Qarabağ üçün böyük fürsət ayı – yeni şans pəncərəsi...

25-07-2016, 09:44           
Qarabağ üçün böyük fürsət ayı – yeni şans pəncərəsi...
Prezidentlərin kritik avqust görüşləri: döyüşə, yoxsa dönüşə doğru?; “Müharibə, yoxsa sülh” dilemması Əliyev-Sərkisyan, Ərdoğan-Putin görüşlərində çözülə bilər; Ankara görüş öncəsi nazirlərini Moskvaya göndərir; rusiyalı analitik: “Proseslər iki ölkə arasında böyük müttəfiqlik müqaviləsinin imzalanmasına aparır”; türkiyəli siyasətçi: “NATO-nu Türkiyə parçalayacaq...” (
Bu gün Türkiyənin hökumət nümayəndə heyəti Moskvaya səfər edəcək. Xəbər verildiyi kimi, nümayəndə heyətinə baş nazirin müavini Nurəddin Canikli başçılıq edəcək. Baş nazirin müavini ilə yanaşı, Rusiya paytaxtına iqtisadiyyat, energetika və turizm nazirləri də gələcək. İki günlük səfər çərçivəsində iki ölkə nazirləri arasında enerji məsələlərinə dair ayrıca görüş keçiriləcək.

Bu səfər Rusiya-Türkiyə barışığından sonra gerçəkləşəcək ilk və böyük ziyarət olacaq və sözsüz ki, “Su 24" insidentinə görə zədələnmiş ikitərəfli iqtisadi, ticari və energetik əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq - hansı ki, bu həm Türkiyə, həm də Rusiya üçün olduqca vacibdir.

Türkiyəli nazirlərin səfərindən az sonra isə prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya yollanacaq. Avqustun ilk on günlüyündə baş tutacaq bu səfər zamanı Ərdoğan böyük fasilədən sonra ilk dəfə rusiyalı həmkarı Vladimir Putinlə bir araya gələcək. Türkiyədəki uğursuz hərbi çevrilişdən sonraya təsadüf edəcək bu ilk xarici səfər, özü də məhz Rusiyaya ediləcək ilk xarici səfər xüsusi diqqətdə olacaq və sözsüz ki, nazirlərin ziyarətinin ardınca ikitərəfli münasibətləri bir qədər də yüksək səviyyəyə qaldıracaq.

Yeri gəlmişkən, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bu arada bildirib ki, Rusiya çevrilişə cəhd zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub. Bu da Ankaranın münasibətləri daha intensivləşdirməyə hazır olması barədə Kremlə ünvanlı növbəti mühüm reveransı sayıla bilər.

***

Ərdoğan-Putin görüşünün mümkün gündəliyinə gəlincə, Türkiyədəki Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun prezidenti Mehmet Emin Erend hesab edir ki, görüşdə hərbi çevriliş cəhdi ilə bağlı müzakirə ediləcək mövzuların siyahısı daha geniş olacaq.
“Əvvəla, Ərdoğan FETÖ terror təşkilatı üzvlərinin Rusiya ərazisində olması və onların Türkiyəyə ekstradisiyası məsələsini qaldıracaq. Bundan əlavə, Suriya məsələsində prezidentlər ortaq məxrəcə gəlib birgə hərəkət planı işləməyə çalışacaqlar. İstisna deyil ki, son hadisələr fonunda, o cümlədən Kremlin ideoloqlarından biri, Avrasiya ideyasının müəllifi Aleksandr Duqinin Türkiyə səfərindən sonra Ankara-Moskva münasibətləri inkişaf edəcək ki, bu da müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə təkan olacaq” - ekspert qeyd edib.

Onun sözlərinə görə, müzakirəyə çıxarılacaq mühüm məsələlərdən biri də Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük məsələsi ola bilər. “Bəllidir ki, uğursuz çevriliş cəhdindən sonra ABŞ-ın dövlət katibi Con Kerri Türkiyədə kütləvi həbslərdən narahat olduğunu bildirib və Ankaranı demokratik prinsiplərə əməl etməyə çağırıb. Əks halda, hədələyərək bildirib ki, Türkiyə demokratik prinsipləri pozduğu üçün NATO-dakı üzvlükdən məhrum ola bilər. Türkiyə isə buna cavab olaraq yenidən ŞƏT-ə üzvlük məsələsini qaldırır” - analitik bildirib.

***

Sözsüz ki, Ərdoğan-Putin görüşü Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır və ölkəmizə təsirsiz ötüşməyəcək. Çünki Türkiyə bizim təbii-strateji müttəfiqimizdirsə, Rusiya bizə strateji tərəfdaş ölkədir. Üstəlik, son zamanlar bu iki ölkənin Qarabağ məsələsində konstruktiv əməkdaşlığa başlayacağı haqda intensiv məlumatlar yayılmaqdadır.
Bu xüsusda avqust təması Qarabağ mövzusu üçün də prinsipial əhəmiyyət kəsb edir. Hər necə olmasa, Ankara-Moskva əməkdaşlığının daha da dərinləşməsi bu konfliktin həlli üçün zəruri olan pozitiv atmosferi və əməkdaşlıq bazasını gücləndirəcək. Ərdoğan-Putin görüşündən az sonra isə avqustda Əliyev-Sərkisyan görüşü planlaşdırılır.



“Ankara və Moskva arasındakı gərginlik Türkiyənin regiona təsirlərinə mənfi təsir göstərirdi”. Bu sözləri Axar. az-a açıqlamasında politoloq Rasim Musabəyov deyib. O da Ankara-Moskva barışmasının regiondakı proseslərə, xüsusilə Qarabağ məsələsinə müsbət təsirini real sayır: “İki ölkə arasında münasibətlər yaxşı olduğu halda Rusiya, o cümlədən Türkiyə ilə danışıqlar aparılaraq Qarabağ prosesinə təsir imkanları genişləndirilir. Ona görə də Ankara-Moskva münasibətlərinin yaxşılaşmasını alqışlamaq lazımdır. Ancaq bu, bilavasitə Türkiyənin Qarabağ probleminin həllində vasitəçilik etməsinə gətirib çıxarmayacaq. Azı ona görə ki, Türkiyənin Ermənistanla öz problemləri var, üstəlik, heç diplomatik əlaqələri də yoxdur. Ancaq burada daha vacib və çox önəmli bir məqam - Türkiyənin Rusiya ilə Qarabağ münaqişəsi ilə əlaqədar çox ciddi danışıqlar aparmaq imkanı əldə etməsidir”.

***

Rusiyalı politoloq Yevgeni Mixaylov da proseslərin iki ölkə üçün pozitiv planda inkişafını mümkün sayır. 15 iyul hərbi çevriliş cəhdinin motivinə toxunan ekspert deyib: “Öncə ondan danışmaq lazımdır ki, Rusiya-Türkiyə əlaqələrinin bərpası kimə sərf etmirdi? Birmənalı şəkildə - ABŞ-a. Əgər bununla Ərdoğan orduda gülənçilərdən xilas olmağı bacarsa, o zaman baş verənlərin hamısı Ərdoğan üçün ağrılı, lakin zəruri təmizlənmə sayıla bilər”.

Politoloqun fikrincə, Ərdoğan artıq Rusiya bazarlarsız Türkiyə iqtisadiyyatının nə demək olduğunu sınaqdan çıxarıb. “Bu peyvənd indi ona uzun müddət üçün bəs edəcək. Müvafiq surətdə Rusiya ilə Türkiyənin yaxınlaşması da davam edəcək ki, bu da yekunda geniş miqyaslı müttəfiqlik müqaviləsinin imzalanmasına gətirə bilər” - analitik sonda əlavə edib.

***

Türkiyədəki solyönlü Vətən Partiyasının sədri Doğu Perinçəkin də bu mövzuda fikirləri maraqlıdır. 15 iyul hadisəsini Amerikanın tipik hərbi çevriliş cəhdinə bənzədən siyasətçinin sözlərinə görə, iyulun 15-i həm də Türkiyə üçün ikinci istiqlal savaşıdır.

“FETÖ-nün uğursuz hərbi çevriliş cəhdi ilə ABŞ-ın Türkiyədəki 60 illik hərbi xunta proyekti rəsmən çökdü. ABŞ-ın torpaqlarımızda Kürdüstan adı altında ikinci İsrail yaratmaq cəhdi ağır zərbəyə məruz qalıb. Artıq heç kim PKK-nı basdırıldığı xəndəklərdən çıxarda bilməz. Əgər bu çevriliş cəhdindən sonra Türkiyə Silahlı Qüvvələrinin etibarına zərər vurulsa, bu, Türkiyə üçün ağır nəticələrə səbəb olacaq” - partiya sədri qeyd edib.

Siyasətçinin əminliyinə görə, əgər çevriliş cəhdi uğurlu olsaydı, Türkiyə xəritəsi yenidən formalaşdırılacaqdı. “Türkiyə artıq mövqelərini dəyişir. NATO-nu Türkiyə parçalayacaq. Biz buradan ayrılıb, Asiyaya doğru gedirik. Bizim birinci ticarət ortağımız Rusiya, ikincisi isə Çindir. Enerjini İraq, İran, Azərbaycan və Rusiyadan alırıq. Biz onsuz da çoxdan asiyalı olmuşuq. Artıq Qərbə bağlanan halqalar qırılır”.

***

Sadalanan rəy və fikirlər belə bir ehtimalı gücləndirir ki, avqust ayı təkcə Türkiyə-Rusiya və Türkiyə-Qərb münasibətləri üçün deyil, Qarabağ məsələsi üçün də dönüş anı kimi tarixə düşə bilər. Gələn ay “Müharibə, yoxsa sülh” dilemmasına xeyli dərəcədə aydınlıq gətiriləcəyini gözləməyə dəyər.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.