17-ci Ramşteyn sammitinin nəticələri: Prioritet mövzu Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək olub

23-11-2023, 10:59           
17-ci Ramşteyn sammitinin nəticələri: Prioritet mövzu Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək olub
Çərşənbə günü, noyabrın 22-də Almaniyanın Ramşteyn şəhərində NATO ölkələrinin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 17-ci iclası başa çatıb.

Ovqat.com-un məlumatına görə, görüş onlayn formatında keçirilib.

Görüşdən sonra tərəflər hava hücumundan müdafiə koalisiyasının yaradılması, Ukraynaya yeni IRIS-T sistemlərinə aid sursatlarin verilməsi, kibertəhlükəsizlik və milyardlarla avro dəyərində hərbi dəstək haqqında razılığa gəliblər.

Dünənki görüşdə qəbul olunan qərarlar:

Yeni yerüstü hava hücumundan müdafiə koalisiyası yaradıldı. Ona 20 ölkə (Yerüstü Hava Hücumundan Müdafiə) qoşuldu, liderlər Almaniya və Fransadır.
Almaniya müdafiə nazirinin dünən Ukraynaya səfəri nəticəsində artıq 1,4 milyard dollar yardım göstərilib - bura idarə olunan raketləri olan IRIS-T sistemləri, 8 min yeni tank əleyhinə mina, 1 ədəd Patriot sistemi kompleksi, əlavə 155 mm-lik artilleriya daxildir. Vəd edilən sursatların hamısı dekabrın ortalarına qədər ünvanına çatdırılacaq.
Hollandiya Ukraynaya hərbi yardım üçün 2 milyard avro ayırıb.
Koalisiyaya Estoniya rəhbərlik edəcək. Bu ölkə Lüksemburqun 10 milyon avroluq öhdəliyinə əlavə olaraq, koalisiyada iştirak üçün yarım milyon dollar maliyyə ayıracaq.
Böyük Britaniya və Norveç Dəniz Koalisiyası çərçivəsində Qara dənizdə təhlükəsizliyi gücləndirmək yollarını axtaracaqlar.

Göründüyü kimi, toplantının prioritet mövzusu Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək olub. Bu isə o deməkdir ki, Ukrayna artıq əks hücum əməliyyatlarını dayandıracaq və özünü müdafiəyə daha çox diqqət ayıracaq.

Ukraynanın Müdafiə naziri Rüstəm Umerov 17-ci Ramşteyn görüşünun nəticələri barədə nazirliyin rəsmi Telegram səhifəsində məlumat paylaşıb. Məlumatda qeyd edilir ki, Ukraynaya verilməsi nəzərdə tutulan “əsas yardım paketi” sonuncu olmayacaq.

Rüstəm Umerov Ramşteyn toplantısında çıxış edərək deyib: “Ukraynaya verilən hər bir sursat düşmən qalasını məhv etmək üçün fürsətdir”.

O, həmçinin Ukraynanın beynəlxalq tərəfdaşlarına daimi dəstəklərinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələrinə verilən hər bir silah ölkənin rus işğalçılarına qarşı müqavimət qabiliyyətini gücləndirəcək və hərbçilər Ukrayna ərazilərini daha uğurla azad edə biləcəklər.

“Ukraynanın qələbəsi diktaturalara açıq siqnal olacaq. Bu, təcavüz cinayətinin cəzalandırılacağına işarədir”, - Rüstəm Umerov bildirib.

Maraqlıdır ki, sonuncu Ramşteyn görüşündə Ukraynaya hərbi yardım göndərəcək siyahısında ABŞ-ın adı çəkilmir. Görünən budur ki, Vaşinqton Ukraynanı maliyyələşdirmək niyyətində deyil. Halbuki bu zamanadək Ukraynaya ən ciddi hərbi dəstək ABŞ tərəfindən verilirdi. ABŞ Konqresində son zamanlar Ukraynaya yardım barədə mövqelərin haçalanması fonunda bu qərar olduqca məntiqli görünür. Çünki xüsusilə respublikaçılar Ukraynaya hərbi yardımların dayandırılmasını açıq şəkildə dilə gətirir, Co Bayden hakimiyyətini israfçılıqda ittiham edirlər.

Sirr deyil ki, ABŞ və bəzi Qərb dövlətlərinin Ukraynaya yardımı azaltmasında ayrılan vəsaitlərin korrupsiya yolu ilə talanması barədə iddialar da mühüm rol oynayıb. Ukrayna tərəfi bu iddiaları təsdiqləyən faktlar ortaya çıxınca məcburiyyət qarşısında qalıb keçmiş Müdafiə naziri Oleksey Reznikov başda olmaqla, əksər hərbi rəhbərliyi istefaya göndərdi. Krım tatarı əsilli Rüstəm Umerov da bu kadr dəyişikliyi nəticəsində indiki vəzifəyə təyin olundu.

Onun dünənki toplantıdakı çıxışına da Ukrayna Müdafiə Nazirliyi üzərində formalaşmış korrupsiya iddialarını çürütmək səyləri öz damğasını vurub. Umerov tərəfdaş ölkələrin müdafiə nazirlərini Ukraynaya rəsmi səfərə dəvət edib. Deyib ki, nazirlər bu səfər çərçivəsində Ukraynaya verilən yardımlardan səmərəli istifadə olunduğunu, müharibənin bitəcəyi günü yaxınlaşdırdığını öz gözləri ilə görə biləcəklər.

Nazir əlavə edib ki, Ukrayna hökuməti güclü hərbi sənaye kompleksinin yaradılması üzərində işləyir. O, hərbi-sənaye kompleksinin genişləndirilməsi üçün beynəlxalq tərəfdaşları bu prosesə cəlb edəcək.

Xatırladaq ki, dünən, noyabrın 22-də Ukraynaya dəstək üçün silah koalisiyasının onlayn iclası keçirilib. On yeddinci Ramşteyn sammitinin iştirakçıları Ukraynaya silah tədarükündə əsas prioritetinin hava hücumundan müdafiə sistemləri olduğunu müəyyənləşdiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.