Qərb dövlətləri İsrailin Qəzzada “bufer zona” planından narahatdırlar – “Haaretz”

5-12-2023, 09:08           
Qərb dövlətləri İsrailin Qəzzada “bufer zona” planından narahatdırlar – “Haaretz”
Qərb dövlətləri İsrailin terror hücumlarının qarşısını almaq üçün Qəzza zolağının daxilində bufer zonası yaratmaq planından narahatdırlar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə İsrailin «Haaretz» nəşri yazıb.

Nəşrin məlumatına görə, Qərb dövlətləri bu planı dəstəkləyib-dəstəkləməməyi müzakirə edir və deyirlər ki, onlara İsrailin bu bölgəni nə qədər müddətə saxlamaq istədiyi və ya orada uzunmüddətli hərbi mövcudluğu planlaşdırıb-planlaşdırmadığına dair heç bir məlumat verilməyib.

Vəziyyətlə tanış olan diplomat «Haaretz»ə deyib ki, Qərb dövlətləri bufer zonasının daimi olacağından narahatdırlar. Son bir neçə gün ərzində İsrail bir neçə Qərb hökumətini müharibə başa çatdıqdan sonra Qəzza zolağında zona yaratmaq planları barədə məlumatlandırıb. Danışıqlara yaxın olan diplomatik mənbə hər hansı təfərrüatlı planın olmadığını bildirib.

“İsraillilərə bununla bağlı konkret suallar verildikdə məlum olur ki, onların özlərinin hələ cavabları yoxdur”, — deyə mənbə izah edib.

“Onlar bufer zonasının nə qədər dərin olacağını, onu necə dəqiq tətbiq edəcəklərini və nə qədər davam edəcəyini bilmirlər. Problem ondadır ki, bütün bu sualların cavabını bilməliyik ki, onu dəstəkləyib-dəstəkləməyəcəyimizə qərar verək”, — deyə mənbə qeyd edib.

Müzakirələrdə iştirak edən diplomatlar bildiriblər ki, prinsipcə Qərb dövlətlərinin əksəriyyəti İsrailin hansısa bufer zonası yaratmalı olduğunu başa düşür, lakin Qəzza zolağında yeni idarəetmə sistemi qurulana qədər bunu müvəqqəti həll yolu kimi görür. Onlar bufer zonasının daimi olmasına qarşıdırlar.

Başqa bir diplomat bufer zona planını bəzi İsrail hökumət rəsmilərinin Qəzza zolağında yaşayış məntəqələrini bərpa etmək çağırışları ilə əlaqələndirib.

“Əgər hər kəs bunun müvəqqəti hərbi həll olduğuna əmin olsaydı, ona dəstək qazanmaq daha asan olardı. Amma biz İsraildən dəqiq cavab almırıq, bu da bu addımın arxasında nəyin dayandığına dair narahatlıq yaradır”, - deyə o, izah edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.