Sərkisyanın müsahibəsi: Ermənilər Qarabağdan əlini üzdü

15-07-2016, 09:05           
Sərkisyanın müsahibəsi: Ermənilər Qarabağdan əlini üzdü
Serj Sərkisyan bir ərəb kanalına müsahibəsində heç kimin Dağlıq Qarabağ xalqını Azərbaycanın tərkibində qalmağa məcbur edə bilməyəcəyini söyləyib. Lakin o bu deyimində qeyd-şərt etməyi də unutmayıb. Ermənistan prezidenti bildirib ki, dünya dövlətləri bu məsələni zor yolu ilə həll edə bilər. Erməni analitiklərini xoflandıran da elə bu cümlə olub. Erməni təhlilçilər Sarkisyanın Qarabağ məsələsinin zorla həll ediləcəyinə ilk dəfə işarə vurduqlarını qeyd ediblər.

Musavat.com məsələ ilə bağlı erməni saytlarına istinadən Ermənistan siyasətçilərinin və politoloqlarının fikrilərindən bəzilərini Azərbaycan ictimaiyyətinə çatdırır.

Erməni analitiki Akop Badalyan həmişə olduğu kimi öz-özünə suallar verərək məsələ barəsində baş sındırmağa çalışıb.

Bu nədir? - “Azərbaycan və Ermənistan cəmiyyətlərinə, güzəşt edilməməsi halında onları gözləyəcək təhlükəyə işarədir yoxsa?..” “...Sərkisyan indi vasitəçiləri ona deyil, Qarabağ ermənilərinə təzyiq göstərməyə çağırır?” - Akop Badalyanın yazısında suallar qoyulur.

“Əgər Qafqazda olan problemlərin içərisində Qarabağ əvvəllər hər hansı vəzifənin yerinə yetirilməsində vasitə idisə, hazırda ona bir çox problemin yolunda əngəl kimi baxılır. Belə olan halda isə Ermənistan burada məsuliyyət daşıyan duruma düşəcək. Çünki Qarabağ 20 ildən çoxdur ki, onun əlindədir”, - Badalyan vurğulayır.

“Dünya yalnız bir şeyi tələb edir - qlobal proseslərə adekvat olmaq. Qarabağ ermənilərinin Azərbaycanın tərkibində qalıb-qalmamasını istəməsi dünyanın vecinə də deyil. Ermənistan tərəqqipərvər dünyadan imtina etidkcə və Avrasiya bataqlığına saplandıqca erməni əsgərinin səngərdə qalması çətinləşəcək”, - Badalyan məqaləsində yazır.

“Armenianreport.net” saytının təhlilçisi Qraçya Qalustyan isə rəsmi Bakının artıq paket deyil, mərhələləli varianta üstünlük verdiyini vuğrulayır:

“Budur onlar artıq danışıqlarda yalnız irəliləmədən danışırlar. Diqqət edin, aprel ayından sonra azad olunan torpaqlardan yox, məhz irəliləmədən. Onlar isə irəliləyiş deyərkən ancaq bir məsələni nəzərdə tutublar - bütün torpaqların azad edilməsi və Dağlıq Qarabağın Azərbaycana qaytarılması. Təəssüf ki, Ermənistan indiki vəziyyətdə rus şantajı qarşısında olduqca gücsüz görünür. Biz Rusiyadan həm siyasi, həm də iqtisadi olaraq çox asılıyıq. Üstəlik, Rusiya bizi hər hansı manevrdən məhrum edib”.

Ermənistanın Azad Demokratlar Partiyasının sədr müavini Anuş Sedrakyan dünya gündəminin Qarabağ məsələsi üzərində fokuslaşmasını bölgənin gərgin vəziyyətdə olmasının təzahürü olaraq qiymətləndirib.

Anuş Sedrakyan Rusiya və Türkiyə arasında münasibətlərin əvvəlki dövrlərdən daha artıq yaxşılaşdığını bildirərək, “qarğa qarğanın gözünü deşmir” məsəlinin burada lap yerində olduğunu söyləyib.

Anuş Sedrakyan Con Kerrinin Moskvaya gözlənilən səfərində Qarabağ münaqişəsinin müzakirəyə çıxarılmasını problemin hansı mühüm nöqtəyə gəldiyini göstərdiyini bildirib.

Erməni siyasətçi Vyana razılaşmalarında təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin qurulmasının nəzərdə tutulmasına rəğmən, Sankt-Peterburq görüşündən sonra kimsənin bu barədə bir söz demədiyini qeyd edib:

“Sankt-Peterburq görüşündən sonra Əliyevin səsi 5 dəfə yüksəlib və daha döyüşkən xarakter alıb”.

Erməni jurnalist və politoloq Aykazn Qaqriqyan isə son hadisələrin fonunda Azərbaycan ordusu tərəfindən keçirilən hərbi təlimlərə diqqət çəkib.

Qaqriqyan Putinin Bakıya gözlənilən səfərində Qarabağ məsələsinin Rusiya planı üzrə həll olunmamasını və Azərbaycana silah satışının davam etdirilməsi ilə bağlı müzakirələrin aparılacağını vurğulayıb.

Qaqriqyan Rusiyanın Ermənistan ordusunun potensialını azaltmaq istədiyini iddia edib.

Onun fikrincə, Rusiya və Ermənistan arasında imzalanan hava hücumundan müdafiə üzrə vahid sistemin yaradılması haqqında sazişin Qarabağ səmasına aid edilməməsi bunu aşkar surətdə sübut edir.

“Rusiya “erməni” (?!) səmasını Azərbaycanın üzünə açıb. Qarabağ münaqişəsinin bir çoxlarının dediyi kimi, həlli yoxdur. Əslinə qalsa, o, çoxdan həll olunub. “Nizamasalma prosesi” isə cəmiyyətə təsir göstərmək üçün istifadə edilən böyük blefdən, psixoloji faktordan başqa bir şey deyil. Məsələ cəmiyyətin buna necə reaksiya göstərəcəyindədir. Erməni cəmiyyəti üçün isə blef reallıqdan daha böyük əhəmiyyət kəsb edir. Amma bu gerçəklikdən qaçmaq lazım deyil”, - deyə erməni politoloq ermənilərin Qarabağda döyüşərək öz mənafelərinin özləri tərəfindən qorunmasının vacibliyini vurğulayıb.

“Azərbaycan 4 günlük Aprel müharibəsi sayəsində Qarabağ məsələsini yenidən dünya gündəminə qaytardı. İndi biz Suriya və Ukrayna ilə eyni səviyyədə dayanmışıq. NATO sammitindən çıxan qərarlar də elə bunu göstərdi”, - deyə Qloballaşma və regional əməkdaşlıq analitik mərkəzinin direktoru Stepan Qriqoryan bir erməni saytına müsahibədə bildirib.

Stepan Qriqoryan Qərb və Rusiya arasında müxtəlif nizamasalma metodları və həll yollarının mövcud oldğunu bildirib. Qriqoryan Vyana danışıqlarında Ermənistanın bölgədə status-kvonu saxlamaq üçün əlinə fürsət düşdüyünü, lakin Sankt-Peterburqda bunu əlindən qaçırdığını düşünür.

Qriqoryan bölgədə nəzarət mexanizmlərinin yerləşdiriməsi ilə bağlı Qərbin planının Ermənistana daha çox sərf etdiyni, Rusiyanın isə bu planı pozduğunu bildirib.

“Harada Rusiya varsa, bizi təhdidlər və ərazi güzəştləri gözləyir. Rusiyanın məqsədi birdir - Azərbaycanı Avrasiya meydanına çəkmək və Azərbaycan neft və qazının Rusiyadan keçməsini təmin etmək”, - Qriqoryanın müsahibəsində qeyd edilir.

Qriqoryan Qarabağ məsləsində erməni cəmiyyətinin şəffaf şəkldə məlumatlandırılmasının vacib olduğu söyləyib:

“Rusiya ciddi dövlətdir, bir şeyi başına qoydumu, buna tab gətirmək çətin olacaq. Buna görə də hakimiyyət xalqın qarşısında açıq olmalıdr. Əgər bizə hansısa variantlar təklif olunarsa, hakimiyyət cəmiyyətin nəyə icazə verməyəcəyini başqalarına göstərməlidir. Bizim Rusiyaya peşkəş etmədiyimiz heç nə qalmayıb. Arada təəccüblənirəm ki, Əliyev Sərkisyanla niyə görüşür. Yəqin ki, sadəcə, jest edir. Əgər hər şeyimizi Rusiyaya vermişiksə, onda Sərkisyana nə ehtiyac var. Bütün məsələlər elə Azərbaycan və Rusiya arasında dialoq zamanı həll olunur”.

Qriqoryan Rusiyanın nəzarətində olmayan tək şeyin ordu və cəmiyyət olduğunu vurğulayaraq, əlavə edib ki, erməni cəmiyyəti ciddi proseslərə və hadisələrə hazırlaşmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.