Kreml ölkə mediasından Qarabağdakı son olayları necə işıqlandırmağı tələb edib?.. - İLGİNC TƏLİMAT...

21-09-2023, 11:58           
Kreml ölkə mediasından Qarabağdakı son olayları necə işıqlandırmağı tələb edib?.. - İLGİNC TƏLİMAT...
“Prezident administrasiyası mediaya Rusiya “sülhməramlı”larının statusunu “müşahidəçi” kimi təsvir etməyi də tövsiyə edir, hökumətyönlü media əməkdaşlarına isə “sülhməramlı”ların hərbi əməliyyatlar zamanı “mülki əhalinin təxliyəsində” göstərdiyi yardım barədə məlumat yaymaq haqda göstəriş verilib...”

Sentyabrın 19-da axşam Rusiya Federasiyasının prezident administrasiyasının dövlət və Kremlə sadiq KİV əməkdaşlarına Azərbaycanın Qarabağın dağlıq hissəsində apadığı antiterror əməliyyatlarını necə işıqlandırmaq haqda təlimat göndərib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, həmin təlimatı Rusiyanın müxalif “Meduza” nəşri öz gizli mənbələri vasitəsilə əldə edib.
Kreml təlimatında mediaya Qarabağın dağlıq hissəsində münaqişənin kəskinləşməsinə görə Ermənistanı və Qərb dövlətlərini ittiham etmək tövsiyə olunur.

“Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıması” faktı vurğulanmalıdır və bu tezisin təsdiqi kimi Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın 2022-ci ilin oktyabrında verdiyi bəyanatlara istinadı tövsiyə edir. Lakin o zaman Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev birbaşa olaraq yalnız ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən danışıblar.

Təlimatın mətnində deyilir:

“Çox güman ki, Ermənistanın baş nazirini bu bəyanatı verməyə onun qərbli “tərəfdaşları” sövq edib ki, bunun nəticələrinə görə onlar bütün məsuliyyəti Paşinyanla bölüşməlidirlər. Qarabağın statusunu kökündən dəyişdirən Ermənistan rəhbərliyinin qərarı Azərbaycanın hərəkətə keçməsi üçün siqnal oldu. İndi Bakı Dağlıq(keçmiş-S.L.) Qarabağdakı münaqişəni özünün daxili münaqişəsi kimi qəbul edir”.

Kreml mediaya Rusiya “sülhməramlı”larının statusunu “müşahidəçi” kimi təsvir etməyi də tövsiyə edir, hökumətyönlü media əməkdaşlarına isə “sülhməramlı”ların hərbi əməliyyatlar zamanı “mülki əhalinin təxliyəsində” göstərdiyi yardım barədə məlumat yaymaq haqda göstəriş verilib. Ayrıca, təlimatı tərtib edənlər ermənilərin Rusiya “sülhməramlı” kontingentinin bazasında yerləşən pravoslav kilsəsində “sığınacaq” tapdıqlarını vurğulamağı da məsləhət görür.

Müxalif Rusiya nəşri qeyd edir ki, Kremlin bəhs edilən tezisləri artıq “Komsomolskaya Pravda”nın materiallarında yer alıb.
“Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın olması ilə razılaşır”. “Erməni xalqı istərdi ki, Qarabağda sülh, Ermənistanda firavanlıq olsun. İrəvan hökuməti siyasi addımlarına görə Qarabağdan lazımsız yük kimi xilas olmaq və Qərbə yelkən açmağı xəyal edir”- deyə Rusiya qəzeti bildirir.

Lenta.ru-nun son məqalələrindən birində deyilir: “Qarabağ məsələsi əslində Azərbaycanın daxili məsələsinə çevrilir”…

P.S….












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.