Siyasi hakimiyyət Tərtər qatillərinin girovuna necə çevrildi.

18-09-2023, 12:54           
Siyasi hakimiyyət Tərtər qatillərinin girovuna necə çevrildi.
(davamı)
Nə Tərtər qatilləri, nə də onu hələ ki, bizə tam məlum olmayan səbəblərdən himayə edən siyasi hakimiyyət yeni istintaq başlamaqla və günahsız terror qurbanlarını (bəli, mahiyyətinə görə Tərtər qətliamı həm də bir xalqa qarşı törədilmiş fiziki və mənəvi terror aktıdır) bəraət verərək azad etməklə işinin bitməyəcəyini hesablaya bilməmişdi.
Görünür, qurbanlara bəraət verərək onları azad etməklə düşünmüşdülər ki, indi hər kəs sevinərək dərin minnətdarlığını bildirəcək və necə deyərlər, hamı “dağılışacaq”. Belə gözləntilər qurmaq isə kökündən yanlış idi. Ən azı ona görə ki, Tərtər qətliamı ilə bağlı irəli sürülən tələblər dəfələrlə açıq səsləndirilmişdi:
1. Günahsız qurbanların azad edilməsi, onlara tam bərat verilməsi, yetirilmiş bütün maddi, mənəvi və fiziki iztirablara görə təzminat ödənilməsi və onların hərbi xidmətə bərpa edilməsi;
2. Tərtər qətliamını planlaşdırmış və həyata keçirmiş xain çətə üzərində açıq məhkəmə prosesinin qurulması;
3. Dövlətin əsaslarını sarsıtmaq məqsədilə cinayəti törətmiş xain çətənin niyyət və motivlərinin ifşa olunaraq xalqa çatdırılması;
4. Azərbaycan Ordusunun hərbçilərinə qarşı irəli sürülmüş düşmənə pul müqabilində seksual xidmət göstərmək saxta ittihamına görə xalqdan üzr istənilməsi;
5. Tərtər qətliamının bütün aspektlərini əhatə edən və düzşmənlərin Azərbaycan xalqına yaxdığı bu ləkəni tarixdən silmək üçün müvafiq parlament sənədinin qəbul edilməsi.
6. Belə halların təkrarına yol verilməməsi üçün orduda islahatların aparılması və ona ictimai nəzarətin gücləndirilməsi.
Ən azı bu tələblərə əməl olunduqda müzakirələr dayandırıla və ölkədə milli həmrəyliyə nail olmaq istiqamətində addımlar atıla bilərdi və hələlik bunun üçün şanslar qalmaqdadır. Amma istər istintaqı aparan Baş Prokurorluğun, istərsə də məhkəmə orqanlarının görünən davranışından onların fəaliyyətinin cinayəti növbəti dəfə ört-basdır etməyə yönəldiyi aydın oldu.
Ölkə tarixinin ən ağır cinayəti barədə susmaqda davam edən siyasi hakimiyyətin bütün bu fəaliyyətləri koordinasiya etməsi də heç kəsdən sirr deyil. Hətta iş o yerə çatdı ki, deputatlar Zahid Orucun və Qənirə Paşayevanın qatillərə prezidentdən üzr istəmək çağırışları baş qatillərdən biri olan cinayətkar Xanlar Vəliyev tərəfindən sərt təpki ilə qarşılandı.
Həmin iki deputatın “prezidentdən üzr istəmək” çağırışını bir qədər daha ətraflı şərh etməyə ehtiyac var. Təsəvvür edin, ağır dövləti cinayət törədilib, dəhşətli işgəncələrə və qürurunun alçaldılmasına məruz qalmış minlərlə hərbçi bunun qurbanı olub, 14 nəfər qətlə yetirilib, xalqın heysiyyatı təhqir ounub, yüzdən yuxarı günahsız insan uzun müddətə həbsə atılıb və
ölkənin ali qanunvericilik orqanının iki komitə sədri cinayəti törədənlərdən “üzr istəməyi” tələb edir. Cavabında Xanlar Vəliyevin onları “başları çıxmayan şeylərdən danışmaqda” ittiham etməsi çox yumşaq yanaşma idi, çünki əslində qatil hərbi prokuror belə “qanunvericilərı” sonuncu küçə söyüşlərilə təhqir etsəydi belə haqlı olacaqdı.
Çünki adları çəkilən “millət vəkillərinin” tələbi aşağı əyarlı siyasi populizmdən və ifrat riyakarlıqdan başqa bir şey deyildi. Amma qatil-prokuror da verdiyi cavabında heç kəsdən çəkinmədiyini nümayiş etdirmişdi. Bu günədək baş verənlərdən belə qənaətə gəlmək olur ki, Xanlar Vəliyev kimə və nə dediyinin yaxşı fərqində idi.
Əlbəttə ki, bu, siyasi hakimiyyətə ünvanlanan mesaj idi və ünvanına da çatdı. Elə olmasaydı Tərtər qatili elə həmin gün hələ də qalmaqda davam etdiyi vəzifəsindən azad edilər, ardınca da törətdiyi xəyanətə, vəhşiliklərə və digər cinayətlərə görə layiqli cəzasını alardı. Amma bütün bunlar baş vermədi.
Nə istintaqın və də bu gün gedən məhkəmələrin məqsədi cinayəti ifşa etmək deyildi və deyil də. Açıq görünən budur ki, onlar bütün üsullarla kollektiv müdafiə olunmağa çalışan zərərçəkmişləri parçalamağa, müzakirələri bütün vasitələrlə dayandırmağa, qatilləri müdafiə etməyə və son nəticədə cinayət işini bağlamağa çalışırlar.
Bu yolda da bütün vasitələrdən istifadə olunur. Əsasən də vasitə rolunu oynayan media (həmçinin sosial media), vətəndaş cəmiyyəti nümayəndələri, saxta müxalifət “partiyaları” “liderləri” (onların haqqında ayrıca detallı yazacağam), saxta hüquq müdafiəçiləri və digərləri. Bunlar da siyasi hakimiyyətin xeyir-duası olmadan mümkünsüz olardı.
İndi bir anlığa təsəvvür edin ki, cinayətin ifşasına çalışan 10-15 insan belə çirkli, qaydasız, əxlaqsız hücumların qarşısında duruş gətirmək üçün nələr etməli idi. Nələr lazımdırsa etdik, edirik, edəcəyik də və üstəlik sonda hamısını ifşa da edəcəyik:
xalqa özünü müxalif göstərib PKK terrorçularına xidmət edənləri də, prokurorluğun əlaltısı olan “hüquq müadifiəçilərini” də, ordunu ələ keçirmiş xain generallara özünü satan media dəllallarını da, qalanlarını da. Bunların hamısı addım-addım, mərhələ-mərhələ və ən əsası də peşəkar şəkildə həyata keçiriləcək.
Çünki sona qədər Tərtər qətliamının ifşası istiqamətində addımlar atmasını gözlədiyimiz siyasi hakimiyyət tam əks istiqamətdə addımlar atmaqla bütün planlarını və çərçivələrini açıq şəkildə göstərmiş oldu.
Amma bütün bu davranışlardan irəli gələn bir sual açıq qaldı: ölkənin siyasi hakimiyyəti onun ordusuna və xalqına qarşı ağır cinayət törətmiş, dövlətin müdafiə qabiliyyətini sarsıtmış, ordunu iyrənc korrupsiya maşınına çevirmiş, nəhayət xarici kəşfiyyatların xidmətində dayanan xain çətəni niyə himayə etsin ki?
Bu haqda yazının davamında.
P.S.: Bu gün Tərtər qətliamına görə həbs olunmuş 10-15 xırda icraçıdan başqa bircə nəfər də orta səviyyəli cani istintaqa cəlb olunmayıb. Əvəzində isə ölkə hakimiyyəti müdafiə nazirliyindəki korrupsiya faktlarına görə azı 15 yüksək və orta vəzifəli şəxsi həbs edib. Bəli, korrupsiya faktları da elə Tərtər qətliamının müzakirəsi zamanı üzə çıxdı və deməli, bunları biz də bilirik.
Məsələn, fotolardakı görüntülər Zakir Həsənovun Badamdar qəsəbəsində 1.3 ha ərazidə tikdirdiyi və hal-hazırda 10 mln manata satışa çıxardığı mülkün videosundan götürülüb. Təbii ki, tam videosu da var əlimizdə. Görəsən, qatil nazir bu sərvəti nəyin bahasına əldə edib? Əlbəttə ki, əsgərlərimizin, zabirlərimizin canı və qanı bahasına. Elə həm də Tərtər qurbanlarının.
Ərəstun Oruclu














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.