Türk yazardan qiyamla bağlı sensasion iddialar:"Bu, ordudakı Avrasiyaçıların NATOçuları təmizləmə əməliyyatıdır"
18-07-2016, 09:52
Bir müddət polis orqanlarında işləyən, sonra qələmə sarılıb özünü ölkəsinin dərdini dilə gətirməyə həsr edən məşhur Türkiyəli yazar Emre Uslu iki gün öncə qardaş ölkədə baş vermiş hərbi qiyam barədə maraqlı mülahizələr irəli sürüb. Yazarın analizlərindən belə anlaşılır ki, baş verənlər qiyamdan daha çox, türk hərbçilərinə qurulmuş tələdir.
Emre Usluya görə, tələnin bir neçə məqsədi ola bilər: Mümkündür ki, Avrasiyaçı hərbçilər NATO-çu həmkarlarından "Ergenekon əməliyyatı"nın qisasını alırlar. Yaxud o da mümkündür ki, 2010-cü ildə Norveçin Oslo şəhərində Türkiyə MİT-iylə PKK arasındakı bağlanmış sazişin tələbləri həyata keçirilir.
Müəllifin fikrincə, həmin sazişdə Türkiyənin cənub-şərqində əməliyyatlar keçirən hərbçilərin müharibə suçlusu kimi mühakiməsi nəzərdə tutulubmuş. Türkiyə hökuməti bu öhdəliyini başqa cür həyata keçirə bilmədiyinə görə, saxta bir çevrilişə ehtiyac duyurmuş.
Yazarın “Qələmi asıram… Xoşca qalın” sərlövhəli məqaləsində başqa maraqlı iddia və mülahizələr də irəli sürülüb. Maraqlı olduğunu nəzərə alıb, məqaləni kiçik ixtisarlarla Strateq.az oxucularına təqdim edirik:
“…Tam Ərdoğan diktatorluğu beynəlxalq sahədə yalnızlaşdığı, İŞİD və rüşvət iddiaları ilə beynəlxalq məhkəmələrə düşdüyü, korrupsioner nazirlər və ətrafları dünyanı dolaşa bilməz olduğu, yalnızlığını aradan qaldırmaq üçün Putin Rusiyasından İsrailə qədər bir çox ölkələr qarşısında dünən dediklərini bu gün yeməyə başladığı, müxalifət mənəvi üstünlüyü ələ keçirdiyi, antidemokratik AKP iqtidarını əxlaq və mənəvi baxımından küncə sıxışdırdığı bir vaxtda bu cür axmaq qiyama qalxan alçaq asilər, hər şeydən əvvəl, bizim legitim mübarizəmizə zərbə vurdular. Bu çevriliş cəhdindən sonra, təəssüf ki, legitim MÜBARİZƏ bitdi. Bundan sonra AKP ilə mübarizə aparan kim varsa, qiyamçılara dəstək verməkdə günahlandırılacaq və ya bu mövqeyə gətiriləcək.
Bir tərəfdən xeyli səmimi, fədakarcasına aparılan bir mübarizə və bu mübarizəyə axmaq və vəhşicəsinə zərbə vuran qiyamçılar, o biri tərəfdən əmr qulu Məhmətciyi BOĞAZ körpüsündə BOĞAZLAYAN İŞİD başlı qatillər! Bu millətə, bu sistemə kim nə izah edə, hansı legitim mübarizə apara bilər?!
"Gülən camaatı"ndan kiminlə danışsam, çox çaşmış, çox hirsli, çox kədərli görürəm. Tam beynəlxalq sahədə günahsız və məzlum bir quruluş kimi özünü təsdiqləmişkən, vəhşicəsinə çevriliş cəhdi ən çox camaat çevrəsinə zərər vurmaq üçün həyata keçirildi. "Bu zərbə Ərdoğana deyil, camaata vuruldu" deyirlər və haqlıdırlar.
Qiyamın üzərindən 24 saat keçmədən 3000-dən çox yüksəkrütbəli hərbçi – ki, əksəriyyəti zabit idi, – həbs olundu. Bu fakt hökumətin qiyam cəhdindən və ya belə bir “təmizlik” planından əvvəlcədən xəbərdar olduğunu göstərir. Bəkir Bozdağın açıqlamasına görə, məhbus sayı 6000-i keçəcək kimi görünür.
Ordunun içində bu qədər çox nurçu zabitin olduğuna kimsə inanmır. Mən də inanmıram. Nurçuların ağırlıqda olduğu polis sistemində belə, “təmizlənən” rütbəli kadrların sayı 2000-i keçməmişdi. Polis orqanlarındakı nurçu rütbəlilərin 2000 adam olmadığını düşünsək, bu qədər çox zabitin camaatçi olduğuna inanmaram, mümkün deyil.
Dünyanın heç bir yerində bu qədər böyük xuntaçı olmaz. Xuntalar, 60-cı illərin qiyamından çox yaxşı bildiyimiz kimi, dar dairədə, çox kiçik zabitlər qrupundan ibarət olurlar.
Bu qiyam cəhdində bu qədər çox sayda zabit iştirak etmişsə, deməli, o, yuxarıdan aşağıya, ən yüksək rəhbərliyin belə, məlumatı və razılığı olmadan yarana bilməz.
Anladığım qədər, bu qiyam planı ordu komandirləri daxil, bütün hərbi rəhbərliyin məlumatı və razılığı daxilində təşkil edildi. Ancaq son anda, bəlkə, kəşfiyyat məlumatı nəticəsində rəhbərlikdəki bəzi zabitlər qiyam cəhdindən imtina etdilər. Ya da zabitlər öz köməkçilərini bilərək satdı, onları tələyə saldılar. Qiyamçılar onsuz da yola çıxıb, hərəkata başladıqları, ortada Whatsapp yazışmaları daxil, bir çox dəlillərin olduğu və cinayətləri gizlətmələri imkansız hala gəldiyi üçün komandirlərin onları satmalarına baxmayaraq, bu cür axmaq və naşı bir işə girişdilər.
Bəlkə də asilər elə buna görə, son anda onları satan komandirlərini girov götürərək, qiyama başladılar.
Məhz bu nöqtədə mən çevriliş edənlərin şəxsən öz komandirləri tərəfindən tələyə salındığını düşünürəm. Məhkəmə prosesində ordu komandirləri, hətta Baş Qərargah rəisinin də qiyamdan məlumatlı olduğu və buna razılıq verdiyi ortaya çıxarsa, heç təəccüblənmərəm.
MİT-in bu qədər böyük qrupun, həm də Whatsappla yazışaraq qiyam təşkil edən bir xuntanın varlığından xəbərdar olmaması mümkün deyil! MİT-i demirəm, dünyanın ən bərbad kəşfiyyat təşkilatı belə, bu qədər böyük bir qruplaşmadan mütləq xəbərdar olardı. O halda niyə müdaxilə edib, ölümlərin qarşısını almaq istəmədilər?
Aydındır ki, qiyam planı çox yüksək dairələrdə hazırlandı, sonra komandirləri arxalarından çəkilincə, əsgərlər kəklik kimi ovlandılar və ordudakı NATO-çu olaraq bilinən Qərb tərəfdarları “təmizləndi”. AVRASİYAÇI olaraq bilinən ERGENEKONÇU zabitlər digərlərini bir hərəkətlə ortadan götürdülər.
Qiyamın bitməsinə baxmayaraq, hökumətin “Təhlükə hələ keçmədi” deyə insanları küçədə tutmasının səbəbi ordu içindəki bu yarılmadan qaynaqlana bilərdi.
Və ən əhəmiyyətli şübhə: Bu qiyam tələsi Osloda verilən sözlərin yerinə yetirilməsi üçün qurulmuşdu. Xatırlayırsınızsa, Oslo razılaşmasından xəbərdar olan bir qaynağıma istinadən, 2013-ci ildə bir məlumat paylaşmışdıq: PKK və vasitəçisi İngiltərə ilə əldə olunan bir anlaşmaya görə, bölgədə döyüşən əsgərlər savaş suçlusu olaraq mühakimə olunacaqlar!
Qiyam cəhdindən sonra istər cənub-şərqdə döyüşən əsgərlərin, istərsə də onların komandiri 2-ci Ordu komandanının həbsə atılması mənə Osloda VERİLƏN SÖZÜ xatırlatdı.
Cənub-şərqdə döyüşən əsgərlərin başqa cür mühakiməsi mümkün olmadığına görə, qiyam tələsinə çəkilərək, Osloda verilən sözmü yerinə yetirilir?
Əgər yaxın zamanlarda PKK ilə həll prosesinə yenidən qayıdılarsa, qəti qənaətə gələcəyəm ki, bu qiyam cəhdi Osloda verilən sözlərin yerinə yetirilməsinə görə qurulmuş bir hiylədir. Sadəlövh qiyamçılar da bu tələyə düşüb kəklik kimi ovlandılar. İndi onlar qiyamçı kimi mühakimə olunurlar, ömür boyu həbslərdə çürüyəcəklər, amma əsl səbəb Osloda verilən sözlər olacaq.
Müxalifət bunu anlayanda, ölkədə padşahlıq elan edilmiş olacaq. Onsuz da ortada adam kimi müxalifət olsa nə qiyam olardı, nə də Ərdoğan indiki qədər rahat ölkəni xaosa sürükləyərdi".
Strateq.az