Azərbaycanın xarici siyasətinin növbəti Moskva uğuru - İsrafil Kərimovun yazısı

Bu gün, 09:16           
Azərbaycanın xarici siyasətinin növbəti Moskva uğuru -
Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət
nəticəsində Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də
əlaqələri daim diqqətdə saxlayır, əlaqələrimiz möhkəmlənir. Ötən illər
ərzində Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən
çoxsaylı müqavilələr, sazişlər imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və
beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin
genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev
dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə
Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası
əməkdaşlıq tənzimlənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət
Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya
Federasiyasına səfəri qarşılıqlı münasibətlərin yüksələn bir xətlə inkişafda
olduğunu göstərir. "Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin
dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra
kifayət qədər nəzərə çarpır". Bu barədə Azərbaycan Prezidenti İlham
Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib. Dövlətimizin
başçısı qeyd edib: “Müxtəlif strukturların nümayəndələri səviyyəsində
avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində
hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.
"Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir.
Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu
hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən
çox – 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa
investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də,
infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var". Bu
sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham
Əliyevlə görüşdə bildirib.
Dövlət başçılarının görüşündə bir sıra məsələlərlə yanaşı, energetika
sferasında - həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində
vəziyyət, Xəzərdə ekoloji vəziyyət və digər məsələlərə nəzər salınıb,
regional təhlükəsizlik müzakirə olunub.
İki dövlət arasında ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar
əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii
ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-
birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq
xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət
prinsiplərinə əsaslanır.
Azərbaycan – Rusiya əlaqələrindəki inkişaf digər sahələrdə olduğu
kimi elm, mədəniyyət və təhsil sahəsində də genişlənməkdədir. Bu gün
Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var.
Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox
məktəb fəaliyyət göstərir. Bakı şəhərində Azərbaycan Dövlət Rus Dram
Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali
məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva
Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Azərbaycanda ali
məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində
təhsilə maraq artır. Hər iki dövlətin liderlərinin imzaladığı bəyannamə
tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın daha da
möhkəmlənməsinə təkandır.
Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın
şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi
önəmi təsdiqləyir. "Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan
layihələr daimi diqqət və nəzarət tələb edir", - deyən Prezident bildirib ki,
gündəliyimiz kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında
Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi
tələb edir. Prezident İlham Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş
gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin
razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək
üçün daha bir yaxşı fürsətdir.
Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə
iclasında qəbul edilən və Prezident İlham Əliyev tərəfindən iclasdakı
çıxışında qeyd edilən qərar bu gün ölkəmizdə çox böyük sevinclə qaşılanıb.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın
Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət
mərkəzi elan edilib.
"MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən,
Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-
nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə
Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və
demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada
yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar", - deyə
dövlətimizin başçısı öz çıxışında vurğulayıb.
Bizim üçün sevincə səbəb olan bu xəbər öz növbəsində Ermənistanda
böyük əks-səda yaradıb, Azərbaycanın hər bir uğuruna hər zaman mənfi
reaksiya verən erməniləri hiddətləndirib. Bir sıra erməni ekspertlər,
müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət
başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini
Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq
Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Əslində burada böyük
həqiqət vardır.
Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri
dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi
möhkəm təmələ əsaslanır. Ölkələrimiz arasında əlaqələrin sürətli
inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi məqsədi ilə
tədbirlər davam etdirilir. Bu da ölkəmizin xarici siyasətinin növbəti uğuru
kimi qiymətləndirilməlidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.