli baxış bucağından yanaşırlar. Azərbaycan xalqı işğalçılara qarşı mübarizə aparıb. Dünyanın heç bir xalqı işğalçıya “buyur gəl keç başa” demir, ona qarşı müqavimət göstərir. Tomris və Kir arasında müharibə barədə tarixin atası sayılan, ilk tarixi əsərlərdən birini yazan Herodotun yazdıqlarına əsasən danışılır. O ki qaldı tarixi mənbələrə, ən müasir dövrdə belə tarixi mənbələrlə bağlı birmənalı fikir olmur, onlar müxtəlif rakurslarda təhlil olunur. Ancaq tarixi gerçəklik dəyişmir. Gerçəkliklər hər zaman bizi müşaiət edir. Bir çox tarixi mənbələrdə də təsdiq olunduğu kimi, Azərbaycanın Araz çayı sahillərndəki torpaqlarında məskunlaşan saklara hücum edən II Kir bu döyüşdə cəzalandırılır”.

Tarixçinin sözlərinə görə, baxmayaraq ki, II Kirə əvvəlcə sülh, müharibədən imtina etməsi təklif olunur, ancaq o qəbul etmir. O qeyd etdi ki, bu baxımdan molla rejiminin əlaltıları özlərini çox yormasınlar, tarixi faktlar dəyişməzdir. O bir daha vurğuladı ki, Azərbaycanda saklarla bağlı yer-yurd adları, toponimlər mövcuddur. Onun dediynə görə, Araz və Kür çayları arasındakı ərazilər, indiki Gəncə tərəf vaxtilə Sakasen adlanırdı, bu, sakların yaşadığı yer mənasını verir. Həmçinin Ərsaq sözünün mənası da ər, igid sak mənasını verir. Tədiqiqatçı hesab edir ki, həm ölkəmizdəki yer-yurd adları, həm sakların adət-ənənələri, məişəti haqda mənbələr onların türk olduğunu, onların əsas ana vətənlərindən birinin Azərbaycan olduğunu təsdiqləyir.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.