Mixalkonun möhürü ilə 1 milyon mənimsəyən qadın tapılmadı - Qiyabi cəza

11-10-2024, 00:11           
Mixalkonun möhürü ilə 1 milyon mənimsəyən qadın tapılmadı - Qiyabi cəza
Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə ittiham olunan Zərifə Abbasovanın məhkəmə araşdırması yekunlaşıb.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Zərifə Abbasova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Məhkəmənin ilk iclasında da onun sərbəst mühakimə edilməsinə qərar verilmişdi.

Amma bir neçə iclas sonra xanım müttəhim məhkəmədən gizlənib. O, həbsli axtarışa verilib. Üstündən 7 ay keçməsinə baxmayaraq, yerini müəyyən etmək mümkün olmayıb.

Bugünkü prosesdə prokuror Orxan Səmədov çıxış edərək məhkəmədən qiyabi qaydada ittihamedici hökm çıxarılmasını, üzərinə həbs qoyulmuş əmlakın müsadirə edilməsini istəyib.

Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə tərkibinin qərarı ilə Z.Abbasova qiyabi olaraq 10 il 6 ay azadlıqdan məhrum edilib. Onun evi ziyanın ödənilməsinə yönləndirilmək məqsədilə müsadirə edilib.

Qeyd edək ki, mühasib işləyən Zərifə Abbasova 2017-2022-ci illər ərzində Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırmaqda, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməkdə ittiham edilir. İstintaq materiallarında yazır ki, Z.Abbasova nümayəndəliyin rəhbəri Peter Mixalko və onun müavini Zoltan Szalainin ona qarşı inamından istifadə edərək vaxtaşırı onların səlahiyyətində olan möhürləri götürərək sənədlərə möhür vurub, onların yerinə imzalar atıb. Bundan sonra o, nümayəndəliyin hesabından şəxsi avro və manat hesablarına köçürmələr edib. Öz bank kartına köçürdüyü pulları əsasən, onlayn formada şəxsi ehtiyacları üçün xərcləyib.

Z. Abbasova məhkəmədə özünü qismən təqsirli bilib. O, 983 min deyil, 50 min manat mənimsədiyini etiraf edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.