“AYNA-nın və onun rəhbərinin fəaliyyətinə baxılamlıdır, su da bir yerdə qalanda iy verir” - REAKSİYA

10-10-2024, 15:51           
“AYNA-nın və onun rəhbərinin fəaliyyətinə baxılamlıdır, su da bir yerdə qalanda iy verir” - REAKSİYA
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti uzun müddətdir ki, tənqid olunur. İstər kütləvi informasiya vasitələrində, istərsə də insanlar arasında narazılıq açıq-aydın hiss edilir. Əlbəttə, yeni yaradılan istənilən qurum fəaliyyətə başlayanda az-çox çatışmazlıqlar üzə çıxır. AYNA-nın fəaliyyəti barədə isə səslənən tənqidlərin çox ciddi əsası var. Təbii ki, ilk növbədə nəzərə almaq lazımdır ki, hər hansı qurumun fəaliyyəti ilə bağlı onun rəhbəri daha çox məsuliyyət daşıyır. Bu məsələdə də Anar Rzayev məsuliyyət daşıyır. Müəyyən qədər açıqlamalar verir, lakin aşkarlıq olmalıdır. İstənilən qurumun fəaliyyəti barədə tənqidi fikir varsa, qurumun rəhbəri, onun Mətbuat xidməti və ayrı-ayrı strukturlarda olan adamlar açıqlama verməlidirlər. Hesab edirəm, AYNA-da bu, yetərincə deyil. Buna görə də müvafiq qurumlar AYNA-nın və onun rəhbərinin fəaliyyətinə baxmalıdırlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.

“İstənilən şəxs daşıdığı vəzifəyə uyğun deyilsə, vəzifənin öhdəsindən gəlmirsə, dəyişiklik etmək lazımdır. Burada qeyri-adi nəsə yoxdur. Bizdə belədir ki, bir adam hansısa quruma təyin olunursa, uzun müddət həmin vəzifədə qalır. Su da bir yerdə qalanda iy verir. Buna görə də vəzifəni dəyişməkdən qorxmaq lazım deyil. Təbii ki, bir adamı qaralamaq, günahı bir adamın üzərində atmaq düşüncəsi də doğru olmaz. AYNA-nın fəaliyyəti ictimaiyyətin, medianın qarşısında açıq təhlil olunmalıdır, müvafiq qurumlar açıqlamalar verməlidirlər. Bundan sonra doğru qərar qəbul edilməlidir”, - deputat bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.