2003-cü il 15 oktyabr tarixi tarixinə düşdü
10-10-2024, 10:28
15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verərək Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına yenidən etimad göstəmiş oldular.
Sonrakı tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu göstərdi ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib. Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, şəxsi nüfuzu, qətiyyətli və milli maraqlara söykənən siyasəti öz müsbət nəticələrini verdi. Siyasi, iqtisadi imkanlarımız daha da genişləndi. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət strategiyasının nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri möhkəmləndi. Ötən illər ərzində 2 milyondan çox iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Bölgəmizdə reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrildi. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi illərində Azərbaycanı Qafqazda söz sahibinə çevirmişdir. Bu müddət ərzində maaşlar, pensiyalar dəfələrlə artmışdır. Sosial infrastruktur inkişaf etmiş, o cümlədən məktəb, xəstəxana binaları tikilmiş, təmir edilmiş, bölgələrdə idman infrastrukturu yaradılmışdır. Eyni zamanda, Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmiş, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf etmişdir.
Tariximizə qızıl hərflərlə yazılmış zəfər tariximiz, qələbə salnaməmiz məhz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 21 illik gərgin əməyinin, müdrik və məqsədyönlü siyasətinin, peşəkar və qüdrətli ordu quruculuğu prosesinin nəticəsi idi. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu qalibiyyət ədalətin, eləcə də Ermənistan tərəfindən pozulmuş beynəlxalq hüququn təmin edilməsi idi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Artıq qürurla və fəxarətlə bəyan edirik ki, 30 illik Vətən, torpaq həsrətimizə son qoyulub, biz ata-baba yurdlarımıza qovuşmaqla yanaşı, milli qürurumuzu özümüzə qaytarmışıq.Sevindirici haldır ki, artıq həmin ərazilərimizdə quruculuq və abadlıq işləri çox böyük sürətlə davam etdirilir. 2023-cü il sentyabrın 19-da ordumuzun 24 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz suverenliyini tam təmin etdi.
Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcəkdir. Tam əminliklə demək olar ki, xalq-iqtidar birliyinin qarşılıqlı inamı sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq və müstəqil Azərbaycan yeni-yeni zəfərlərə imza atacaqdır.
Tufan Məmmədov – iqtisadçı ekspert