Azər Qasımlı: “Rusiya Qarabağdan çıxmasa, son nöqtənin qoyulduğunu deyə bilmərik”

21-09-2023, 10:04           
Azər Qasımlı: “Rusiya Qarabağdan çıxmasa, son nöqtənin qoyulduğunu deyə bilmərik”
Millət vəkili: “Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda Azərbaycanın yerli idarəetmə formaları tətbiq olunacaq”

Sentyabrın 19-da Azərbaycan Qarabağda “antiterror əməliyyatlarına” başladığını elan etdikdən sonra bir sıra hərbi hədəflərin vurulması ilə bağlı görüntülər də yayıb. Müdafiə Nazirliyindən bildirilib ki, ordu dəqiq nöqtə atışı ilə ancaq hərbi hədəfləri vurur, mülki əhali və infrastruktur hədəfə alınmır. Ancaq yerli və beynəlxalq mediada, xüsusilə sosial şəbəkələrin Ermənistan seqmentində dağıdılmış mülki obyektlərin görüntüləri də yayılır.

“Ermənilərin yaydığı saxta görüntülər Azərbaycanı şantaj etmək üçündür”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Abzas Media-ya deyib ki, Azərbaycan ordusunun mülki əhaliyə və infrastruktura zərər verməsindən söhbət gedə bilməz.

Onun sözlərinə görə, mediada yayılan görüntülər saxtadır və Azərbaycana qarşı şantaj məqsədi güdür.

“Ermənilərin yaydığı görüntülər Azərbaycanı şantaj etmək üçündür və yalançı görüntülərdir. Necə ki, 44 günlük müharibədən sonra ifşa etdik ki, hansı görüntü haradan əldə olunub, harada gedib, bunlar da ifşa ediləcək. Azərbaycan heç bir zaman sivil hədəflərə qarşı əməliyyat keçirmir. Əgər biz 44 günlük müharibədə belə dəqiq silahlarla yalnız hərbi hədəfləri nişan alırdıqsa, əlbəttə ki, bugünki şərtlərdə, daha kiçik miqyasda aparılan əməliyyatlarda daha həssas davranırıq”, – deyə o, bildirib.

H.Babaoğlu həmçinin qeyd edib ki, “lokal antiterror əməliyyatlarının” məqsədi sülh əldə etməkdir. Onun sözlərinə görə, Azərbaycan ərazisində olan erməni hərbi birləşmələri sülhə mane olurdular.

“Silahlı birləşmələr oradan çıxarıldıqdan sonra, Azərbaycanın digər ərazilərində olduğu kimi, Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda da Azərbaycanın yerli idarəetmə formaları tətbiq olunacaq, bütün hökumət və dövlət strukturlarının yerli nümayəndəlikləri yaradılacaq”, – deyə o, əlavə edib.

“Azərbaycanın suverenliyi bərpa olunacaq və qanunlar orada da işləyəcək”

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov da hesab edir ki, mülki infrastruktura zərbələrin endirilməsi ilə bağlı məsələyə inanmaq hələ tezdir. Onun sözlərinə görə, Azərbaycanın yerli strukturlarının fəaliyyəti o bögələrdə təmin olunanda, bu məsələlər yoxlanılmalıdır.

“Ermənilər min dənə söz deyirlər, onlara inanmaq olmaz axı. Qoşunlar çıxan kimi, yəqin ki, Daxili İşlər Nazirliyi çərçivəsində orada mülki məsələlərə baxılacaq.

Elə vəziyyət yaranmışdı ki, Azərbaycan bu əməliyyatlara başlamağa məcbur oldu. Artıq saat 12-də Azərbaycanın şərtləri qəbul edildi, silahlı birləşmələr oradan çıxarılacaqlar və Yevlaxda danışıqlar olacaq. Birmənalı olaraq Azərbaycanın konstitusion quruluşu o bölgələrdə də bərpa olunacaq və orada Azərbaycanın dövlət sturukturlarının fəaliyyəti təmin ediləcək. Azərbaycanın suverenliyi bərpa olunacaq və qanunlar orada da işləyəcək”, – deyə Elmar Məmmədyarov bildirib.

“Əsas məsələ odur ki, Rusiya Qarabağı tərk edəcək, ya yox?”

Siyasətçi Azər Qasımlı deyir ki, hərbi əməliyyatlar zamanı hansısa dağıntıların olması normaldır, bu, o demək deyil ki, bilərəkdən edilir. Onun sözlərinə görə, əgər ortada ciddi faktlar olsa, hamı bundan danışardı:

“Mən onu gördüm ki, əməliyyat çox titizliklə aparılır ki, sivil şəxslərə zərər dəyməsin. Piyadaların hansısa ərazilərə girdiyini görməmişik. Mən də bəzi kadrlar gördüm, biri dağıdılmış ev idi, bir-iki də maşın vardı. Amma onları da bilmək olmur hansı şəraitdə olub. Əgər ciddi bir şeylər olsa, dünyada da hamı bundan danışardı”, – deyə o, bildirib.

A.Qasımlı deyir ki, Rusiyanın istəyi, razılığı olmasa, orada heç bir əməliyyat olmayacaqdı. Onun fikrincə, əsas məsələ odur ki, Rusiya Qarabağı tərk edəcək, ya yox?

“Əsas strateji hədəf bu olmalıdır. Sabahkı görüşdə separatçı rejim özünü buraxsa, Azərbaycanın dövlət qurumlarının fəaliyyəti Xankəndidə bərpa olunsa, bunu uğur hesab edə bilərik. Bundan sonra rusların çıxarılması məsələsidir. Bu, həll olunmasa, Qarabağ məsələsində son nöqtənin qoyulduğunu deyə bilmərik”, – siyasətçi hesab edir.

Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.

Rəsmi məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrində əvvəlcə AAYDA-nın iki əməkdaşının - Fərhad Quliyev və Samir Sadıxovun olduğu avtomobil minaya düşüb və onlar həlak olublar.

Daha sonra polis əməkdaşları həmin əraziyə gəldikləri zaman onların da avtomobili minaya düşüb.

Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror” tədbirlərinə başlanılıb.

Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib.

Sentyabrın 20-də tərəflər hərbi əməliyyatların dayandırılması və bir gün sonra Yevlaxda görüşməklə bağlı razılığa gəliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.