İran İrəvanı tranzit ölkə edə bilərmi?
20-07-2016, 18:57
İran qazının Ermənistan və Gürcüstan vasitəsilə Avropaya çıxarılması inandırıcı görünmür.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində gürcü ekspert Gela Vasadze paylaşıb.
Onun sözlərinə görə, İranın əsas qaz yatağı olan Cənubi Pars Gürcüstandan çox uzaqda yerləşir:
“İran ölkənin şimalında da ehtiyatlara malikdir, amma bu yataqların işlənməsi ciddi investisiyalar tələb edir. Ermənistandan keçən kəmərlər “Qazprom”a məxsusdur. Ona görə də bu gün qazın Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya daşınması daha məntiqlidir. Bu, həm də onun üçün məntiqlidir ki, bu layihə ilə İran “Qazprom”la rəqabətə girmiş olacaq. Bundan başqa, İran bir neçə on kilometr vasitəsilə öz qazını Türkiyədəki kəmərlərə çatdıra bilər. Əgər siyasi və digər səbəblərdən Tehranda Türkiyə variantı qəbul olunmazsa, o zaman Gürcüstan, Rumıniya və Bolqarıstanda yeni zavodlar tikməli olacaq. Ümumiyyətlə, belə bir proyekt yalnız üç böyük oyunçunun icrası ilə reallaşa bilər. Bunlar ABŞ, Avropa Birliyi və Çindir”.
Qeyd edək ki, bir müddət öncə İran mətbuatına açıqlamasında ölkənin qaz ixracı üzrə milli kompaniyasının sədri Əlirza Kameli İran qazının, tezliklə, Ermənistan vasitəsilə Gürcüstana, oradan da Bolqarıstana çatacağını bəyan edib.