Prezidentin növbəti uğurlu Moskva səfəri

9-10-2024, 15:52           
Prezidentin növbəti uğurlu Moskva səfəri
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Tədbirdə çıxış edən dövlətimizin başçısı mühüm əhəmiyyətə malik bir sıra məsələlərə toxunub. İclasda bizim üçün mühüm əhəmiyyət daşıyan, böyük siyasi məqamı əks etdirən qərar qəbul edildi. Belə ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib.
"MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar", - deyə dövlətimizin başçısı öz çıxışında vurğulayıb.
Bu çox böyük əhəmiyyətə malik siyasi qərardır. Bunu ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbədən sonra işğaldan azad edilən ərazilərdə aparılan böyük bərpa-quruculuq işlərinin dəstəklənməsi kimi də qəbul etmək olar. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər.
Şura iclasında 9 May – Faşizm üzrəndə qələbənin 80 illiyinin qeyd edilməsi məsələləri müzakirə edilib. Ölkə başçımız öz çıxışında bu əlamətdar hadisəyə xüsusi yer ayırıb. Bildirilib ki, Azərbaycan Sovet İttifaqının bu müharibədə qələbəsinə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Həmin illərdə Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.
“Müharibə illərində Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martın yaradılan 416-cı Azərbaycan Taqanroq atıcı diviziyasının döyüşçüləri Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar”.
Ölkə başçısı vurğulayıb ki, “Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.
Moskvada keçirilən və Prezident İlham Əliyevin iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında dövlətimizin başçısı həm də gələn ay Azərbaycanda keçiriləcək mötəbər beynəlxalq tədbir olan COP29-la bağlı məsələlərə toxunub. Bildirib ki, iki yüzə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk”.
Ümumilikdə, Prezident İlham Əliyevin Rusiya paytaxtına növbəti səfəri, səfər çərçivəsində Rusiya Fedeyasiyası Prezidenti Vladimir Putinlə görüşləri, səfər çərçivəsində “Rossiya-1” televiziya kanalına müsahibəsi, MDB Dövlət Başçıları Şurasının iclasındaki iştirakı Azərbaycan üçün uğurla başa çatmışdır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.